525.Az

Bayraq günündə Kərbala və Qarabağ şəhidləri anıldı - Fotoreportaj


 

Bayraq günündə Kərbala və Qarabağ şəhidləri anıldı - <b style="color:red">Fotoreportaj</b> Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi və Qarabağ Seyid Ocaqlarının təşkilatçılığı ilə Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.

525.az-ın məlumatına görə, tədbirdən öncə Azərbaycan Respublikasının Himni səsləndirilib və Qarabağ uğrunda şəhid olanların ruhu yad edilib.

Tədbirdə çıxış edən şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu gün bayrağımızın, o cümlədən dövlət atributların qorunmasında Kərbəla şəhidlik məktəbini özünə örnək bilən Qarabağ şəhidlərinin, qazilərinin böyük rolu var. Onun sözlərinə görə, Azərbaycan gəncliyi də bu maraqdan çıxış edərək dövlətimizin qorunması və mühafizə olunmasında düzgün yol tutmalıdır:

“Təəssüflər olsun ki, Yaxın Şərqdə baş verən olaylarda terror təşkilatının tərkibində milli dönüklərimiz var.

Halbuki onlar bu gün dövlətimizin yanında olmalı və cihad yeri Qarabağ olmalıdır”.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov “Yeni Üfüq”-ün fəaliyyətinin təqdirəlayiq olduğunu deyib. Onun sözlərinə görə, komitə hər zaman bu təşkilatın gördüyü işlərə yüksək qiymət verməklə yanaşı, həm də dəstəkləyib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz bildirib ki, bayraq və şəhidlik iki böyük məna daşıyır. Onun fikrincə, cənnətdən yer üzünə gələnlər ancaq şəhidlər olacaq:

“Onlardan başqa heç kim dünyaya geri dönmək istəməz. Şəhidlər də təkrar o anı yaşamaq, millətinin qüruru olan bayrağı dalğalandırmaq üçün qayıdarlar”.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç qeyd edib ki, Azərbaycanda bu gün bir gənclik yetişir və onların doğru yolda addımlaması hər zaman diqqət mərkəzində olmalıdır. Onun fikrincə, bu gənclərin milli və mənəvi dəyərlərinə bağlı olması çox önəmlidir:

“Çünki bu gün dövlətin varlığı, uzun ömürlü olması, bayrağının uca tutlması bugünkü gəncliyin çiyinləri üzrəindədir. Əminəm ki, Azərbaycan gəncliyi məhz belə olacaq”.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, ilahiyyatçı Ağa Hacıbəyli, tarixçi alim Dilavər Əzimli, Qarabağ Qaziləri İctmai Birliyinin sədri Etimad Əsədov və digərləri iştirak ediblər.

Sonda Kərbala və Qarabağ şəhidləri üçün ehsan süfrəsi açılıb.
 





09.11.2014    çap et  çap et