525.Az

“Helikopterdən düşən cəsəd...”


 

“Helikopterdən düşən cəsəd...”<b style="color:red"></b>

"Düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir"

“Ermənistan Respublikasının hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır”.
 
Bu barədə son günlər baş verənlərlə  bağlı Müdafiə Nazirliyi mətbuat xidmətindən lent.az-ın sorğusuna cavabda bildirilib.
 
Müdafiə Nazirliyi bir daha bildirib ki,  vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur, bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədi güdür: “Tam əksinə, düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmayıb. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə “xüsusi əməliyyat keçirməsi” kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik”.
 
Qeyd edək ki, hadisə ilə bağlı erməni tərəfinin təqdim etdiyi videomateriallara aviasiya uçuşları üzrə hərbi mütəxəssisdən də rəy öyrənilib.
 
Mütəxəssisin bildirdiyinə görə, erməni tərəfinin təqdim etdiyi videomateriallar ustalıqla hazırlanmış çox yaxşı videomontaj kimi qiymətləndirilir: “Pilotların ailələrinə hansı vəziyyətdə onların qalıqları da verilib bunu da təsəvvür etmək çox çətindir. Mi-24 döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin nə texniki, nə fiziki baxımdan, heç nəzəri cəhətdən də ictimaiyyətə göstəriləsi halda olması belə mümkün deyil.

Belə ki, 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması texniki cəhətdən mümkünsüzdür”.
 
 
Mütəxəssis bildirir ki, fiziki cəhətdən insan bədəni yanarkən bədən üzvləri xeyli dərəcədə deformasiyaya uğrayır: “ Odur ki, erməni tərəfinin guya Mi-24 döyüş helikopterinin ekipaj üzvünün cəsədi kimi təqdim etdiyi və elə düz formada videoda əks olunan kimi uzanaraq ölməsi də qeyri-mümkündür. Yəqin ki, bunu az-cox biliyi olan patoloqoanatomlar da təsdiq edər”.
 
Mütəxəssisin fikrincə, təqdim olunan ekipaj üzvlərinin geyim formaları Mi-24 döyüş helikopterinin ekipajına aid olması da çox şübhəlidir və xeyli suallar doğurur: “Nümayiş etdirilən paraşütün qalıqları da birmənalı və ciddi qarşılanmır. Texniki baxımdan “İqla” daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan Mi-24 helikopterin ekipajının qərar qəbul etməsi, hazırlaşması, paraşütlə tullanması və paraşütün ermənilərin təqdim etdiyi görünüşü vəziyyətində qalması nə nəzəri, nə praktiki, nə də fiziki baxımdan mümkün deyil. Paraşüt özü tezalışan, dərhal yanan kapron materialdan hazırlandığından, yüksək dərəcədə yanğın olan zaman onun videoda görünən formada qalması da şübhəlidir. Buradan isə bir nəticə çıxarmaq olar - ermənilərin təqdim etdikləri foto-video görüntülərin helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur”. 
 
Hərbi mütəxəssisinin söylədiyinə görə, “Mi-24” tipli vertolyot katapult sistemi ilə təhciz edilməyib: “Heyətini qəza şəraitində döyüş maşınını tərk etməsi məqsədi ilə heyət komandiri və  operator üçün S-4 (S-4U) tipli paraşüt sistemləri, bort texnik üçün isə tipli paraşüt sistemi nəzərdə tutulub. Həmçinin idarə olunan vertolyotun tərketmə qaydası aşağıdakı kimidir: heyət komandirinin komandası ilə ilk növbədə operator, sonra bort-texnik və sonda heyət komandiri tərk edir. Tərk etmə qaydası belədir:- Operator - giriş lukunun kəsiyindən, bort texnik – yük kabinasının sol qapısından, heyət komandiri isə - giriş lukunun kəsiyindən vertolyotu tərk edir.

Təyyarəçi-operator - qəza tərk etmə qapısını atmalı, oturacaqdan qalxaraq sola dönməli, sol ayağı oturacaq çaşqasına, sağ ayağı isə sol bortun ayaqlığına qoymalı və təkanla bədən üzvlərinin qruplaşmasını icra edərək təkanla vertolyotdan ayrılmalıdır. Bort texnik – bağlayıcı kəmərləri açmalı, sol əllə qapı dəstəyi fiksatorunu sıxmalı və sağ əllə sonadək dəstəyi sağ istiqamətdə döndərməklə itələyərək qapı dirəklərini fiksatora qoymalı, sağ əllə qapı kəsiyinin aşağı hissəsindən tutaraq sol ayağı qapı kəsiyinin aşağı pilləsinə qoymalı və bədən üzvlərinin qruplaşmasını icra edərək təkanla vertolyotdan ayrılmalıdır. Heyət komandiri – qəza giriş qapısını atmalı, bağlayıcı kəmərləri açmalı, qapı girişində yerləşən dəstəkdən tutmalı, sağ ayağı oturacaq çaşkasına qoymalı, sol ayağı vertolyotu idarə etmə dəstəyi və oturacaq arasından keçirməli, giriş qapısının yan kəsiklərindən tutmalı və bədən üzvlərinin qruplaşmasını icra edərək təkanla vertolyotdan ayrılmalıdır. Hündürlük 130 metrədək olarsa paraşütlər geyinilmədən uçuşlara icazə verilir, 220 km/saat sürətdə dərhal paraşütü işə salmaq şərti ilə minimum təhlükəsiz tərketmə hündürlüyü 60 metrdir.

Çəkilişdə göründüyü kimi atəş zərbəsindən sonra güclü partlayış baş verir və vertolyot 3-4 saniyə sonra yerə düşür. Partlayışdan sonra pilotun tərk etmə qərarını verə biləcək hala gəlməsi və döyüş maşının tərk etməsi üçün ən azı 7-10 saniyə vaxt tələb edilir. Bütün bunları nəzərə alaraq belə qərara gəlmək olar ki, çəkilişlərdə  görüntülənən cəsədin vurulan vertolyot heyətinin üzvlrindən birinin cəsədi olması cəfəngiyatdır”.
 
Mütəxəssis deyib ki, burada insan faktoru da nəzərə alınmalıdır: “Partlayış zərbəsi, zərbə dalğası nəticəsində insanın şok vəziyyətə düşməsi, sonra özünə gələrək ekstrimal şəraitdə helikopteri tərk etmək üçün qərar  verməsi və qaydalara müvafiq olaraq helikopteri tərk etməyə çalışması da nəzərə alınmalıdır”.
 
Burada texniki faktorlar da var: “İqla tipli daşınan zenit raket kompleksinin döyüş başlığı 1.5 kq-dır və əlavə olaraq qəlpələrə malikdir.  Yayımlanan çəkiliş görüntülərini nəzərə alsaq, aydın olur ki, partlayış nöqtəsi təxminən  heyət komandirinin başı üzərində baş verir və nəticədə bort texnik və heyət komandirinin salamat qalması və yanmaması ehtimalı sıfıra bərabərdir. Partlayışdan sonra zərbə dalğası nəticəsində operatorun ya da heyət üzvünün isə kənara atılması ehtimalı olsa belə, alov və dağıdıcı zərbə nəticəsində insanın bədənin video çəkilişlərdə göstərilən şəkildə qalması mümkün deyil”.

Lent.az

 





24.11.2014    çap et  çap et