525.Az

Kinodramaturq Rüstəm İbrahimbəyova açıq məktub


 

Kinodramaturq Rüstəm İbrahimbəyova<b style="color:red"> açıq məktub</b>


Hörmətli, Rüstəm müəllim! Sizin “Azadlıq” qəzetinə verdiyiniz müsahibəni diqqətlə oxudum. Açığı, ağlınıza, istənilən mövzu ətrafında məntiqi mülahizələr yürütmək bacarığınıza az-çox bələd olan bir insan kimi dərin təəssüf hissi keçirdim.

Təəssüfümün ilkin səbəbi – ölkəmizdə və onun hüdudlarından kənarda tanınan istedadlı yaradıcı bir fərdin ömrünün bu çağında arzuolunmaz mənəvi duruma düşməsi, yaradıcı stixiyasının yad dəyərlərlə əvəzlənməsi idi. Bu vəziyyətin nədən yarandığının səbəblərinə varmadan, onu deyə bilərəm ki, bu dünyada “torpaq sahəsi”, “tikinti layihəsi”, “restoranlar şəbəkəsi”, “milyardlar”, “milyarderlər” və sair  bu kimi sözlərin  işləndiyi ərazi sizin ərazi deyil. Və düşünürəm, sizin bu vəziyyətiniz nəinki mənim, şəxsiyyətinizə və yaradıcılığınıza hörmət bəsləyən hər bir azərbaycanlının qəlbini ağrıdır. Axı vaxtı ilə siz Azərbaycan cəmiyyətinə  “Ad günü”, “İstintaq”, “Özgə həyat”, “Bir cənub şəhərində” və sair bu kimi parlaq kino əsərləri, yaradıcı və intellektual, maarifçi çıxışlarınızla təsir etmisiniz. Bu gün isə taleyin hansısa qəddar hökmüylə siz, müsahibənizdə adları tez-tez çəkilən milyarderlərləsiniz. Bir tərəfdən də “Ziyalılar Forumu” adlandırdığınız ictimai qurumun təşkilatçısı olaraq, guya ölkəmizdə insan haqları, demokratik islahatlar uğrunda savaşa qalxmısınız. Amma qəribəsi budur ki, bu mübarizənizdə yanaşı hər cümlənizin canında  dövlət dairələrindən incikliyiniz duyulur. “Mənə bu münasibət olmasaydı...”, “məni saymırlarsa...”, “mübarizəmin məqsədi mənə edilən hörmətsizlikdi...” və sair və ilaxır. Hansısa haqsızlıqlardan, kimlərinsə Şəhidlər Xiyabanı yaxınlığında restoranlar şəbəkəsi qurmasından, öz pulunuzla saxladığınız (axı niyə öz pulunuzla?..) Kinematoqrafçılar İttifaqından, kiminsə 8 milyardlıq tikinti layihəsindən danışırsınız və onu da deyirsiniz ki, Azərbaycanın ictimai problemləri, əslinə qalanda, milyarderləri maraqlandırmır, bunu onların yadına siz salırsınız. Onu da deyirsiniz ki, Azərbaycan ziyalılarının cəmi bir faizi Azərbaycanı düşünür və belə çıxır ki, bunu da onların yadına siz salırsız. Sizin bu vətəndaşlıq təşəbbüslərinizlə bağlı bir çox məqamlar mənə qaranlıq qalır.      

