525.Az

Desna sahilində


 

Desna sahilində<b style="color:red"></b>

Azərbaycan ədəbiyyatı publisistikasının korifey nümayəndəsi, dəyərli ədibimiz Əli İldırımoğlunun noyabrın 17- 87 yaşı tamam olur. Əli İldırımoğlu ömrünün ixtiyar çağında da qələmini yerə qoymur, gənclik ehtirası ilə yaşayıb-yaradır, yeni nəsillər üçün örnək olan əsərlərə imza atır. Ağsaqqal yazıçımızın tükənməz həyat yaradıcılıq eşqinə qəlbən sevinən həmkarları olaraq, doğum günü münasibəti ilə Əli müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.  

Bahar idi. Xoruzlar səhərin açılmasını xəbər verirmiş kimi cığalı boyunlarını şax tutub əlvan qanadlarını şappıldadır səs-səsə verərək hey banlaşırdılar. Sübh tezdən əkin sahələrinə doğru baş alıb gedən traktorların nərəsi qalın meşələrin Desna çayına uzanan ətəyində sakitcə uyuyan Qremyaçye kəndini yuxudan oyadırdı. Yelinləri, yenicə boşalan inək naxırı yuxarıdakı örüşlərə yayılırdı. Dərin dərələrə seyrək duman ağır-ağır sürünüb uzaqlara çəkilir, kəndin mavi səması açıldıqca Bryanskın göz işlədikcə uzanan düzləri apaçıq görünürdü. Üfüqdən boylanan günəşin qızılı şəfəqləri çayın aynasında bərq vururdu. Arabir əsən xəfif meh Desnanın sahillərinə zinət verən yaşıl çəmənliklərə səpələnmiş çiçəklərin xoş rayihəsini Qremyaçye kəndinə yayırdı. Bağ-bağçanın dövrəyə aldığı aynabəndli evlərdən süzülən musiqi sədaları budaqdan-budağa qonan quşların cəh-cəhinə qarışıb meşənin tənhalığında əks-səda verirdi. Boynu qırmızı qalstuklu qayğısız uşaqlar kəndin geniş küçələrində gah yüyürür, gah dayanıb arxadan gələn sinif yoldaşını gözləyir, qol-boyun olub dəstə-dəstə məktəbə doğru axışırdılar.

Məktəb direktorunun tədris işləri üzrə müavini Vyaçeslav Qorbaçov kənd Sovetinin binası qarşısındakı abidənin önündən keçəndə yenə bir anlığa ayaq saxladı. Valideynlərinin əziz xatirəsini gül dəstəsi ilə yad etdi. Qremyaçye kəndinin azad edilməsi uğrunda vuruşmalarda qəhrəmancasına həlak olanların mərmər lövhə üzərində yazılmış adlarına qəmgin bir nəzər saldı... Anatoli Qorbaçov, Lyusya Qorbaçova. Biri atası, biri anası. Bu gün onun təlim-tərbiyə verdiyi məktəbin keçmiş müəllimləri. Vyaçeslav Qorbaçov onları görməmişdi. Yalnız eşitmişdi. Atasının asıldığını, partizan dəstəsi ilə əlaqə saxladığı üçün anasının güllələndiyini. Onda Vyaçeslavın hələ bir yaşı tamam olmamışdı. Cəmi yeddi ay idi ki, dünyaya gəlmişdi. O, uşaq evində boya-başa çatmış, Moskvada ali təhsilini tamamladıqdan sonra yenə doğma kəndinə qayıtmışdı. Atası Anatoli, anası Lyusyanın dərs dediyi məktəbə.

Vyaçeslav Qorbaçovun qaşları düyünləndi, xəyalı dolandı. Sanki yenə bir anda Qremyaçye mühasirəyə alındı, faşist quldurlarının anlaşılmaz yad səsi eşidildi, kəndi acı tüstü bürüdü, evlərdən qalxan məşum alovun qırmızı dili onun al yanağını qarsdı, sifəti pörtdü. Vyaçeslavın geniş alnında soyuq tər puçurlandı.

