525.Az

Sabir Rüstəmxanlı: “Vahid türk əlifbasına keçmək lazımdır”


 

Sabir Rüstəmxanlı: “Vahid türk əlifbasına keçmək lazımdır”

“TÜRKİYƏ TÜRKLƏRİ “Ə” HƏRFİNİ BİZDƏN ÇOX İŞLƏDİRLƏR, AMMA “E” YAZIRLAR. NƏ OLACAQ, DÜNYA DAĞILMAYACAQ Kİ?”  

Müsahibimiz millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıdır.  

– Sabir bəy, son dövrlər yenidən əlifba dəyişikliyi məsələsi gündəmə gəlib. Siz bir millət vəkili, ən əsası söz adamı olaraq bu haqda nə deyərdiniz, fikrinizcə, əlifbada müəyyən hərflərlə bağlı dəyişikliklərə və ya islahatlara doğrudanmı, ciddi ehtiyac var?

– Bilirsiniz, mən lap əvvəlcədən Azərbaycan əlifbasının türk (Türkiyə) əlifbası ilə bir şəkildə olmasını istəmişəm, bunun tərəfdarı olmuşam, Milli Məclisdə məlum müzakirələr zamanı onu müdafiə etmişəm. Bütün müzakirələrdə fikrim bu olub ki, Türkiyə ilə bizim əlifbamız  eyni  cür olmalıdır, burada  fərq olmamalıdır. Yəni, eyni bir dildə danışan, kökəncə eyni olan bir xalqın iki əlifbası ola bilməz. Onsuz da biz hələ ötən əsrin əvvəllərində latın qrafikasına keçəndə, yəni, ərəb əlifbasından imtina edəndə güneyli qardaşlarımız bizdən aralı düşüblər. İndi müəyyən bir  fərqlə Türkiyədən də aralı düşürük.  O vaxt təəssüf ki, dilçilər bu məsələdə daha çox yer aldılar, mən isə dedim bu məsələ  biz dilçilərin işi deyil, bu məsələyə  elmi yanaşmadan daha çox, siyasi yanaşma lazımdır. Amma əfsus ki, bu məsələyə siyasi yanaşma olmadı, dilçilərin mövqeyi belə demək mümkünsə, nəzərə alındı. Axı, əslində bu – əlifba bir xidmət vasitəsidir. Məsələn, Türkiyə türkləri “ə” hərfini bizdən çox işlədirlər, amma “e” yazırlar. Nə olacaq, dünya dağılmayacaq ki? Bir də “ğ” yoxdur orda, dil bir az da cingiltili olub, daha gözəl səslənir. Onlar da bir şey itirmirlər, yəni, qoy əlifbamız eyni  cür olsun, bəlkə o biri türkdilli respublikalar da bizə baxacaqlar, onlar da bir əlifba qəbul edəcəklər?!

–Sizcə, vahid əlifbanın hansı üstünlükləri var və ya ola bilər?

– Əgər vahid türk əlifbasına keçilərsə,  onda o “kiril”dəki günahlar və bizi ayrı salmaq üçün düşmənin ortaya atdığı ayrı-seçkiliklər də  unudulacaq, aradan qalxacaq,  o cümlədən, kitablarımızın da tirajı artacaq, qəzetləmizin də tirajı yüksələcək, bir-birimizi də  daha rahat oxuyacağıq .Həmçinin, 80 milyonluq Türkiyənin buraxdığı bütün kitablara daha da  rahat əlimiz çatacaq və sair. Kompüter məsələsində də nəzərə almışdıq ki, “ə”  klaviaturada yoxdur, biz yazırıq, amma  göndərəndə problem yaranır. Bütün bunlar hamısı o zamanlar ciddi müzakirə olunmuşdu və müəyyən razılığa gəlinmişdi. Təəssüf ki, o vaxt dilçilər belə qərara gəldilər ki, yox, 34 hərf –işarə qəbul edək, hər türk respublikası da bunu öz bildiyi kimi gəlib götürsün.  Türkiyədə 28 hərfdir. İndi biz getdik 32 hərf götürdük, qazax 33, o birisi 34. Yəni,  bu 6-7 hərfin müxtəlif variantları, iki hərfi bir yerdə yazırlar, ayrı bir səs çıxıblar. İndi məlum olur ki, bu 6 hərfin sayəsində daha  60 variant yaranır, bir-birimizin aramızda  yaranan, yaşanan uçurumların aradan qaldırılması bir qədər də dərinləşir. Bu mənada mən Türkiyə ilə Azərbaycanın vahid əlifba işlətməsinin tərəfdarıyam və hesab edirəm ki, vahid əlifbanın  tam oturuşması, bütün xırda qüsurlardan azad olunması üçün də müəyyən vaxt tələb olunur. Bunu da nəzərə almalıyıq. Bildiyiniz kimi, vaxtilə rus-kiril əlifbasına keçəndə “ya”, ondan sonra “yu” hərflərini də qəbul ertmişdik və sair. Amma zaman keçdikcə onlar da aradan qaldırıldı. Burada da bu xırda qüsurlar, xırda fərqlər aradan qaldırıla bilər və mən hesab edirəm ki, əgər 1400 illik ərəb əlifbasından gələcəyin müsafirləri əl çəkirsə,  o zaman  daha  asan olan  bir əlifba əldə etmək xətrinə, əslində bunlardan imtina edib Orxan-Yeniseyə də qayıtmaq olardı, əski türk əlifbasına da qayıtmaq olardı. Amma biz Güneylə inteqrasiyanı, qaynaşmanı vacib hesab edirik...

– Hesab edirsiniz ki, burada bu məqam da nəzərə alınmalıdır... 

– Əlbəttə ki. Bunsuz ayrı cür ola bilməz.  Ona görə bu – vahid türk  əlifbasını qəbul edəriksə, onu da  elə qəbul etməliyik ki, Türkiyə ilə  eyni olsun. Ya gərək Türkiyə əlavə olaraq “ə”-ni, “x”nı qəbul etsin, ya da biz Türkiyə variantını qəbul edək, başqa yol yoxdur. Türkiyədə bu illər ərzində böyük bir okean qədər geniş kitab məhsulları var və belə halda Türkiyənin bundan imtina etməyini düşünmək ağlasığan görünmür, eləcə də, Türkiyənin əlifbası kifayət qədər elə bizim dilin tələblərinə cavab verir. Onda, mənə elə gəlir ki,  tərəddüd etmədən – hər halda  siyasi qərar qəbul etmək gərəkdir- Azərbaycanla Türkiyə və digər türk respublikaları vahid bir əlifbaya keçməlidirlər. 

KAMİL

 

 





11.09.2012    çap et  çap et