525.Az

"Ermənilər konsertin baş tutmamasına çalışırdılar" (FOTOLAR)


 

"Ermənilər konsertin baş tutmamasına çalışırdılar"<b style="color:red"> (FOTOLAR)</b>

Opera və Balet Teatrının solisti, gənc xanəndə Vüsalə Musayeva bugünlərdə qastrol səfərindən qayıdıb.

525.az-ın məlumatına görə, xanəndə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə elan edilmiş ˝Kaliforniyada Azərbaycan Muğamı Ayı˝ çərçivəsində təşkil olunan konsert və “San Fransisko Dünya Musiqi Festivalı” ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu layihə həm mədəni, həm də siyasi xarakter daşıyan bir layihə idi. Konsertin bütün dünyaya, o cümlədən də düşmənlərimizə - ermənilərə verdiyi mesaj bu idi ki, Azərbaycan çox qüdrətli və mədəni bir dövlətdi. Azərbaycan xalqı daima öz problemləri ilə başqa dövlətləri yoran xalq deyil. Bildiyiniz kimi, ilk konsert istedadlı xanəndələr İlkin Əhmədov, Aytən Məhərrəmova və mənim iştirakım ilə Los Ancelesdə baş tutdu. Konsertdə bizi tarda Rüfət Həsənov, kamançada İmamyar Həsənov, nağarada Elşən Qasımov müşaiyət edirdilər. Bu sırf bizim solo konsertimiz idi. İfalarımız tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Konsertdə tamaşaçı qismində Amerikanın yüksək vəzifəli şəxsləri və başqa dövlətlərin konsulluqlarının nümayəndələri də iştirak edirdilər. Tamaşaçılar arasında dövlətimizi qismən də olsa tanıyanlarla yanaşı, Azərbaycan, onun mədəniyyəti, musiqisi haqqında heç bir məlumatı olmayan insanlar da iştirak edirdi. Onların üzlərində yeni, maraqlı musiqi ilə tanışlıqdan məmnunluq ifadəsi var idi. Sonra tərəf müaqabilim İlkin Əhmədovla birgə San Fransisko Dünya Musiqi Festivalında dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını nümayiş etdirdik. Opera festival çərçivəsində səhnələşdirilmişdi. Bizi səhnədə tar, kamandan əlavə həm də Çin, Cənubi Koreya, Hindistan və ABŞ musiqiçiləri də müşaiyət edirdilər. Bu festival müsabiqə xarakteri daşımırdı. Festivalın əsas məqsədi musiqi vasitəsilə ölkələr arasında dostluq körpüsü salmaq, bir- birinin mədəniyyətləri ilə tanış olmağa fürsət yaratmaq idi. Bizim İtaliya, Çin operasından xəbərimiz olsa da, onlar haqda bunu demək olmazdı. Bizə bu festivalda fürsət yarandı ki, öz milli musiqimizi, operamızı həmin xalqların nəzərinə çatdıraq. Təbii ki, bu bizim mədəniyyətin qələbəsi idi”.

Festivalda Koreya operası ilə də duet ifa etdiyini bildirən xanəndə dil bilməməyin onlara heç bir problem yaratmadığını vurğuladı:

“Mənim Koreya operası ilə duetim çox maraqla qarşılandı. Əvvəl Koreya operasından parçalar səsləndi, ardınca da mən Leylinin İbni Səlamla olan səhnəsindən bir parçanı ifa etdim. Bizi hindli qızlardan ibarət xor dəstəsi müşaiyət edirdi. Çox maraqlı bir sintez alınmışdı. Daha da maraqlısı bu qızların operanın xor hissəsini, həm hind, həm də Azərbaycan dilində ifa etməsiydi. Bu, bizim üçün fəxr idi ki, Hindistan kimi böyük bir dövlətin musiqiçiləri ana dilimizdə ifa edirdilər. Bunu sözlərlə ifadə etmək mümkün deyil”.

Vüsalə Musayeva “Leyli və Məcnun” tamaşasının festivalda iştirak edən xalqların musiqiçilərinə, o cümlədən də Amerika tamaşaçısına çox təsir etdiyini deyib:

“Leyli və Məcnun” çox təsirli əsərdir. Mən özüm də bu tamaşanı oynayanda bir müddət Leylinin təsirindən çıxa bilmirəm. Sonuncu pərdəni bitirib səhnə arxasına keçəndə hind qızlarının ağladığını gördüm. İngilis dilində tamaşanın onlara çox təsir etdiyini söylədilər. Baş verənlər mənim üçün çox maraqlı idi. Dilimizi bilməyən xalqın nümayəndələri bizim musiqiyə ağlamışdılar”.

Xanəndə Los Ancelesdəki konsert zamanı erməni təşkilatlarının Azərbaycan əleyhinə təbliğat apardıqlarını, “UCLA” kimi çox nüfuzlu bir universitetdə muğam konsertinin keçirilməsini Azərbaycanın “siyasi bəyanatı” kimi qiymətləndirərək bu konsertin keçirilməsinin qarşısını almağa çalışdıqlarını da deyib:

“Ermənilər həmişə Azərbaycana ziyan vurmaq üçün çalışıblar. Bu konsert zamanı da bu addımı atdılar. Konsertin baş tutmaması üçün çox çalışdılar, amma iştirakçılarım etinasızlığı, bəzi tamaşaçıların isə kəskin etirazı ilə üzləşdilər. Zalda ermənilərin nümayəndələri də iştirak edirdilər. Çox çalışırdılar ki, konsert baş tutmasın. Həmkarım İlkin Əhmədov “Sarı Gəlin” mahnısını ifa edəndə erməni nümayəndələri zalı hirslərindən tərk etdilər”.

Festivalın qaydasına görə iştirakçı dövlətin bir nümayəndəsinin üzü afişa üçün seçilir. Bu festivalda Azərbaycandan afişa siması kimi seçilməsindən məmnunluğunu bildirən Vüsalə Musayeva gələcəkdə digər maraqlı layihələrin və konsertlərin nəzərdə tutulduğunu deyib.

Yaxın günlərdə Azərbaycan səhnəsində 30 ilə yaxın müddətdir oynanılmayan “Əsli və Kərəm” operasının nümayişinə hazırlaşan gənc xanəndə bu haqda da məlumat verib:

“Tərəf müqabilim İlkin Əhmədovla “Əsli və Kərəm” operasını festival çərçivəsində nümayiş etdirmişdik. Bu operadan bir parça idi. Amma artıq bu il biz bu tamaşanı əməkdar incəsənət xadimi, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin quruluşunda bütöv şəkildə tamaşaçılara təqdim edəcəyik. Ancaq hələ tarix müəyyənləşdirilməyib. Çox güman ki, üzümüzə gələn ay biz bu tamaşanı təhvil verəcəyik”.
Günel MUSA

 





19.11.2012    çap et  çap et