525.Az

Brejnevin ədəbiyyat qulları


 

Brejnevin ədəbiyyat qulları<b style="color:red"></b>

Artıq bütün fəxri adları, rütbələri almış Leonid İliçə daha hansı mükafatın verilməsi problemi, onun ünvanına yağlı təriflər söyləmək üçün səbəb qıtlığı yarananda Kreml məmurları əməlli-başlı çətinliyə düşüblər. Baş katibin könlünü xoş etmək üçün uzun-uzadı müzakirələrdən sonra nəhayət Konstantin Çernenko vəziyyətdən çıxış yolu tapıb-Brejnevi yeni kitabların müəllifi etmək, bu sahədə ona populyarlıq qazandırmaq.

Təbii ki, belə təklif Brejnevin ürəyindən olub. Çernenkonun “ideya”sı Baş katibin xoşuna gəlib. Sözsüz ki, Leonid İliç Çernenkonun bu “tapıntısı”nı cavabsız qoymayıb, necə deyərlər elə brejnevsayağı onu mükafatlandırıb. Çernenko Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə keçirilib.

Brejnev üçün kitabın hazırlanması ölkənin tanınmış və bacarıqlı bir neçə jurnalistinə tapşırılıb. “Kiçik torpaq” kitabını “İzvestiya” qəzetində çalışan publisist Arkadi Saxnin yazıb, “Dirçəliş” tanınmış jurnalist Anatoli Aqronovskinin qələmindən çıxıb, “Xam torpaq” isə “Pravda” qəzetinin aparıcı müxbiri Aleksandr Murzinin məhsulu olub. Kitabların hazırlanmasına ümumi rəhbərlik SİTA-nın baş direktoru Leonid Zamyatin və onun birinci müavini Vitali İqnatenkoya həvalə olunub.

Brejnevin ədəbiyyat qulları tərəfindən qısa müddət ərzində yazılmış bu üç kitab hərəsi ayrı-ayrılıqda 15 milyon tirajla çap olunub. Kitabların öyrənilməsi məktəb proqramlarına salınıb. Ayrı-ayrı mətbu orqanlarda cap edilib, radio vasitəsi ilə səsləndirilib. Trilogiya tərcümə olunaraq dünyanın 120 olkəsinin milli kitabxanalarına paylanıb. SSRİ-nin demək olar ki, bütün müəssisə və təşkilatlarında kitabların müzakirəsi aparılıb. Brejnev bu kitablara şəxsi imzasını ataraq böyük fəxrlə onları ölkəyə gələn mötəbər qonaqlara hədiyyə edib. Kütləvi İnformasiya vasitələrində Baş katibin yaradıcılıq uğurları haqqında geniş yazılar dərc olunub. Bir sözlə SSRİ həmin dövrdə Leonid İliçin yaradıcılıq ab-havası ilə yaşayıb.

1980-ci ilin aprel ayında Brejnev “müəllif”i olduğu trilogiyaya görə Lenin mükafatına layiq görülüb. Ancaq bu hələ harasıdır, o həmin dövr üçün ağılasığmaz bir məbləğdə 180 min rubl qonorar da alıb.

Brejnevin əsərləri sovet ideologiyası sayəsində populyarlıq qazanmaqla yanaşı, yeni lətifələrin yaranmasına da səbəb olub. Əlbəttə, çoxları yaxşı bilirdilər ki, Leonid İliçin bu kitabların bir sətirindən belə xəbəri yoxdur və beləliklə də el arasında gəzən söz-söhbətlər lətifələrə çevrilib. Onlardan birini xatırlamaq yerinə düşər:

Kremldə Brejnevin trilogiyasının təqdimat mərasimi keçirilir. Natiqlər uzun-uzadı Leonid İliçin tükənməz yaradıcılıq imkanlarından, müəllifi olduğu kitabların əvəzsiz yaradıcılıq məhsulu olmağından geninə-boluna təriflər yağdırırlar. Təriflərdən xoşhallanan Brejnev nəhayət təəcübünü gizlədə bilməyərək yanında əyləşən Çernenkodan pıçıltı ilə soruşur:

- Konstantin Ustinoviç, doğurdanmı bu kitablar belə dəyərlidir?

- Əlbəttə Leonid İliç

- Onda gərək mən də oxuyum.

Brejnev trilogiyasının kimlər tərəfindən yazıldığı bir müddət sirr saxlanılsa da, müəlliflər sonradan məlum olub. O da məlum olub ki, Brejnev kitabın əziyyətini çəkənlərə bir rubl da olsa zəhmət haqqı, qonorar verməyib və yaxud bu haqda göstərişi olmayıb. Qonorar əvəzinə Aleksandr Murzin “Xalqlar dostluğu”, Arkadi Saxnin isə “Oktybr inqlabı” ordeni ilə təltif olunublar.

Müəlliflərdən biri bu münasibəti haqsızlıq kimi qəbul edərək xatirələrində yazıb: “Biz həmin dövr üçün tələb olunan əsərləri lazımi səviyyədə hazırlamışdıq. Sözsüz ki, bu işə kifayət qədər zəhmət sərf etmişdik. Çoxları elə bilirdi ki, kitablara görə bizə Moskvanın mərkəzində mənzil və “Volqa” avtomobili veriblər. Amma heç də belə deyil. Heç bir mənzildən və avtomobildən söhbət gedə bilməz. Halal qonorarımızı verməyəndən sonra hansı hədiyyələrdən danışmaq olar?”.

Brejnevin trilogiyası ilə bağlı meydana çıxan ən maraqlı sual isə odur ki, görəsən Leonid İliç özü o kitabları oxumuşdumu? Kitabın əsl müəlliflərindən biri bu sualı bir sözlə cavablandırıb: “İnanmıram”

Modern.az

 





22.11.2014    çap et  çap et