525.Az

Salam, Bakı, salam!..


 

Salam, Bakı, salam!.. <b style="color:red"></b>

Bakıda keçirilən Üzeyir Hacıbəyov adına ənənəvi Beynəlxalq Musiqi festivalından artıq iki ay keçir. Məlum olduğu kimi, bu tədbirə dünyanın bir çox ölkələrindən istedadlı musiqiçilər paytaxtımıza dəvət olunur və onlar şəhərin müxtəlif salonlarında çıxışlar edir, ifaçılıq məharətləri ilə dinləyicilərə xoş anlar yaşadırlar.

Özləri isə, vətənlərinə ölkəmizlə, Bakı və bakılılarla bağlı məhəbbət dolu təəssüratlarla qayıdırlar. İldən-ilə festivala gələn qonaqların coğrafiyası genişlənir.

Bu il Bakıya gələn ifaçılar arasında ən ekzotik ansambllardan biri yaşıl qitədən – uzaq Avstraliyadan gəlmiş “Avstraliyanın gənc virtuozları” kollektivi idi. Onlar, heç şübhəsiz, adlarına layiq gözəl çıxışlar etdilər.

Maraqlısı isə o idi ki, bu ansamblın solisti və konsertmeysteri 19 yaşlı gənc skripkaçı Daniel Tağıyev əslən bakılı idi. O, keçən il də festivalda iştirak etmişdi. Görünür, əcdadlarının vətəni ona o qədər doğma görünüb ki, bu il böyük həvəslə yenidən Üzeyir Hacıbəyov Festivalına gəlmişdi. Bu dəfə Daniel evinə - yaşıl qitəyə döndükdən sonra redaksiyamıza məktub göndərib, məhəbbət dolu təəssüratlarını bizlərlə bölüşmək istəyib.

Daniel Tağıyev məktubunda yazır:

“Yadıma gələndən valideynlərim həmişə Azərbaycan, Bakı və bakılılar haqqında həvəslə, özü də çox böyük məhəbbətlə danışırdılar. Böyüdükcə ürəyimdə bu ölkəni, bu şəhəri görmək istəyi göyərirdi. Bir gün atam - vaxtilə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasını bitirib, o da skripkaçıdır - mənə dedi ki, sənin Bakıya getmək arzun reallaşa bilər, orda böyük musiqi festivalı keçirilir, istəsən, müraciət edərik, gedib öz qabiliyyətini nümayiş etdirərsən. Beləliklə, mən keçən il ilk dəfə Bakıya gəldim. Dünyanın bir çox ölkələrində olmuşam, müxtəlif şəhərlərdə çıxışlar etmişəm, amma Bakıya düşən andan, oradakı konsertlərdə çıxışlarım zamanı olduğu qədər heç yerdə həyəcanlanmamışam; bu, ifaçılıqla bağlı deyildi, yəqin ki, genetik bir məsələ idi. Sevdim Bakını. Bakılılar qədər mehriban insanlar görməmişdim ömrümdə. Doğma bir münasibət vardı mənə qarşı. Ümumiyyətlə, bu ölkənin insanları çox istiqanlıdırlar. Qayıtdım Avstraliyaya. Amma hiss edirdim ki, ürəyimin bir parçasını orda, Bakıda qoymuşam.. Mən imkan olduqca mütləq Bakıya getməliyəm.

Bakının küçələrini gəzməliyəm, əziz bakılılar qarşısında çıxışlar etməliyəm.

Beləliklə, başladım növbəti ilin festivalına hazırlaşmağa. Ətrafıma musiqiçilər yığdım, kiçik bir kollektiv təşkil etdim; atam Eminin köməkliyi ilə; bədii rəhbərimiz də o oldu. Səbirsizliklə 2014-cü ilin sentyabrını gözləyirdim. 

Budur, yenidən Bakı, yenidən Musiqi Akademiyası, Bakı Filarmoniyası, Xəzər dənizi, sahil parkı, Torqovıy...
bu dəfə hər şey mənə daha artıq doğma idi, yaxın idi. Çıxışlarımızı, məncə, çox yaxşı qarşıladılar, böyük maraqla... Kollektivimizin üzvləri Bakıya, Bakıda yaşayan son dərəcə istiqanlı, ürəyiaçıq insanlara valeh olmuşlar. Artıq iki aydır Avstraliyadayıq, amma təəssüratlarımızı burdakı doğmalarımızla, dostlarımızla bölüşməkdən usanmırıq, yorulmuruq. Bakıdan doymaq olmur. Biz mütləq yenə də, yenə də Bakıya qayıdacağıq; sizlərlə, Bakıyla görüşmək üçün.

Salam, Bakı, salam!

Məhəbbətlə, Daniel Tağıyev
12.11.2014
Avstraliya”      

 





14.11.2014    çap et  çap et