Boris İqnatyeviç ona yaxınlaşanda atının cilovunu çəkdi :

Salam, Vyaçeslav Anatolyeviç, sabahınız xeyir, –dedi.

Salam, Boris İqnatyeviç, yəqin işə gedirsiniz?

Bəli, kartof əkininin vaxtı keçir, bəs biz qazanmasaq, siz yeyərsiniz?

Boris İqnatyeviçin zarafatyana dediyi bu söz onu düşüncələrindən ayırdı. Vyaçeslav Qorbaçov mütəəssir hisslərini gizlədərək sifətinə xoş bir ifadə verib gülümsündü. Boris İqnatyeviç yoluna davam etdi. Vyaçeslav müəllim məktəbə tərəf yönəldi.

Boris İqnatyeviç Desnanın qumlu sahili ilə irəlilədikcə ləpələr sakit-sakit onun atının səkil ayaqlarını yuyur geri çəkilirdi. İri dəyirmi nalın saldığı dərin izdə qalan bir ovuc su yumşaq quma hopub yox olurdu. Boris İqnatyeviç atın üstündə yırğalana-yırğalana zümzümə edirdi. O, cilovu təkqanad edib atın başını sağa tərəf burdu. İrəlidəki əkinçilərə yaxınlaşaraq:

Bərəkətli olsun, yorulmayasınız, – deyib atdan endi.

Qədəminiz yüngül olsun, Boris İqnatyeviç, – deyə əkinçi həmkarları onu həvəslə qarşıladılar.

Meşə ilə çayın arasındakı geniş düzdə yenicə qızışırdı. Yaxınlıqdakı bataqlıqların, balaca gölməçələrin kəsif qoxusu gəlirdi. Günorta fasiləsi yaxınlaşanda Boris İqnatyeviç dayanıb tərini sildi. Sonra kotanın istiqamətini dəyişib işinə davam etdi. Sahənin ortasında kotan ilişdi. Boris İqnatyeviç gavahının ucu dirənən yerdə torpağı eşələdi. Gözünə paslı dəmir sataşdı. O, narazı halda başını bulayıb, deyinə-deyinə iri bir lom götürdü dəmirin altına salıb gücü gəldikcə qaldırdı. Yoldaşları da köməyə gəldi. Gözlənilmədən yer silkələndi. Bir neçə metr aralıda partlayan güclü mina yenicə salınmış kartof toxumunu buğlanan tər torpaqla birlikdə göyə sovurdu. Havada vıyıldayan iri kəsəklər, sanballı dəmir qəlpələr nəvazişlə axan sakit Desnanın mavi aynasını sındırıb parçaladı. Çay bu müdhiş mənzərəyə qarşı etiraz edirmiş kimi qəzəblə çalxalandı, coşdu, hücum çəkib ləpələri ilə sahilini döyəclədi. Sonra məcrasına çəkildi, əvvəlki kimi burula-burula yoluna rəvan oldu. Sahilində qana bulaşanlara həzin kədərli layla çaldı. Matəm laylası.

Premyaçyelilərin dərdi təzələndi. Otuz il bundan əvvəlki dərdi. Partlayış olan ərazi tədqiq olundu, yoxlamalar getdi. Pas atmış top lüləsi, çürümüş tanklar. Böyük Vətən müharibəsinin acı xatirələri. Torpağın altında uyuyan neçə-neçə günahsız insan. Çoxu adsız, çoxu ünvansız. Vətən fədailəri. İnsanlara şəfa verən həkim, binalar ucaldan inşaatçı, təlim-tərbiyə verən müəllim, yollar salan mühəndis, övlad böyüdən ata, anasının gözlərini intizarda qoyan mərd oğullar. Sadə peşə adamları, bəlkə fəhlə, bəlkə kəndli. İndi bir ovuc torpaq... Sakit Desna onların xatirəsini əziz tutaraq buradan necə sükutla keçir. Qalın meşələrlə örtülmüş təpələr sanki onun hər qarışı uğrunda canından keçən bu naməlum əsgərlərin məzarı önündə baş əyir.

