525.Az

Möhürlü qapılar arxasında gizli danışıqlar


 

TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDLƏRİNİN AÇILMASI DÜŞMƏNİN TÖRƏTDİYİ ƏMƏLLƏRƏ HAQQ QAZADIRMAQDIR

Möhürlü qapılar arxasında gizli danışıqlar<b style="color:red"></b>

Noyabrın 22-23-də Türkiyədə Hrant Dink Fondunun təşkilatçılığı ilə "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" mövzusunda iki günlük beynəlxalq konfrans keçirilib.

Tədbirdə Türkiyə, Ermənistan, ABŞ və Fransadan tanınmış politoloq, konfliktoloq, iqtisadçı-ekspert və siyasətçilər iştirak edib. Ancaq nədənsə, müzakirələrə Azərbaycandan heç kim dəvət olunmayıb.

Ermənipərəst qüvvələrin təşkilatçılığı ilə baş tutan tədbirin Ankara Dövlət Universitetində keçirilməsi və eyni zamanda, təhsil ocağının rəhbərliyinin müzakirələrdə iştirak etməsi bu toplantının Türkiyə hökumətinin də diqqət dairəsində olduğunu göstərir. Bu hadisədən bir müddət əvvəl erməni əsilli Türkiyə vətəndaşı Etyen Mahçupyanı özünə baş məsləhətçi təyin edən Əhməd Davudoğlu bu addımla Ankaranın siyasətində dəyişiliklərin olduğunu göstərib. Yeni vəzifəyə təyin olunmasının ardınca isə E.Mahçupyan Ə.Davudoğluya ilk məsləhəti olaraq soyqırımı etiraf etmə sırasının türklərdə olduğunu bildirib. Hadisələrin xronoloji ardıcıllığı da, rəsmi Ankaranın siyasətində dəyişiklik olduğunu, Ermənistanla münasibətləri düzəltmək istiqamətində fəallıq göstərdiyini hiss etdirməkdədir.

Məsələ ondadır ki, xeyli vaxtdır ABŞ və Qərb dairələri Türkiyə ilə Ermənistanın münasibətlərini qaydaya salacaq "Yol xəritəsi"nin reallaşması yönündə cəhdlər edirlər. Bundan ötrü hətta Türkiyə və Ermənistanda gizli təşəbbüs qruplarının yaradıldığı da yayılan xəbərlər sırasındadır. Bu xəritənin mərkəzində isə sərhədlərin qondarma soyqırımın 100 illiyinədək açılması, yəni, 5 ildir dondurulan "Sürix protokolları"nın nəhayət ki, reallaşdırılması dayanır.

Əksəriyyət iki ölkə arasında dialoqların bərpasını 2008-ci ilin sentyabrında "futbol diplomatiyası" ilə başlandığını düşünsə də, 2007-ci ildən artıq Türkiyə-Ermənistan arasında gizli danışıqların baş tutduğu bəziləri üçün sirr deyil. Rəsmi İrəvanı iqtisadi cəhətdən Türkiyəyə daha sıx bağlamaqla onu Rusiyadan aralamaq və daha müstəqil söz sahibinə çevirmək üçün çalışan qüvvələr, bununla təkcə Ermənistanı deyil, o cümlədən, bütün Cənubi Qafqazı Moskvanın təsir dairəsindən çıxarmağa çalışır.

Bu baxımdan, forumda aktivlik göstərən Türkiyə QHT-lərinin Qərb və Amerika təşkilatlarının bilavasitə dəstəyinə arxalanıb fəaliyyət göstərdiyi şübhə doğurmur. Bu elə həmin qüvvələrdir ki, Azərbaycanda da hüquq müdafiəçisi adı ilə məkrli niyyətlərini həyata keçirən, öz dövlətinə xəyanət edən QHT fəallarını himayə etməklə məşğul olurlar. Azərbaycanın haqq işini dəstəkləmək, 1 milyondan artıq məcburi köçkününün öz torpağında yaşama hüququnun əlindən alınmasına, mülkiyyət hüququnun pozulmasına, erməni təcavüzünə məruz qalmasına qiymət vermək əvəzinə fundamental insan haqlarının pozulması adı ilə təzyiqlərini davam etdirərək ölkəmizi qınaq obyektinə çevirməyi, dünyadan təcrid etməyi qarşısına məqsəd qoyan ermənipərəst qüvvələr Türkiyədə də oxşar ssenari ilə hərəkətə keçərək rəsmi Ankaranı qondarma erməni soyqırımını tanımağa, eləcə də möhürlənmiş sərhəd qapılarını birdəfəlik açmağa çağırırlar.
 
Bu isə ikili standartların təkcə Azərbaycana deyil, eləcə də bütün türk dünyasına qarşı çevrildiyini, dünyada hələ də dini və irqi ayrıseçkiliyin mövcud olduğunu deməyə əsas verir. Qəbul etməliyik ki, bu gün xristian dünyası "İrqçiliyə yox" kampaniysı adı ilə dini və irqi ayrıseçkiliyin qarşısını almaq üçün fəaliyyət göstərdiyini nümayiş etdirsə də, onların niyyətlərinin saxta olduğu bilinməkdədir. Bununla onlar özlərini, islam, yəhudi və digər qeyri-xristiyan millətlərinin təzyiqindən sığortalamağa, lazım olduqda isə dəstəklərinə arxalanmağa çalışırlar.

