525.Az

Vaqif Yusiflinin təqdimatında “Ədəbi həyat”


 

Vaqif Yusiflinin təqdimatında “Ədəbi həyat” <b style="color:red"></b>

Tanınmış tənqidçi, professor Vaqif Yusiflinin bu yaxınlarda “Ədəbi həyat” kitabı işıq üzü görüb. Kitab son illərin “Ədəbi mənzərə”si ilə açılır.

Kitabın “Portretlər”, “XXI əsr ədəbiyyatı” bölümlərində Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Əhməd Cəmil, Balaş Azəroğlu, Əliağa Kürçaylı, Yusif Səmədoğlu, İsi Məlikzadə, Cabir Novruz, Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov, Elçin Əfəndiyev, Elçin Hüseynbəyli, Əjdər Ol, Əlisəmid Kür, Xanım İsmayılqızı, Sona Vəliyeva, Ofelya Babayeva, Adil Cəmil, Əlabbas, Elçin İsgəndərzadə və başqa ədiblərin yaradıcılıqları təhlil olunub.

“Mir Cəlal həqiqətləri” yazısında V.Yusifli görkəmli ədibin alim, yazıçı, publisist, pedaqoq kimi məziyyətlərindən söz açıb.

“O səs indi də yaşayır” məqaləsində müəllif, İlyas Əfəndiyevin özünəməxsus yaradıcılığından bəhs edib: “Elə sənətkar var ki, bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz sənətkar təbiətinə, yaradıcılıq prinsipdərinə sadiq qalır. Buna yaradıcılıqda özünəməxsusluq deyirlər və bu özünəməxsusluq həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə imkan vermir. Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır”.

“...Ənvər Məmmədxanlı XX əsr Azərbaycan nəsrində lirik-romantik üslubun yaradıcılarındandır. Bu üslubu səciyyələndirən birinci əlamət real həyat hadisələrinə lirik-poetik yönümdən yanaşılmasıdır. Gözəlliyin təsviri Ənvər Məmmədxanlı nəsrində gözəlliyin, ülviliyin təsdiqidir. Lirik-romantik üslubu səciyyələndirən ikinci əlamət isə bir qədər formal xarakter daşıyır. Yazıçının dili, təhkiyə tərzi, poetik monoloqları mənsur şeiri xatırladır. Onun nəsrini, dram əsərlərini, hətta adi cəbhə qeydlərini də həyəcansız oxumaq olmur”. Bu fikirlər isə tənqidçinin “Köhnə atları köhnə kişilər minib o dünyaya getdilər” yazısındandır.

“Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir” yazısında V.Yusifli Xalq şairi Vaqif Səmədoğlunun poeziyasını incələyib: “Vaqif Səmədoğlunun şeirlərindəki ağrı-acını, kədəri-qəmi, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın – faniliyin içində əzab çəkir. Vaqif Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə çağdaş poeziyamızda ayrıca bir qodur desəm, səhv etmərəm. Burada Söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına çevrilir”.

“Arazbarı üstə” məqaləsində Sona Vəliyevanın “Arazbarı” kitabı haqqında düşüncələr yer alıb: “Sona Vəliyevanın şeirlərində vətənpərvərlik duyğuları içdən gəlir, patetikadan, oxunmuş kitablardan, Vətən haqqındakı nitqlərdən yox. Bəli, bu kitab bir Azərbaycan qadınının, bir ananın kitabıdır”.

“Dua yağışları”nda Xanım İsmayılqızının şeirlərinin poetik xüsusiyyətləri araşdırılıb: “Xanım İsmayılqızının şeirlərindəki DUA lokal səciyyə daşıyır. Əsasən, anlayışın hərfi mənasından doğur və müəllif fikrinin daşıyıcısına çevrilir. Xanımın şeirlərində belə demək mümkünsə, bir ruh dolaşmaqdadır. Şeirlərini oxuduqca hiss edirsən ki, o ruh deyilən nəsnə onunla doğrudan da ömrün sonuna və ömrün sonundakı nəhayətsizliyə doğru yol gedir. Məsələ burasındadır ki, Xanım İsmayılqızının poetik anlamında mənəvi atributlar ruhla bədən arasında sakindirlər”.

Kitabın “Ədəbi gənclik” bölümündə Natiq Məmmədli, Səhər Əhməd, Pərvin, Cavid Zeynallı, Elxan Qaraqan və digər yazarların yaradıcılığı haqqında mülahizələr öz əksini tapıb.

“Fionanın arxasınca” yazısında V.Yusifli gənc yazıçı Pərvinin yaradıcılığına nəzər yetirib: “Pərvinin hekayələri tematika baxımından da özünəməxsusluğu ilə seçilir. Hadisə, əhvalat, vaqeə bu hekayələrdə sanki ikinci plandadır, əsas xətt hər bir hekayədə təhkiyəçi rolunu öhdəsinə götürən obrazın düşüncələri
üzərində qurulur. Bu düşüncələr hekayələrdə psixoloji effekti artırır”.

“Natiq Məmmədli hekayələrində olduğu kimi, “Ümid körpüsü” romanında da Azərbaycan dilinin həm ədəbi, həm də xalqdan gələn danışıq dilini vəhdət halında qovuşdura bilib. Bizi romanda razı salan bir də odur ki, Natiq Məmmədli təbiət təsvirlərində heyranedici lövhələr çəkməyi bacarır...” Bu fikirləri V.Yusifli yazıçının ilk romanı haqqında rəyində ifadə edib.

“Anım” bölməsində yer alan “Hanı fərmanın, dağlar?” yazısında mərhum ədib Fərman Kərimzadənin yazıçı və insan kimi səciyyəvi cəhətləri vurğulanıb: “Cəmi 52 il yaşadı Fərman Kərimzadə – indi ruhu Azərbaycan torpağını, Vedini, Gəncəbasarı, Beyləqanı, Təbrizi, Dərbəndi, Bakını dolaşan böyük yazıçı, ipək xasiyyətli insan, dostlarının və oxucularının xatirindən heç vaxt silinməyən şəxsiyyət”. Sözügedən bölümdə Məstan Günər, Adil Rəsul və Tahir Qurban da yad edilib.

Sevinc MÜRVƏTQIZI

 





24.11.2014    çap et  çap et