KənddəkiMayakkolxozu ilk partiya təşkilatının katibi, Sovet İttifaqı Qəhrəmanı, istefada olan podpolkovnik İvan Struçkovun rəhbərlik etdiyi qırmızı ləpirçilər dəstəsi partlayış yerində cəmi bir neçə giliz tapdılar. İçərisində ünvan olan giliz. Solğun kağızlara tələsik yazılmış qırıq-qırıq sözlər güclə oxunurdu. Rus, ukraynalı, tacik, özbək, qırğız... Şəfahət Şükürov. Azərbaycan. Ağdam rayonunun Muğanlı kəndi. Camal Poladov, Ömər Qasımov, Fərqanə vilayəti.

lll

Şəfahət Şükürov. Onun adı çəkiləndə Natalya xalanın gözləri bahar buludu kimi doldu. Ağbirçək ananın qırışmış çöhrəsindən yaş süzüldü.

1942-ci il. Bryansk vilayətinin Navlinski rayonundakı Qremyaçye kəndinin ağır günləri. Doğma kəndin cəmi bir neçə sakini qalmışdır. Alman zabitləri kənd müəlliməsi Lyusya Qorbaçovanı özlərinin qulluqçuları kimi saxlayırdılar. O, günlərini sinif otaqlarında, şagird partası qarşısında deyil, mətbəxdə keçirirdi. Qab-qacaq yuyurdu. Natalya Merquşina dükanda işləyirdi. Qremyaçye kəndinin müdafiəsi uğrunda vuruşmada sağ qalanlardan biri 27-ci atıcı polkunun 11-ci birləşmiş dəstəsinin komandiri Şəfahət Şükürov idi. O, bir neçə əsgərlə meşənin balta dəyməyən tənhalığına çəkilmişdi. Gecələr yatmır, gündüzlər dincəlmirdi. Partizan dəstələri ilə əlaqə saxlayır, fürsət tapdıqca düşmən qüvvələrinə sarsıdıcı zərbələr endirirdi. Qələbə ümidi ona ruh yüksəkliyi verirdi. Solğun üzü duyduğu ağır iztirabı büruzə versə , o, bunu əsgər yoldaşlarına əsla hiss etdirmirdi. Hər axşam gizlicə Natalya xala ilə görüşür, ondan lazımi məlumatlar alırdı. Lyusya Qorbaçova onların fəal köməkçisi idi.

lll

Payız gecəsi. Şəfahət qatı qaranlıqda Qremyaçyeyə tərəf sürünürdü. Düşmən keşikçilərinin təlim almış itlərinin quduz zingiltisi kəndin yandırılmış xarabalıqlarında zəhmli əks-səda verirdi. Arabir anlaşılmaz boğuq səslər eşidilirdi. Birdən qadın fəryadı qopdu. Sonra tüfəng açıldı. Kəndə matəm sükutu çökdü. Şəfahət özünəməxsus çevikliklə doqqazdan aşıb Natalya xalanın həyətinə daxil oldu. Natalya nigarançılıqla gözlədiyi əziz qonağı xəlvət bir yerə apardı. Natalya xala həyəcanlı idi. O, hisli çırağın zəif işığında qırıq-qırıq, rabitəsiz danışırdı:

Elə indicə! İndicə Lyusya müəlliməni öldürdülər! Son günlər yaman incidirdilər. Şübhələnmişdilər. Keçən həftə sizin silah anbarını partlatmağınızı ondan görürdülər. Axı, ciyəriyanmışlar bunu haradan biliblər?! Yəqin yenə o satqın əclaf İqnat xəbər verib. Ay məlun!

Çırağın titrəyən işığında güclə şölələnən darısqal komaya qəmgin bir sükut hakim oldu. Şəfahətin iri qara gözlərində elə bil şimşək çaxdı. O, qəlbində baş qaldıran nifrəti arzu etdiyi intiqam hissi ilə ovudub bir qədər sakitləşdi. Natalya xalaya ürək-dirək verdi. Natalya Şəfahətin qabağına bir stəkan çay qoydu qayğı dolu nəzərlərini onun silaha sarılmış məğrur görkəminə dikdi.

