525.Az

“Ölkədə notariat korpusunun üçdə ikisini xüsusi notariuslar təşkil edir”


 

“Ölkədə notariat korpusunun üçdə ikisini xüsusi notariuslar təşkil edir”<b style="color:red"></b>

Hazırda Azərbaycanda notariat korpusunun 2/3-ni xüsusi notariuslar təşkil edir.
 
Bu məlumatı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri,  I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov sentyabrın 21-də rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc etdirdiyi məqaləsində açıqlayıb.

Fikrət Məmmədov ölkədə xüsusi notariat institutunun genişləndirilməsinin notariat hərəkətlərinin rəsmiləşdirilməsinə töhfə verdiyini vurğulayıb, qeyd edib ki, bu ilin 9 ayında notariat əməliyyatlarının sayı artıb, 2.8 milyona yaxın notariat hərəkəti aparılıb.

Ədliyyə naziri məqaləsində qeyri-hökumət təşkilatlarının sayının da ilbəil artdığını yazıb. Bildirib ki, hazırda ölkədə QHT-lərin sayı 4.100-ə, KİV-lərin sayı isə 5.000-ə çatmaq üzrədir: “Həmçinin dövlət başçısının “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, qeydiyyata alınmış təşkilatlar barədə elektron məlumat bazası yaradılıb, “Fərdi elektron pəncərə” elektron məlumat sistemi istifadəyə verilib”.

Məhkəmə qərarlarının icrası sahəsindəki vəziyyətdən söz açarkən Fikrət Məmmədov bildirib ki, icra işinin təkmilləşdirilməsi diqqətdə saxlanır, məhkəmə qərarlarının icra olunmamasına görə zəruri təsirli tədbirlər görülür. Nazirin yazdığına görə, bu ilin təkcə 9 ayında icra işlərinin sayı ötən ilin illik göstəricilərindən də çox artaraq 231 mini ötüb, onun da 70%-ə yaxınının icrası vaxtında təmin olunub: “Həmçinin icra məmurlarının müraciətləri əsasında icra haqqında qanunvericiliyin tələblərini pozan 2.400-ə yaxın şəxs inzibati məsuliyyətə cəlb olunub, 153 nəfər barəsində cinayət işi başlanıb, 1.795 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb”.

Nazirin yazdığına görə, bu ilin 9 ayı ərzində inzibati nəzarət qaydasında 49 mindən çox bələdiyyə aktı yoxlanıb, bəzi bələdiyyələrin fəaliyyətində aşkar edilmiş cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 26 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 3.200 hektara yaxın torpaq sahəsinin geri qaytarılması təmin edilib.

Məhkumların tibbi təminatının son illər xeyli yaxşılaşdırıldığını vurğulayan Fikrət Məmmədov bildirib ki, bu, penitensiar müəssisələrdə ölüm hallarının kəskin azalmasına gətirib, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm 15 dəfə, vərəmdən ölüm isə 58 dəfə azalıb.

Nazir məqaləsində gələn ilin əvvəllərində ölkədə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Şəki Məhkəmə Kompleksinin istifadəyə veriləcəyini də yazıb: “Beş məhkəməni əhatə edən bu kompleks “bir qapı” prinsipi ilə fəaliyyət göstərərək ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək. Burada vətəndaşlar apelyasiya şikayəti verərkən və ya yurisdiksiyanı dəyişdirərkən, sadəcə olaraq, yan qapını açmaq kifayət edəcək”.

6 ay ərzində ölkə məhkəmələrində bütün kateqoriyalar üzrə 143 min işə baxıldığını bildirən ədliyyə naziri birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayının artdığını da qeyd edib. Fikrət Məmmədovun yazdığına görə, birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı mülki işlər üzrə 94.5%-ə, iqtisadi mübahisələr üzrə 97%-ə çatıb, inzibati mübahisələr üzrə isə 83.6% təşkil edib: “Mülki işlər üzrə yekun qərarların 90%-ə qədəri ilə tərəflər razılaşıb”.

Nazir məqaləsində “ASAN xidmət” mərkəzlərindən də söz açıb. Bildirib ki, bu günədək 3 milyondan çox insan ədliyyə qurumlarının da mühüm xidmətlər göstərdiyi “ASAN” mərkəzlərinə müraciət edib.

 





21.11.2014    çap et  çap et