525.Az

Aydın Mirzəzadə : “Partiyadaxili fraksiyaların olmasını istəmirik”


 

Aydın Mirzəzadə : “Partiyadaxili fraksiyaların olmasını istəmirik”<b style="color:red"></b>

“Biz Yeni Azərbaycan Partiyasında fraksiyalar olmasını istəmirik. Partiyamızın özü elə böyük bir fraksiyadır və cəmiyyətdə birlik arzuladığımız halda, təşkilatımız daxilində parçalanmalar olması, heç də yaxşı nümunə olmazdı”.

525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə partiyadaxili demokratiyanın gücləndirilməsi və bir siyasi təşkilat içərisində fərqli fikirlərə malik olan insanların daha sivil mübarizə aparması üçün bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da partiyalar daxilində fraksiyaların olmasının mümkünlüyü məsələsinə münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı  hər bir ölkənin özünün siyasi təcrübəsi, özünün siyasi texnologiyaları var:

 “Hansısa ölkədə ola bilsin ki, Amerikada olduğu kimi, seçkilərə bir il qalmış namizədlər öz namizədliyini irəli sürür, platformalar, seçki fondları yaradır və mübarizə aparırlar. Amerikada bu məsələ özünü doğruldur. Amma Amerika partiya quruluşu Avropada özünün təsdiqini tapa bilmədi və yaxud da bir Avropa ölkəsində siyasi partiya daxilində olan demokratiya digər bir Avropa ölkəsində olan özünü göstərə bilir. Bu gün hər bir ölkə, hər bir siyasi partiya özünün fəaliyyət yolunu tapıb və bu fəaliyyət yolu da gələcək fəaliyyətində özünü təsdiq edəcək”.

A.Mirzəzadə bu baxımdan hesab edir ki, partiya daxilində fraksiya olmamalıdır: “Eyni zamanda, Azərbaycanda hansısa siyasi partiya əgər onu məqbul sayırsa, ona rəvac verirsə, bu, onun seçimidir. Yeni Azərbaycan Partiyasında isə hamının bir yerdə olmağını, hamının bir məqsəd uğrunda mübarizə aparmağını daha ciddi sayıram.

Partiya daxilində fraksiyalaşma istər-istəməz partiyanı parçalayır, istər-istəməz qüvvələrin əbəs yerə sərf edilməsinə gətirir. Ancaq siyasi diskussiyalar, siyasi mübarizə Yeni Azərbaycan Partiyasının daxilində hər zaman var. Bu gün partiyamızın daxilində olan demokratiya heç bir partiyada yoxdur...”

Kamil Həmzəoğlu

                      

 





19.11.2012    çap et  çap et