Natalya ərinin cəbhədə həlak olduğunu bilirdi. Hələ Qremyaçye alınmamışdan qabaq qara kağızı gəlmişdi. Gözünün ağı-qarası olan Paveldən xəbər-ətər yox idi. Onun indi yeganə təsəlli aldığı adam Şəfahət idi. Natalya o biri otağa keçib damarları çıxmış əlləri əsə-əsə köhnə sandığın ağzını açdı:

Bu, Pavelin nişan paltarıdır, –dedi. –Toy tədarükü görmüşdük, qismət olmadı. Kim bilir... hələ ümidimi üzməmişəm. Bəlkə qayıtdı, bəlkə görüşdük. Sənin kimi enlikürək, şux qədd-qaməti var idi. Ərköyün böyütmüşdüm...

Natalya sözünü tamamlayıb, dərindən köksünü ötürdü. Sonra Şəfahətdən soruşdu:

Sən evlənməmisən?

Şəfahətin abırlı çöhrəsinə qızartı çökdü. O, “yoxdemək mənasında ehtiramla başını buladı :

Bakıda universiteti yenicə bitirmişdim, – dedi. – Mirbəşir rayonunun Əskipara kəndində müəllim işləyirdim. Onda müəllimlərə möhlət verirdilər. Əsgər aparmırdılar. Mən könüllü olaraq ərizə yazdım. Döyüş meydanına getmək üçün. Hərbi komissarlıq icazə vermirdi. Mən təkid etdim. Axı, qardaşlarımın ikisi cəbhədədir. Dedim, yaman günün ömrü az olar. Qoy dar ayaqda qardaşlarımın dadına çatım...

Şəfahət bunu deyib ağır-ağır ehtiyatla pəncərəyə yaxınlaşdı. Hər yan sükut içərisində idi. Arabir əsən meh ağacların yarpaqlarını titrədirdi. Desna yaslı gecənin sakitliyini pozmadan axır ayın sönük şəfəqləri altında işıldayırdı. Şəfahət dəli Kürü, xan Arazı yadına saldı. Fikri Ağdamın səmasında dolaşdı. Qarqarın qıjıltısını dinlədi, bağ-bağçaların yaşıllığına qərq olan doğma Muğanlı kəndinin seyrinə daldı. Evlərinə çatanda anası Aftabla, bacısı Ülkərlə, balaca qardaşı Sovetlə qucaqlaşdı. Qohum-qonşu onun görüşünə gəldi. Hamı gözaydınlığı verdi. Sinəsində parlayan orden medalları təbrik etdi...

Xörəyin soyudu, Şəfahət. Natalyanın qayğılı səsi onu qərq olduğu xəyal dünyasından ayırdı:

Eh, Natalya xala, sevimli şairimiz Səməd Vurğun demişkən:

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Şəfahət dediyi şeirin mənasını Natalya xalaya izah etdi. Natalya xalanın xoşu gəldi. Onlar qabaq-qənşər əyləşdilər. Ana-bala kimi. İndi Natalya oğulsuz, Şəfahət anasız olduğunu unutmuşdu. Natalya simasına nikbin bir ifadə verərək:

Darıxma, oğlum, Şəfahət, – dedi. – Vətənimiz övladlarının qəlbi kimi genişdir. Belə məşəqqətləri çox görüb. Yenə qələbə bizim olacaq. Pavel sağ-salamat qayıdacaq. Toyunuzu birlikdə edəcəyəm.

Hənirti eşidildi. Natalya Şəfahəti o biri otaqda gizlədib özü həyətə çıxdı. Səs gələn səmtə boylandı. Hərəkətlərində amansız vəhşi bir ifadə duyulan faşist əsgəri zəncirli köpəyin arxasınca sürünərək kəndin xarabalıqları arasında dolaşırdı. Şəfahət gizlənməmişdi. O, bir hadisə baş verə biləcəyi ehtimalı ilə barmağını tətiyə keçirib atəşə hazır vəziyyətdə Natalya xalanın arxasında dayanmışdı. Natalya Şəfahətin qulağına pıçıldadı:

Tanıdım, özüdür, – dedi. – Lyusya müəlliməni qana bulayan məlun bax, odur! O!

