525.Az

Dərindən anlamaq istedadı


 

Naşir və publisist Rəşad Məcidin "Dəlicəsinə" kitabından aldığım təəssüratlardan doğan düşüncələr

Dərindən anlamaq istedadı<b style="color:red"></b> Bəzi həmkarlarım Rəşad Məcidi hər şeydən öncə şair kimi qəbul etsələr də, mən bilərəkdən sərlövhəyə "naşir" və "publisist" sözlərini çıxardım.

Əvvəla, poeziya xiridarı deyiləm və odur ki, Rəşad Məcidin poetik istedadının səviyyəsi barədə mühakimə yürütmək üçün özümü o qədər də hazır hesab etmirəm. İkincisi, Rəşadın ölkənin dövri mətbuatının populyar qəzetinin baş redaktoru kimi fəaliyyəti mənim üçün daha tanış və yaxındı. Artıq müəyyən vaxtdı ki, "525-ci qəzet" nəsə özüm də hiss etmədən, amma möhkəm şəkildə mənim gündəlik mütaliəmə daxil olub. Əvvəl-əvvəl mən bu qəzeti ara-sıra almağa başladım. Çünki burada mənim Azərbaycan dilinə tərcümə edilmiş məqalələrim dərc olunurdu. Və hər dəfə bu qəzetin səhifələrində özüm üçün nəsə maraqlı bir şey tapdığımdan sonradan onun abunəçisi oldum. Hər halda qalın şənbə sayını əvvəldən axıracan oxuyuram. Və təməlindən bu qəzet ictimai-siyasi nəşr kimi nəzərdə tutulsa da, onun ədəbi-publisist tərəfi xüsusilə maraqlıdı.

Rəşad xatırlayır ki, o, qəzetin qapılarının ciddi ədəbiyyat nümunələrinin üzünə taybatay açanda həmkarları bu addımı "525"ə verilən "ölüm hökmü" kimi dəyərləndiriblər. Siyasiləşmiş jurnalistika nümayəndələrinin qənaətincə, ədəbiyyat oxucuları qəzetdən qaçırmalıymış. Amma əksinə alındı: demək olar ki, bütün səhifələri poeziya, nəsr və publisistikanın ixtiyarına verilmiş şənbə sayı ziyalı çevrəsində heç vaxt olmadığı qədər tələbatlıdı. Yəqin ki, bu, qəzetdə görkəmli yazıçılarla yanaşı, gənc Azərbaycan ədiblərinin yazılarına da yer verilməsindən qaynaqlanır. Və onların məqalələri, esseləri, mədəniyyət xadimlərindən aldıqları müsahibələr yaşlı həmkarlarının seçmə əsərləri qədər dərin və bənzərsizdi. Ən əsası isə bütün bu rəylər və maraqlar burulğanında, istedad və bacarıq səviyyələrinin müxtəlifliyində "525-ci qəzet" özünün əlahiddə keyfiyyətini - ziyalılığını və tolerantlığını qoruyub saxlaya bilir.

Jurnalistika mühitində kifayət qədər nadir olan bir keyfiyyəti - xoşməramlıq, ziyalılıq, başqasının fikrinə və baxışlarına dözümü mən Rəşad Məcidin 2014-cü ildə işıq üzü görmüş "Dəlicəsinə" kitabında toplanmış publisistikasında da gördüm. Prinsipcə, Rəşad daha çox yaza, daha artıq kitab dərc elətdirə bilər, amma redaktorluğu və Yazıçılar Birliyindəki vəzifəsinə görə gənclərlə işi onun asudə vaxtına, necə deyərlər, qənim kəsilib. Bu mənada mən Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının "Atamın ruhu" adlı avtobioqrafik povestində yazdığı sözləri xatırlamalı oluram: "Allah, Allah, bu məmurluğu nə vaxt öyrəndik görəsən?! Rəsmi iş-güc yoxdur, amma bu boyda azadlıqdan yararlanmaqdansa yenə bir buxov yaratmışam. Bu siyasi qurumlar da elə məmur ocağıdır. Özümün qayğıya möhtac olduğum vaxtda minlərlə adamın qayğısını götürmüşəm boynuma".

"Atamın ruhu" əsərində yazıçının gündəliyindən belə hissələr də var: "Axır ki, yazı masama qayıda bildim. Təzə kitab hazırlamaq istəyirəm, məmurluq həyatından təngə gəlirəm. İtirilmiş beş il - doğulmamış beş kitab". Yəqin ki, Sabir kimi eyni sözləri Rəşad Məcid də deyə bilər.