Qərbin məkrli niyyətləri bununla da bitmir. Türkiyə ilə Azərbaycanın daxilinə nüfuz etdirdikləri, eyni zamanda külli miqdarda pula satın aldıqları QHT fəallarını ortaq tapşırıqlar birləşdirir: iki dövləti qarşı-qarşıya qoymaq, regionda türk asılığını azaltmaq və hökuməti zəiflətməklə dövləti xarici qüvvələrin təsir dairəsinə salmaq. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi isə xarici qüvvələrin regionda ümumi maraqlarının reallaşması, geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməsi üçün ən real imkandır.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Türkiyə siyasətində sərhədlərin açılması məsələsinə  diqqətin artırılması müşahidə olunsa da, hər hansı siyasət dəyişikliyindən söhbət gedə bilməz. Onun sözlərinə görə, Türkiyənin əsas məqsədi yalançı erməni soyqırımının yüzilliyi ilə bağlı gözlənilən basqıları yola verməkdir və buna görə də hər cür taktiki addımlar sürpriz olaraq qarşımıza çıxa bilər: "Ancaq bütün hallarda Türkiyənin Ermənistan siyasətində hansısa narahatedici məqamların ortaya çıxması mümkün kimi görünür. Hər halda sürprizlərə hazır olmalıyıq".

Son dövrdə Etyen Mahçupyanın dövlət müşaviri təyin edilməsinin ardınca baş verən narahatedici hadisələrə də toxunan millət vəkili F.Mustafa erməni təhlükəsinin hər zaman nəzərə alınmasını vacib saysa da, Türkiyəni idarə edənlərin erməni ağlı ilə hansısa ciddi qərarlar qəbul edəcəklərinə də inanmadığını bildirib.

"Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransın Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq, müəyyən təxribatlar aparmaq məqsədi daşıdığını deyən millət vəkili Zahid Oruc Türkiyə  ilə Azərbaycan əlaqələrini heç nə ilə əvəz etməyin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, "Aqos" qəzeti və o çevrədə müəyyən solçu qüvvələr, xarici ölkələrlə birgə Türkiyə-Ermənistan arasında məlum embarqonun aradan qaldırılması, sərhədin bağlanmasına son qoyulması yolunda çox böyük fəaliyyət göstəriblər: "Bunun ən sonuncusu İsveçrədə məlum protokolların imzalanması idi. Məhz Azərbaycanın güclü iradəsi, dövlət başçısı və cəmiyyətimizin türk xalqına etdiyi müraciətlər və Türkiyə insanlarının da bu məsələ fonunda öz iqtidarına təsiri sənədlərin hüquqi qüvvəyə minməsinin qarşısını alıb".

Millət vəkili hesab edir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması Dağlıq Qarabağ prosesini dondurmaqla yanaşı, işğalçını daha da stimullaşdırır:

"Hazırkı dövrdə Rusiyanın Ukrayna ilə münasibətlərinə görə, bütün Avropa dövlətləri və ABŞ şimal qonşumuza qarşı çox ciddi sanksiyalar tətbiq ediblər. Hesab edirlər ki, bu, məlum hadisələr fonunda Rusiyanı öz fikrindən daşındırmaq vasitəsidir. Yəni, bu halda tətbiq olunan ticarət embarqoları ən mühüm vasitədirsə, necə ola bilər ki, onlar özləri bunu stimullaşdırdıqları halda, daha çox dövlətləri bu prosesə qoşmağa çalışdıqları təqdirdə Türkiyəni Ermənistanla əlaqələrə, əməkdaşlığa, siyasi münasibətlərin tanınmasına, geniş ticari razılaşmalara səsləyirlər. Bu məsələnin üzərində düşünəndə qənaət ondan ibarət olur ki, Qərb sadəcə öz maraqlarına toxunan məsələlərdə hərəkətə keçmiş olur. O sərhədlər Türkiyə məsələsində Ermənistanın tarix boyu tutduğu bədnam mövqedən əlavə olaraq, Azərbaycan ərazilərinin işğalı faktı nəzərə alınaraq bağlanıb.

Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyən qüvvələr nəyi bizə təlqin etmək istəyirlər? Düşünürlər ki, bir tərəfdən, Qərb Rusiya ilə bütün münasibətləri dayandırsın, o biri tərəfdən Ermənistan işğalçı olduğu halda, bütün beynəlxalq əlaqələrə, mükafatlandırmalara sahib olsun. Halbuki Türkiyə sərhədlərini Ermənistanın üzünə açsa, onda nəinki ermənilərin Qarabağda möhkəmlənməyi daha da kəskin bir şəkil alacaq, o cümlədən bu, onların yeni bir güc almalarına və nəticə etibarilə Azərbaycana gələcəkdə daha ciddi zərbə vurmalarına təsir göstərəcək. Ona görə də biz bu konfranslara kəskin etirazımızı bildirərkən məramımızı açıq ortaya qoyuruq".