Sizi narahat edən nədir? Əgər söhbət ölkədə çatışmayan demokratiyadan gedirsə, vəzifəli şəxslərin və dövlət başçısının ünvanına yağdırdığınız təhqirlərlə dolu müsahibələrinizin, eləcə də əvvəlki illərdə səsləndirdiyiniz sərt çıxışlarınızın, kəskin bəyanatlarınızın geniş miqyasda ictimailəşməsi, ölkənin az qala, bütün mətbu orqanlarında, aparıcı saytlarında yer alması, bu barədə çaldığınız həyəcan təbilinə hələ ki, elə bir əsasın olmadığından xəbər vermirmi?..  Siz ziyalıları Azərbaycanı düşünməməkdə, öz işləri ilə məşğul olmaqda günahlandırırsız. Məgər Azərbaycanda yaşayan bütün ziyalıların nə düşündüyünü və nə ilə məşğul olduğunu bilirsiz? Əgər “Azərbaycan ziyalıları” dedikdə siz yaxın ətrafınızda olan bir neçə elm və ədəbiyyat adamını nəzərdə tutursunuzsa, bu, ölkənin ümumziyalılığı barədə fikir yürütmənizə əsas vermir axı?!.. Siz Azərbaycanın ziyalıları ilə bərabər dövlət qurumlarında – nazirliklərdə, icra hakimiyyətlərində, digər dövlət idarələrində və təşkilatlarında çalışan yüzlərlə ləyaqətli insanları da təhqir edirsiniz. Özünüz isə ölkədə tapdanan insan haqlarından danışırsız. Hansısa əsərinizin qəhrəmanı kimi: “Məmurlar mənim üçün heç kimdir. Bilirəm hansı yollardan keçiblər”. – deyirsiniz, lakin “bir milyardını iki milyard etməklə məşğul olan” bəzi milyarder həmvətənlilərinizin keçdiyi “həyat yolu” nədənsə sizi düşündürmür. Beş-üç tanınmış elm və ədəbiyyat xadiminin fikir və mövqeyini ifadə edən bəyanatları Azərbaycan ziyalılarının adından verməniz də düzgün deyil. Şəxsən mənim mövqeyim sizin mövqeyinizlə üst-üstə düşmür. Ən azı ona görə ki, cümlələriniz “mən”lərlə doludur. “Mən”, “mənə” və sair və ilaxır. İctimai problemlərdən danışarkən, özünüz də bilmədən, yoxsa bilərəkdən, öz şəxsi iddialarınızı və incikliyinizi ortaya qoyursuz, kimlərəsə hədə-qorxu gələ-gələ: “mənimlə belə rəftar olunmasaydı...” deyirsiz. Sözünüzdən belə çıxır ki, hakimiyyətin sizə qarşı münasibəti dəyişməsə, dəhşətli inqilab olacaq.      

Əlbəttə, özünü sevmək, lazımi qədərində qiymətləndirmək olar. Lakin özünü sevməklə yanaşı o biriləri aşağılamaq ziyalı olan kəsə, xüsusən də sizə yaraşmaz. Ən azı ona görə ki, yazıb-yaratdıqlarınız məhz bu haqda – insan ağrıları, anlaşma və mərhəmət barədədir. Hörmətli Rüstəm müəllim,  siz də yaxşı bilirsiniz ki, problemsiz ölkə yoxdur. Aclıq, işsizlik, korrupsiya, inflyasiya, sosial ədalətsizlik, insan haqlarının tapdanması və sair və ilaxır bu kimi məsələlər dünya xalqlarının illər və əsrlərlə mübarizə apardıqları  dərdlərdir. Azərbaycanda da bu cür hallara rast gəlinir. Bu hallar həmişə olub və düşünürəm insan cəmiyyətləri nə qədər ki, “idarə edənlərə” və “idarə olunanlara” bölünəcək, belə də olacaq. Amma  çıxışlarınızdan və mövqeyinizdən belə anlayıram ki, sizə necə deyərlər, bulanıq suyu saflaşdırmaq yox, bulanıq suda balıq tutmaq daha xoş və sərfəlidi. Bəli, siz həyata keçirmək istədiyiniz  hər hansı bir niyyətin baş tutmamasına görə ölkənin dağılmasına belə razısınız. Təki siz deyən olsun. Məni dəhşətə gətirən budur. 

Lakin dediyiniz o böyük ideyaların həyata keçirilməsinin daha humanist, optimal yolları və üsulları var. Düşünürəm, bu, hər kəsin öz iş yerində, şəxsi nümunəsi və fəaliyyəti ilə həyata keçirə biləcəyi mühüm vətəndaşlıq missiyası da ola bilər, əgər cəmiyyət buna hazırdırsa, sülh məramlı kütləvi aksiyalar da. Lakin heç bir vəchlə bu, dövlətçiliyə qərəzli mövqe tutmaq, həmvətənlərini aşağılamaq, insanları, “axırı nə ilə bitəcəyi” özünüzə də məlum olmayan iğtişaşlara sürükləmək yolu deyil.    

 





17.11.2012    çap et  çap et