525.Az

Fikrət Qocanın şeirləri


 

Fikrət Qocanın<b style="color:red"> şeirləri</b>

Azərbaycan bayrağına

 

 

Yetmiş il qəlbimizdə

 

Yaşatdıq bu bayrağı.

 

Nəhayət vaxtı gəldi.

 

Zəfər çaldıq

 

           Öc aldıq.

 

Müqəddəs bayrağımız

 

Asimana ucaldı.

 

O, hər kəsin şərəfi,

 

Vətənim vüqarıdı.

 

Hər bir vətəncanlının,

 

Hər Azərbaycanlının

 

Başından yuxarıdır

 

Müqəddəs bayrağımız.

 

Eşqi, qeyrəti, ruhu,

 

Fəxri iftixarıdır

 

Müqəddəs bayrağımız.

 

Hər arzumun önündə

 

Dalğalanan, ucalan.

 

Vətən hara yönəldsə,

 

O yerdə zəfər çalan.

 

Ucal, göydə dalğalan

 

Görsün, cahan bayrağım,

 

Ruhuma can verən, can!

 

Azərbaycan

 

            bayrağım!

 

 

İnsan səsi

 

 

İnsan elə toxumdur ki,

 

Hara düşsə bitə bilər.

 

İnsan sənin ovucunda da

 

Gözdən qaçar, itə bilər.

 

Ən dar anda insan səsi

 

Ümid verər, həyan olar,

 

İmdadına yetə bilər,

 

                 Yaşayarsan.

 

Qiyamət

 

 

Deyirlər qiyamət yaxınlaşıb

 

Yer bir canlıdır,

 

                      ağlı çaşıb.

 

Dalğalar sahilə dırmaşıb,

 

                      çaylar daşıb.

 

Bunların bazara dəxli yoxdu,

 

Bazarda şıdırğı alverdi,

 

Bazar başqa dünyadı,

 

                    başqa yerdi.

 

Zəlzələlər, vulkanlar, daşqınlar gəlir.

 

Qaçqınlara da sığınmağa  

 

                                   qaçqınlar gəlir.

 

Müxalifət deyir:

 

Bunların hamısında          

 

                  günahkar iqtidardı.

 

Deyəsən dünyada

 

                    hamının yeri dardı

 

Yer üzü böyük bir bazardı.

 

İqtidar da deyir:

 

             Müxalifət günahkardı.

 

Qəhətə çıxan məhəbbətdi.

 

Hamı bir Allahın bəndəsidi,

 

Vətənimiz məbəddi.

 

Yer kürəsi himə bənddi.

 

Bazarda ən ucuz şey insandı,

 

Bahalaşan qiymətdi,

 

          deyəsən qiymətdə neymətdi.

 

Bu gələn qiyamətdi qardaş, qiyamətdi.

 

Xoşbəxt adam lal-kar məmətdi.

 

Bu şeiri verdim oxudu,

 

 cavab yazdı:

 

Eh... bəgəm qiyamət dərddi?!

 

 

İndianada bir gölün sahilində

 

 

Sepryum Corcla

 

        İndianada oturmuşduq

 

Bir gölün sahilində

 

Danışırdıq qohumluq dilində.

 

Nəvəm Pərvizdi tərcüməçimiz.

 

Yol kimi uzanır söz,

 

           gedir çıxır,

 

                yetmişinci illərə.

 

Dedim:

 

Mən Vyetnama getmişdim onda...

 

Mən getmişdim o ellərə.

 

Mən Hanoyda, Sayqoda oldum

 

Mən çöllərdə,

 

                     çaylarda,

 

                                  göllərdə.....

 

Kürəyimdə əsgər çantası

 

Hər anımda ölüm qorxusu.

 

Əllərimdə öldürmək qoxusu.

 

Söz adamı çarpar qılınca

 

Mən getmişdim

 

               şeir dalınca,

 

                         söz dalınca...

 

Xəyalımız külək oldu,

 

Tərcüməçimiz ürək oldu

 

dindik, danışdıq.

 

yaxşı onda yox,

 

                     indi tanışdıq.

 

Vyetnamda axtardığımızı

 

İllər sonra

 

               burda tapmışdıq.

 

 

Çikaqo

 

                       

 

Məni Çikaqo ilə tanış edən

 

həmyerlim Əhməd bəyə

 

ithaf edirəm.

 

 

Yağış yağdı,

 

yudu küçələri.

 

Yudu dəmirləri, şüşələri.

 

Evlərin şüşə gözləri ağladı.

 

Gözəllər üzündəki boyanı

 

        çətir altında

 

             qorudu, saxladı.

 

Yol yanında çiçəklər

 

          gözəl-göyçəklər

 

                 çimdi, oyandı.

 

Dəmir tavanlar, damlar deyindi

 

            elə bil qaynanadı.

 

Gün çıxdı

 

         Elə həmin an

 

           hər yanı sildi, qurutdu.

 

Elə həmin an

 

              hamı yağışı unutdu.

 

Hərə bir yana üz tutdu.

 

Yalnız göydələnin

 

      Başı bulutda qalmışdı.

 

Hələ deyinirdi:

 

        Bu yağışdı?!

 

                     Bu bulutdu.

 

Şəhərdə insanlar qaynaşır

 

hərə öz işinə,

 

           öz vərdişinə

 

                            qaçdı.

 

Yanaşı qaçırdı xeyir, şər

 

Hamamdan çıxmışdı

 

Miçiqan dənizində güzgülənirdi

 

Çikaqo-

 

                  dəmir şlapalı şəhər.

 

Pikassonun

 

Müəmmalı dəmir heykəlləri,

 

         Obamanın Çikaqosu,

 

                     doğma vətəni.

 

Yağışla qarşıladı,

 

Günəşlə yola saldı məni.

 

 





19.11.2012    çap et  çap et