Adətən Azərbaycan dilində olan kitabların mütaliəsinə çox vaxt ayırsam da, "Dəlicəsinə" kitabını tez
oxudum, düz iki günə. Mütaliənin bu "yüngüllüyünün" səbəbi hər şeydən əvvəl fikrin aydınlığından və publisistik dilin qəliz olmamasından qaynaqlanırdı. Axı, bəziləri hesab edirlər ki, cümləni uzadıb ora-burasına düyün vursalar, daha "usta" görünəcəklər. Rəşad nəinki müxtəlif səviyyəli oxucuya hesablanmış publisistikada, hətta nəsrdə də bu cür postmodernist "hoqqabazlıqları" qəbul etmir. Və mən onunla tamamilə razıyam.

Kitabın maraqlı strukturu var. Kitab "Yaşadıqlarım", "Gördüklərim", "Dediklərim"dən ibarətdi. Daha bir, fikrimcə, ən maraqlı hissə "Tanıdıqlarım" hissəsidi ki, burada Rəşadın son illər taleyin onu rastlaşdırdığı insanlara həsr etdiyi portret oçerkləri yer alıb.

Artıq elə təkcə hissələrin adı "Dəlicəsinə" kitabının ikinci pozitiv xüsusiyyəti barədə fikir yürütməyə əsas verir. Deməli, müəllif yalnız yaxşı tanıdıqlarını, gözüylə gördüklərini, şəxsi bioqrafiyası kimi yaşadıqlarını qələmə alıb. Və bu, ümumiyyətlə, həmişə həyatın real faktlarına söykənməli olan istənilən publisit üçün əlahiddə xüsusiyyətdi. Eyni zamanda "Dəlicəsinə" kitabında təqdim edilən məqalə və esselər müəllif publisistikası nümunələridi. Çünki hər biri şəxsi baxışdan qaynaqlanır, bu və ya digər hadisəyə, yeri gəlmişkən, heç də həmişə rəsmi və hamının qəbul etdiyi nöqteyi-nəzərlərlə üst-üstə düşməyən münasibət təqdim olunur. Bu mənada, Rəşad Məcidin məşhur "Əli və Nino" romanının müəllifi Əsəd bəyin (Qurban Səid) və bu sirli şəxsiyyətin həyatının təhqiqatçısı Nuridə Atəşinin yaradıcılığı haqqında qələmə aldığı böyük həcmli məqalə diqqəti daha çox cəlb edir. Adını çəkdiyimiz yazıçı kimi Nuridə xanımın özünə də Azərbaycanda münasibət heç də birmənalı deyil. Üstəlik, Rəşad Məcidin özünün də rəhbərliyində təmsil olunduğu Yazıçılar Birliyi də nə vaxtsa "Qurban Səid" imzasının görkəmli Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu iddia edənlərin tərəfini tutmuşdu. Amma öz essesində tarixin kifayət qədər qaranlıq və qarışıq düyünlərini açarkən Rəşad qeyd-şərtsiz bu məsələ ətrafında öz şəxsi qənaətləri olan Nuridə Atəşini və onun həmfikirlərini dəstəkləyir.

Xüsusi qeyd olunmalıdı ki, Rəşad öz mövqeyini həm inandırıcı, həm də elə ziyalıcasına ortaya qoyur ki, bu alternativ fikrinə görə ən əvvəl Anar başda olmaqla, AYB-nin digər katiblərinin ondan incimək ağıllarına belə gəlmir. Onlar hansısa məsələdə bir-birlərinin opponenti ola, bir-birləriylə mübahisə edib razılaşmaya bilərlər, amma bununla belə, məsləkdaş olaraq qalırlar. Fikrimcə, çox vaxt gənc ədəbiyyat və incəsənət təmsilçiərimizdə çatışmayan bu xüsusiyyət, ziyalılığın ən yüksək mərtəbəsidi.

"Əli və Nino" mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərlinin təsis etdiyi Milli Kitab Mükafatının yaranma tarixçəsinə həsr olunmuş "Özgə planetdən gələn" oçerkində də bu cür qeyri-standart yanaşmanın şahidi oluruq. Mükafat və Nigar xanımın özü haqqında, özü də daha çox neqativ-tənqidi səpgili nələr deyilməyib, nələr yazılmayıb! Mətbuatımızda bu mövzuda yazılanların çoxunda qeyri-obyektivlik, ədalətsizlik, xırda paxıllıq hissləri əndazəni aşıb. Rəşad Məcid isə "Özgə planetdən gələn" essesində obyektiv, əsası isə təmkinli olmağa çalışır. O, nəyisə sübut etmək yox, anlamaq istəyir... və bir də bu anladığını oxucusuna ötürmək.