Z.Oruc deyib ki, Ermənistanın sərhədlərinin nəinki Türkiyə ilə, eləcə də Azərbaycanla da açılmasının şərtləri dəfələrlə səsləndirilib: "Yetər ki, Ermənistan işğalı dayandırsın, ərazilərdən öz silahlı qüvvələrini çıxarsın, normal bir diplomatik tanınma mövqeyini ortaya qoysun, bu halda Azərbaycan və Türkiyə, o cümlədən bütövlükdə bölgədə Ermənistan ayrı bir münasibətə layiq görülə bilər".

Türkiyə Xarici İşlər Nazirliyinin icra aparatının keçmiş rəhbəri Faruk Loğoğlu hesab edir ki, sərhədlərinin açılması Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. "Trend"in məlumatına görə, o, qeyd edib ki, "Möhürlü qapılar" adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişiklik edilməsi qardaş Azərbaycanla münasibətlərin pisləşməsinə səbəb ola bilər: "Türkiyə-Ermənistan sərhədlərinin möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün o qapılar həmin vaxt bağlanıb".

F.Loğoğlu bildirib ki, bu cür konfransların Türkiyənin xarici siyasətinə dəxli yoxdur, olmamalıdır və ola da bilməz: "İşğal faktı aradan qaldırılmayıb. İndi sərhədlərin açılması barədə hər hasnı bir söhbətin getməsi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. Türkiyə Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin.

Ancaq Ermənistanın bu xəbərdarlıqlara və torpaqların işğaldan azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin heç birinə əməl etməyib. Ona görə də, Türkiyənin belə konfranslar nəticəsində möhürlü qapılar açmaq barədə düşünməsi Ermənistanın işğalçı siyasətini genişləndirməsi istiqamətində cəsarətləndirə bilər. Digər tərəfdən, işğal edilmiş torpaqlar qardaş Azərbaycanın torpaqlarıdır. "Möhürlü qapılar" adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişiklik edilməsi qardaş Azərbaycanla Türkiyə arasında  münasibətlərin kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. Bu da qəbuledilməz durumdur".

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel konfransı türk millətinin yaddaşını unutdurmaq üçün atılan addım kimi qiymətləndirdi.Bozyel qeyd edib ki, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: "Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil".

MHP-nin parlament fraksiyasının həmsədri, tarixçi porfessor Yusif Halaçoğlu isə bildirib ki, Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz: "Türkiyədə heç bir möhürlü qapı yoxdur. Möhürü açılacaq qapı varsa,  o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəltdikləri "soyqırım" iddialarına puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Bostan arxivi və daşnakların digər ölkələrdəki arxivləridir".

Qeyd edək ki, Türkiyə Ermənistan sərhəddini 1993-cü il aprelin 8-də bağlayıb. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin həmin vaxt  Kəlbəcər rayonunu işğal etməsi olub. Y.Halaçoğlu bildirib ki, Rusiyanın dəstəyini alan Ermənistan həmin vaxtlar Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı "soyqırım" və torpaq iddiaları olduğunu xatırladan tarixçi, əlavə edib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır: "Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı sanksiya tətbiq etməli idi və bunu da etdi. Burada heç bir möhürlü qapıdan da söhbət gedə bilməz. Sərhədlər qapalı qalmalıdır, bunun günahkarı Ermənistandır".

Hətta, Rəcəb Təyyib Ərdoğanın Suriya və İraq siyasətini bəyənməyən və kəskin narazılığını bildirən sabiq dövlət başçısı Adulla Gülün tərtib etdiyi bu siyahıya dövlət başçısının Ermənistan siyasətini də əlavə etmək olar. Onun təbirincə desək, Rəcəb Təyyib Ərdoğan yürütdüyü siyasətdən əl çəkməsə, bu Türkiyənin dağılması ilə nəticələnə bilər. Xüsusilə, ermənilərin qondarma soyqırımlarının 100 illiklərinə hazırlaşdıqları ərəfədə Türkiyədə Ermənistana dəstək xarakterli konfransların baş tutması və Azərbaycanın Dağlıq Qarabağ torpaqlarının və ətraf  7 rayonunun ermənilər tərəfindən işğalından sonra  möhürlənən sərhəd qapılarının açılması ilə bağlı müzakirələrin aparılması təcavüzkara haqq qazandırmaqdır. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar möhürlənən qapıların açılması təkcə iki dövlətin bölgədəki qarşılıqlı əməkdaşlığına zərbə vurmayacaq, eyni zamanda, Ermənistanı 21 illik iqtisadi bloka şəraitindən azad edəcək ki, bu da Dağlıq Qarabağ münaqişənisinin sülh yolu ilə həllini növbəti onilliklərə daşıyacaq.

Ceyhun ABASOV

 





25.11.2014    çap et  çap et