Şəfahətin gözlərində çılğın bir qəzəb alovlandı. Ancaq Natalyanın təhlükəsizliyi naminə hərəkət etməyin məqamı deyildi. Onlar evə daxil oldular. Şəfahət tələsirdi. O, getməyə hazırlaşırdı. Natalya ona dəstərxan bağladı. Lyusya müəllimənin üç gün əvvəl gizlicə ona verdiyi əl qumbaralarını, bir neçə patronu da dəstərxana bükdü. Şəfahət qumbaranın birini götürüb əlində möhkəmcə sıxdı. Lyusyanın verdiyi qumbaranı.

Bunu onun qatilinin başında partladacağam, – dedi. – Zavallı Lyusya! Onun qisasını yerdə qoymaram, əvəzini çıxmasam...

Şəfahət evi tərk edəndə Natalya onun meşədə gizlənən əsgər yoldaşlarına çatdırmaq üçün oğlunun olub-qalan paltarlarını, ərinin turşumuş tər qoxusu gələn nimdaş paltosunu da Şəfahətə verdi.

Məndən Ömərə, Matveyə, Maxaradzeyə, Camala salam yetir, – dedi.

Xudahafiz, Natalya xala, görüşənə kimi. Amma unutma ki, elə bu gecə Lyusyanın intiqamını almamış Qremyaçyeni tərk etməyəcəyəm.

Ehtiyatlı ol, ay bala, düşmən amansızdır. Get, tanrı sənə yar olsun.

Natalya xaç çəkdi. Onların səksəkəli baxışları ayrıldı.

Bir neçə saatdan sonra kənddə qumbara partladı. İt zingiltisi eşidildi, bir ki, Qremyaçyenin çağırılmamış yad qonağının vəhşi bağırtısı. Düşmənin kəndin ayağında yerləşən qərargahına çaxnaşma düşdü...

Şəfahətlə Natalya xala neçə dəfə beləcə görüşdülər. Qaranlıq gecədə, darısqal daxmada, çıraq işığında. Natalya xala neçə dəfə Şəfahətin göstərdiyi şücaətin şahidi oldu. Sonra... Sonra Pavel qayıtdı, ki, Şəfahətdən bir səs-səda çıxdı. İllər keçdi, yel qanadlı illər. Otuz bahar, otuz qış. Bir gəncin ömrü... Otuz ildən sonra partlayan minanın müdhiş uğultusu Şəfahətin onun döyüş yoldaşlarının son əbədi ünvanını büruzə verdi. Bu, Natalya xalaya bir təsəlli oldu. Bir ki, qremyaçyelilərin xoş firavan günləri.

1972-ci il. 9 may. Qremyaçyeyə qonaq gəlib. Qarabağdan. Ağdamın Muğanlı kəndindən Şəfahətin qardaşı Sovet müəllim. Onlar Qələbə bayramını birlikdə qeyd edirdilər. Şəfahət burada özünə iki abidə qoyub getmişdir. Biri qremyaçyelilərin qəlbində, ikincisi hələ qələmə alınmamış roman, bəstələnməmiş mahnı, müxtəlif millətlərin qəhrəmanlıq tarixi. 117 nəfərin mərmər lövhə üzərində həkk edilmiş birlik, qardaşlıq salnaməsi. Abidəyə hər gün tər gül-çiçək qoyan qramyaçyelilər bu salnaməni oxuduqca onların həmyerliləri ilə birlikdə bir ad da çəkilir:

Şəfahət Şükürov.

Onun qardaşı Sovet Şükürov azadlıq, intiqam qalibiyyət irsini bugünkü nəslə yadigar qoyub gedənlərin qranit abidəsi önündə dayanıb fəxr sükutla baş əyirdi. Sağında solunda Natalya Marquşina ilə Vyaçeslav Qorbaçov dayanmışdı. Çiyin-çiyinə. Desna onların çöhrəsindəki həzin kədəri qələbə sevinci ilə yuyur öz coşğun ləpələrinə qataraq Qremyaçyedən uzaqlara axıdır, hey axıdırdı...

 





17.11.2014    çap et  çap et