525.Az

«Mənim dərdlərimin ayaqları var» - Türkiyə türkcəsində


 

«Mənim dərdlərimin ayaqları var» - Türkiyə türkcəsində<b style="color:red"></b>

Azərbaycanın görkəmli şairi Musa Yaqubun Türkiyədə «Mənim dərdlərimin ayaqları var» adlı şeirlər kitabı işıq üzü görüb. Kitabı qardaş ölkənin tanınmış yazarı İmdat Avşar nəşrə hazırlayıb.

Təqdimat yazısında İmdat Avşar Musa Yaqubu Azərbaycan ədəbiyyatında ədəbi nəsildaşları sırasında özünməxsus yeri olan «eşq sözçüsü» kimi qiymətləndirib:

«Onun misralarında Yunus Əmrənin, Füzulinin, Xətainin, Məhdumqulunun, Qaracaoğlanın, Şəhriyarın… izlərini görmək mümkündür. Musa Yaqub Yunus Əmrə qədər saf, duru, Füzuli qədər tənha, Xətai qədər həyəcanlı, coşqulu, Məhdumqulu qədər eşq və həsrət dolu, Qaracaoğlan qədər gözələ vurğun, Şəhriyar qədər nisgilli şairdir…»

İ.Avşar kitabın ərsəyə gəlməsində Azərbaycanın başqa bir dəyərli ədibi Əjdər Olun böyük zəhməti olduğunu vurğulayıb, həmçinin yardımçı olduqlarına görə Yaqut Musaqızına, Vedat Əli Toka minnətdarlığını bildirib.

Kitabın önsöz müəllifi Əjdər Ol «O, hər zaman şairdir» yazısında Musa Yaqubu Azərbaycanda yeddidən yetmişə hər kəsin tanıdığını, şeirlərini əzbər dediklərini vurğulayıb və görkəmli şairimizin qardaş Türkiyədə də layiqincə tanınması arzusunu ifadə edib.

S.MÜRVƏTQIZI

 





12.11.2014    çap et  çap et