Ümumiyyətlə, Rəşadın təmkinli təhkiyəsi var: hekayətin fabulasını ağır-ağır, hərtərəfli açır, xırda detallar üzərində dayanır, diqqətimizi hətta öz qəhrəmanının zahiri görünüşünə yönəldir və sonda öz qənaətini təqdim edir və bu qənaətlə, adətən razılaşmaq istəyirsən. Yeri gəlmişkən, o, öz qənaətini heç kimə zorla təlqin etmir. Onun bütün esse və oçerkləri hardasa yarımçıqlıq təəssüratı yaradır. Öz yazısının sonunda Rəşad həmişə nöqtə yox, nöqtələr qoyur. Çünki onun əksər qəhrəmanları üçün həyat davam edir. Necə deyərlər, yaşayarıq, görərik.

Rəşadın publisistikasının cəzbedici keyfiyyətlərindən biri də "sakit" vətənpərvəplikdi. Mən bilərəkdən "sakit" sözünü qabartdım. Vətəni sevmək, onunla qürur duymaq, ağrı-acılarını yaşamaq Rəşad üçün hava almaq kimi təbii bir haldı. Və o heç vaxt sinəsinə döyüb demir ki, bax, mən belə vətənpərvərəm, Azərbaycanı bu qədər istəyirəm. O, sözdənsə, hər şeyi özü danışan əmələ üstünlük verir. Doğma torpağa sədaqətini və ona gərək olduğunu sübut etmək istəyirsən? Onda konkret işlə məşğul ol: yaxşı kitablar yaz, oxunaqlı qəzet nəşr elə, günlərini və saatlarını gənc jurnalistlərin və ədiblərin yetişməsinə həsr et, öz bilik və təcrübəni başqalarıyla paylaş. Rəşad Məcid öz fəaliyyətində məhz bu prinsipləri rəhbər tutur.

Ümumiyyətlə isə kitabın son hissəsində təqdim olunan müsahibədə səslənən fikirlərə görə, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibini ən çox narahat edən məsələlərdən biri bəzi gənclərin öyrənmək, bu təcrübədən yararlanmaq istəməməsidi. Bəziləri bir-iki babat şeir, yaxud hekayə yazan kimi artıq özünü yazıçı, az qala dahi hesab edir. Cürətin çatır tənqid elə, o saat küsüb inciyəcək. Aralarında elələri də var ki, çox rahatlıqla öz ustadından üz döndərir, ona qarşı laqeydlik nümayiş etdirir ki, bu da, Rəşad Məcidin fikrincə, xəyanətə bərabərdi.

Yeri gəlmişkən, müsahibələrindən birində Rəşad etiraf edir ki, son vaxtlar belə hərəkətlərə fəlsəfi nöqteyi-nəzərdən yanaşır, başa düşür ki, hamıya xoş gəlmək mümkün deyil, heç lazım da deyil. Əsas odur ki, vicdanın qarşısında təmiz olasan, ədalətini itirməyəsən. Rəşad deyir: "Əgər hiss eləsəm ki, kiməsə qarşı ədalətsiz olmuşam, bunu özüm etiraf edərəm və həmin insandan üzr istəyirəm".

... Kitab hardasa bütün toplunun adı üçün əsas verən bir fikirlə başlanır və yekunlaşır. Rəşadın gəldiyi qənaətə görə, əgər həyatda nəyisə həddən artıq çox, dəli istəklə, dəlicəsinə istəsən, bu arzu mütləq gerçək olacaq. Və onda bu istək, bu enerji öz torpaqlarımızı azad etməkdə, dünyanın ən güclü futbol komandasına qalib gəlməkdə və yer üzünün ən gözəl əsərini yazmaqda bizlərə yardımçı olacaq. Əsas olan istək və inamdı. Onda arzular çin olacaqg

Hər halda, həyatının ilk ciddi yubileyini yaşayan dostum və həmkarım misilsiz romantik olaraq qalır. Amma təki Allah belə romantikləri ətrafımızda çox eləsin!
 





17.11.2014    çap et  çap et