525.Az

Bu gün “Elşən”in 84 yaşı tamam oldu


 

Bu gün “Elşən”in 84 yaşı tamam oldu<b style="color:red"></b> Bu gün “Bir qalanın sirri” filminin qəhrəmanı “Elşən” obrazını yaratmış aktyorumuz Gündüz Abbasovun doğum günüdür. Gündüz Şəmsəddin oğlu Abbasov 1930-cu il, noyabrın 20-də Bakının Dağlı məhəlləsində dünyaya gəlib. Anası musiqiçi, pedaqoji və tibb təhsili olan ziyalı qadın, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası isə tanınmış yazıçı və jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovdur. Ədəbiyyat və incəsənətlə sıx bağlı olan ailədə böyüyən Gündüzün uşaqlığı teatrda, kinoda aktyorlar arasında keçdi, rəssamlığa, yazı-pozuya böyük maraq göstərir. 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib.
 
Kino.org.az-ın məlumatına görə, Gündüz Abbasov 20-yə yaxın filmdə çəkilib. İlk çəkildiyi film kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi "Bir qalanın sirri" olub. Daha sonra “Onun böyük ürəyi”, "Bizim küçə", "Telefonçu qız", "Dədə Qorqud" və digər filmlərdəki müxtəlif xarakterli obrazları yaradıb. Aktyor həmçinin “Mozalan” satirik kinojurnalının bir çox süjetlərində də iştirak edib. “Bir qalanın sirri” filmində yaratdığı Elşən obrazı onu nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur edib. Hətta film Fransaya gedəndən sonra Əlisəttar Atakişiyev danışırdı ki, bu aktyorla Fransada maraqlanırdılar.
Aktyorun çəkildiyi sonuncu "Yuxu" filmində yaratdığı Hidayət əmi obrazı olub.
 
Bundan başqa G. Abbasovun ”Papasının qızı”, ”Canlı körpü” və “Qanadlar” adlı kitabları çap olunub.  O, Azərbaycan radiosunun Gənclər şöbəsinin müdiri, "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. O, 1995-ci ildə vəfat edib.
 
Heç bir fəxri adı olmayan, əvəzində tamaşaçı sevgisi qazanan - kino aktyor, yazıçı, tərcüməçi və rəssam Gündüz Abbasovu hörmətlə anırıq!
 





20.11.2014    çap et  çap et