525.Az

“Bir kış günü vahşeti: Hocalı”- Yeni kitab


 

“Bir kış günü vahşeti: Hocalı”- <b style="color:red"> Yeni kitab</b>

Bu yaxınlarda  Xocalı həqiqətlərini əks etdirən daha bir kitab “Bir kış günü vahşeti:Hocalı”  Türkiyə türkcəsində Ankarada (EkoAvrasya) işıq üzü görüb.

525.az-ın məlumatına görə, dünya Gənc Türk Yazarlar Birliyinin  “Azərbaycanın maddi-qeyri -maddi  irsinə qarşı erməni vandalizmi” adlı layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi  ilə ərsəyə gələn kitab 20 il əvvəl ermənilər terorçularının törətdiyi  Xocalı qətliamına işıq salmağa çalışır. Kitab Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, Qarabağ müharibəsi iştirakçısı, jurnalist Şamil Sabiroğlu və gənc jurnalist “Xalq qəzeti”ninəməkdaşı Əfsanə Bayramqızı tərəfindən qələmə alınıb.

Kitabın layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair Əkbər Qoşalı, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, professor Nizami Cəfərov,Türkiyə-Azərbaycan Parla­ment­lə­ra­ra­sı Dostluq  Qrupunun rəhbəri, professor Nejdet Ünüvar, EkoAvrasiya  Dər­nə­yi­nin­ rəhbəri Hikmət Ərən, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyatçı İbad Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin sədr müavini Mübariz  Quliyev, ATXƏM-in  (Azərbaycanlıların və Digər  Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ) rəhbəri İlham İsmayılov  nəşrin  məsləhətçiləridir.

Kitab "O Günlər Unutulmaz", "Kadim Azərbaycan-Türk Toprağı Hocalı", "Tekrarlanan Katliam Senaryoları", "Karabağda Yaşadığım Acı-Tatlı Günler", "Bir Kış Günü Faciası ve ya Hocalıda Evim Kaldı", "Dış Basında Hocalı Soykırımının Yankısı", "Hocalı Katliamı İnsanlığa Karşı İşlenmiş Cinayettir", "İlaveler", "Fotoğraflarla Hocalı"  bölümlərindən ibarətdir.

Nəşrin  ön sözünün müəllifi  EkoAvrasya Dərnəyinin rəhbəri Hikmət Eren “Bu kitab adi bir qış gününü, bir dəhşəti, sadəcə Xocalını deyil, insanlıq dramını anlatmaqdadır.  XXI yüzildə elmin, kültürün, sivilizasiyanın çatdığı son nöqtəni anladır bizlərə...” –deyərək kitabdakı faktları və məzmununu yüksək qiymətləndirib.  Kitabın müəlliflərindən biri , Xocalı qətliamını əks etdirən fotoların  sahibi Şamil Sabiroğlu Qarabağa səfəri, münaqişənin başlandığı illərdə bölgədə gərgin durumu, Xocalının blokadaya alındığı çətin günləri və erməni silahlılarının törətdiyi qətliamı necə işıqlandırdığını oxucularla bölüşür. Müharibə illərində “Səhər” qəzetinin bölgə müxbiri işləmiş Şamil Sabiroğlu kitabda həmçinin qaynar nöqtələrdə informasiya toplayan cəbhə jurnalistlərinin üzləşdikləri çətinliklərdən də söz açır. “İlk dəfə olaraq, Xocalı qətliamını əks etdirən və şəxsən çəkdiyim şəkilləri çətin də olsa, Bakıya göndərdim. Rəsmi məlumatda iki nəfərin öldüyü deyilsə də, çəkdiyim şəkillər çap olunduqdan sonra ictimaiyyət Xocalıda dəhşətli bir soyqırımın yaşandığının şahidi oldu. Həmin fotolar həyatımda çəkdiyim ən dəhşətli və mənə əzab verən səhnələr idi. Kitabın Türkiyə türkcəsində nəşr edilməsiylə  Xocalı və bütövlükdə Qarabağ həqiqətlərini Türkiyə və bütün türk ictimaiyyətinə çatdırmaq istədik. Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.”

Kitabda Sovet Rusiyasına məxsus 366-cı motoatıcı alayın törətdiyi Xocalı qətliamından möcüzə ilə xilas olan və həmin  ağrı-acını yaşamış, yaxın və doğmalarını itirmiş insanların həmin gecə şhidi olduqları hadisələrə də yer verilir.

Yəqin ki, yerli və əcnəbi oxucular  fevralın 25-dən 26-a keçən gecə Xocalının işğalı zamanı hara üz tutacaqlarını bilməyən və çaşqınlıq və vahimə içərisində qalan insanların hər birinin taleyi, keçirdikləri sarsıntılarla tanış olduqca,  müharibə adlı məfhumu lənətləyəcək. Çünki Xocalının işğalı zamanı qətliamdan canını sağ qurtarmış insanların başlarına gələn hadisələri həyəcansız oxumamaq olmur.  “ Xocalıdan olan insanlarla görüşdükcə, hər dəfə  bu insanların həyatlarıyla tanış olduqca, onların hansı od-alovdan keçməsini daha yaxşı dərk edirdim. Müharibə qədər insan talelərinə zərbə vuran bir qüvvə tanımıram. Kitabı hazırlamaq üçün görüşdüyüm insanların həyat yolu bunu deməyə əsas verir. İnanıram ki, Türkiyə oxucusu bu kitabla  ermənilərin törətdiyi  Xocalı qətliamının iç üzü ilə daha yaxından tanış olacaq və bunların bir daha təkrarlanmaması üçün bütövlükdə Türk Azərbaycan  gəncliyi keçmişdən ibrət alıb, həmrəy olacaq. Bugün Azərbaycanda Qarabağı görməsələr də, oradakı ata-baba yurduna getmək istəyən gənclər böyüməkdədir. Bundan sonrakı Azərbaycanın gənc nəslinə Qarabağda müharibəsiz həyat arzulayıram. Gələcəkdə  onların öz doğma yurdlarına qovuşma sevinclərini də növbəti kitabda, reportajlarda işıqlandırmağı arzulayıram.”—deyə kitabın müəlliflərindən biri Əfsanə Bayramqızı fikrini bildirdi.

Qeyd edək ki, Şəmsəddin Kuzəçi və Oqtay Hacımusalının redaktoru olduğu kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə İbrahim Erol və Azər Həsrət uyğunlaşdırıb.

 





16.11.2012    çap et  çap et