525.Az

Mənə “çurka” demədilər...


 

Mənə “çurka” demədilər... <b style="color:red"></b> Əgər yazmağı bacarırsansa, bu işdən həzz alırsan. Obrazlar yaratmaq, sözlərdən yeni bir dünya qurmaq və oxucunu həmin dünyaya apara bilməkdən zövqlü nə ola bilər ki? Bir şərtlə ki, bunu bacarasan...

Mən Azərbaycan dilində yazmağı bacarmıram, daha doğrusu, istədiyim kimi yaza bilmirəm. Bunu çox istərdim, amma hələ ki, alınmır. Hər yazım redaktorun əlindən keçməsə, hansısa söz, ifadə dəyişdirilməsə, yazı ürəyimcə olmur. Yazmaq istədiyim fikirlər olduğu kimi qalsa da, başa düşürəm ki, bu dil mənim deyil, bu üslub mənim deyil, mən oxucularla belə danışmıram, belə danışmaq istəmirəm. Düzdür, çox adam yazılarımı oxuyub dilini, üslubunu bəyəndiklərini deyirlər, amma özüm bilirəm ki, bu, mənim dilim deyil... 

Yazmayanda da darıxıram. Və məcbur qalıb rus dilindən istifadə etməli oluram. Azərbaycanlı olub, Azərbaycanda yaşayıb rus dilində yazmağa isə, sözün düzü, bir qədər utanıram...

Rusiyada yaşayırdıq. Məktəbimizdə çoxlu azərbaycanlı oxuyurdu. Tənəffüsdə öz dilimizdə danışırdıq, dərsdə Azərbaycan dilində pıçıldaşırdıq. Müəllimlərimiz hirslənirdilər, deyirdilər ki, rus dilində danışın. Rus uşaqlar isə bu mənzərəyə gülüşüb “çurka” deyirdilər. Əslində, müəllimlərimiz haqlı idilər, əgər biz onların ölkəsində yaşayırdıqsa, dillərinə, mədəniyyətlərinə də hörmət etməliydik, biz də onlardan biri olmalıydıq...

Mənə heç vaxt “çurka” demədilər. Mən onlardan biri olmasam da, onlara hörmət etməyi bacardım, dinlərinə, mədəniyyətlərinə və dillərinə hörmətlə yanaşdım.  Sinifdə ən yaxşı oxuyan mən idim; rus uşaqlar ev tapşırıqlarını məndən soruşurdular, ən azından buna görə mənə “çurka” deyə bilməzdilər. Müəllimlərim isə həmişə fənn olimpiadalarında iştirak etməyimi, məktəb tədbirlərində aparıcı olmağımı istəyirdilər. Onlar da buna görə mənə öz dilimdə danışmağıma “yox” deyə bilməzdilər. Rusca şeirlər oxuyandan sonra ardınca Azərbaycan dilində şeir oxuyurdum və müəllimlərim başa düşməsələr də, sakitcə oturub məni dinləyirdilər (Bununla mən sanki onlardan qisas alırdım). Bir vaxtlar evdə də Azərbaycan dilində danışmağıma icazə verməyən müəllimələrim indi kirimişcə oturub Ramiz Rövşənin şeirinə qulaq asırdılar...

İlk dəfə Azərbaycana gələndə çox təəccübləndim. Çox adam rus dilində danışırdı. Və burada yaşayan ruslar özlərinə əziyyət verib bizim dilimizi öyrənmək istəmirdilər. Hələ bu azərbaycanlılar –  ruslara rus dilində cavab verən azərbaycanlıları deyirəm, onları görəndəsə, lap hirslənirdim. Axı, bu adamlar niyə onlara demirdilər ki, Azərbaycanda yaşayırsansa, Azərbaycan dilini öyrən? Niyə demirdilər, bizim öz dilimiz, öz mədəniyyətimiz var və sizdən bu dilə, bu mədəniyyətə hörmətlə yanaşmanızı istəyirik? Bu dərəcədə də “qonaqpərvər”lik olmaz, axı. Onlar ki, bizə qarşı belə deyillər...

Rusiya bazarında baş vermiş bir hadisəni xatırlayıram. Bir azərbaycanlı bazarda pomidor satırdı. Bir nəfər rus qadın ona yaxınlaşdı və pomidorun qiymətini soruşdu, sonra pomidorları bir-bir əlinə götürüb, “pis pomidordur” deyə-deyə əzib yerinə qoymağa başladı. Satıcı qayıtdı ki, bəyənmirsinizsə, almayın, niyə əzirsiniz? Qadın başladı nə başladı, demədiyi söz qalmadı, “çurka” nə sözdür ki, o dediklərinin yanında, ay “hardan gəldiniz bu ölkəyə?”, “ponayexali”, filan...

Onu da deyim ki, rusların hamısı belə aqressiv deyildilər. Qurban bayramında, Novruz bayramında evimizə təbrikə gələn, bizim mədəniyyətimizə, dinimizə, hətta dilimizə maraq göstərən ruslar da var idi, bizimlə dost olan ruslar var idi...

Amma mən Azərbaycanda yaşayıb rus dilində danışan rusları görəndə  narahat oluram. Və özümə təsəlli verirəm ki, rus dilini bilməyimdən istifadə edib Azərbaycan dilinin təbliği ilə məşğul ola bilərəm. Məsələn, Azərbaycan ədəbiyyatından nümunələri rus dilinə çevirib Rusiyada yaymaq olar. Onlar da görər ki, ən müxtəlif dövrlərdə bizim dilimizdə nə qədər dəyərli ədəbiyyat nümunələri yaranıb...

Bəlkə də, hamısı siyasətdi...

Bu yay Rusiya mətbuatına bir hekayə təqdim eləmişdim. Oxudular, bəyəndiklərini bildirdilər, amma hekayə Qarabağla bağlı idi deyə çap eləmədilər. Elə beləcə də dedilər: “Millətlərarası konfliktdir, verə bilmərik”...
Hamısı siyasətdi...
 





24.11.2014    çap et  çap et