525.Az

"Reklam haqqında qanun" müzakirə olundu


 

"Reklam haqqında qanun" müzakirə olundu<b style="color:red"></b>

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib.

Lent.az-ın Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müzakirədə Milli Məclisin aparatının rəhbəri Səfa Mirzəyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar, kütləvi informasiya vasitələrinin rəhbərləri, reklam yayımını həyata keçirən qurumların və ölkədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və bu sahə üzrə  mütəxəssislər iştirak ediblər.
 
İclası açan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, uzun müddətdir komitədə “Reklam fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb. Milli Məclis ilk dəfə 1997-ci ildə belə bir qanun layihəsini qəbul edib.
 
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev öz çıxışında reklam işinin əhəmiyyətindən danışaraq reklamların müasir dünyada çox mühüm rol oynadığını bildirib.

Sonra deputat Vahid Əhmədov “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verib.
 
Qeyd edildi ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübədən geniş istifadə olunub. Layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən yeni anlayışlar daxil edilib, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri təklif olunub. Bildirilib ki, yeni layihə 39 maddədən ibarətdir. Sənəddə reklama dair mövcud tələbləri inkişaf etdirmək üçün bir sıra dəyişikliklər nəzərdə tutulur. Natiqin sözlərinə görə, qanun layihəsində reklam hesab olunmayan məlumatların əhatə dairəsi dəqiqləşdirilib. Televiziyada yerləşdirilən reklamların vaxt məhdudiyyətləri dəqiqləşdirilib, sponsor reklamların yerləşdirilməsinə dair yeni qaydalar sənəddə əksini tapıb.
 
Sonra iclas iştirakçıları qanun layihəsi ilə bağlı təkliflərini səsləndiriblər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Akkord” Şirkətlər Qrupunun nümayəndəsi Eyyub Məmmədov, ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev, APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı və başqalarının fikirləri maraqla qarşılanıb.
 
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, müzakirəyə çıxarılan yeni qanun layihəsi sadə, anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanıb.
Tədbirin sonunda yeni qanun layihəsi ilə bağlı səsləndirilən prinsipial təkliflər yazılı şəkildə işçi qrupuna təqdim edilib.

 





15.11.2014    çap et  çap et