525.Az

Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri keçirilir - Fotoreportaj


 

MƏDƏNİYYƏT GÜNLƏRİ ÇƏRÇİVƏSİNDƏ BAKIDA “TÜRKYƏ RƏNGLƏRİ” ADLI SƏRGİ AÇILIB

Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri keçirilir - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycanda Türkiyə Mədəniyyəti Günlərinə start verilib.

Bu münasibətlə Azərbaycanda səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi ilə nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və ulu öndəri ehtiramla anıb. Sonra qonaqlar Şəhidlər Xiyabanında olublar, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Türkiyə Mədəniyyəti Günləri çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin
türkiyəli həmkarı Ömər Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Əbülfəs Qarayev ötən il Türkiyənin üç şəhərində keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərinin mədəniyyətimizə və incəsənətimizə böyük maraq doğurduğunu söyləyib. Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycanda Türkiyə Mədəniyyəti Günləri də əlamətdar hadisəyə çevriləcək, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına təkan verəcək. Bu həm də Türkiyə mədəniyyəti ilə daha yaxından tanışlıq üçün böyük əhəmiyyət kəsb edir. Bodrumda türkiyəli nazirlə keçirdiyi görüşü xatırladan Ə.Qarayev mədəniyyətin və turizmin inkişafına, birgə layihələrin həyata keçirilməsinə dair aparılan fikir mübadiləsinin, imzalanan bir çox sənədlərin önəmini vurğulayıb. O, hər iki tərəfdən turistlərin sayının ildən-ilə artdığını, bir neçə birgə layihənin həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik deyib: “Biz qardaş Azərbaycanda özümüzü evimizdəki
kimi hiss edirik. Bizim dilimiz, dinimiz, tariximiz birdir, gələcəyə ümumi baxışlarımız var. Demək olar ki, ümumi razılığa gələ bilmədiyimiz heç bir məsələ yoxdur. Biz öz irsimizi hər zaman dəyərləndirməli, qardaşlıq əlaqələrimizi daha da dərinləşdirməliyik”.

Türkiyəli nazir hər iki ölkədə keçirilən mədəniyyət günlərinin qardaş xalqlarımızın bir-birinin mədəniyyətini daha yaxından öyrənmələri baxımından önəmini vurğulayıb. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun da iştirak edib.

Mədəniyyət günlərinin açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilib, əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib: «Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində ilk dəfə bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi olur. Azərbaycan və Türkiyə rəhbərlərinin dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verir. Bu yaxınlarda Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə İstanbulda “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib. Biz bu mühüm hadisəni maraqla izlədik və Türkiyə xalqının Azərbaycanın bu uğuruna nə qədər çox sevindiyinin bir daha şahidi olduq».

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib: «Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir. Bakıda Türkiyə Mədəniyyəti Günlərinin təşkili Azərbaycan ilə Türkiyə arasında təkcə siyasət və iqtisadiyyat deyil, mədəniyyət və incəsənət sahələrində də möhkəm münasibətlərin olduğunu sübut edir. Mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub».

Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib.

Sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu Mehteran kollektivinin, Nilgün Kızılcının, Zafer Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının, Əməkdar artist Azərinin çıxışları olub.

Türkiyə Mədəniyyət Günləri çərçivəsində Bakı Muzey Mərkəzində “Türkiyə rəngləri” sərgisinin açılışı olub.

Açılışa qatılan Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edərək, Bakıda Türkiyə Mədəniyyət Günlərini mühüm mədəni hadisə adlandıraraq təşkilatçılara təşəkkürünü bildirib: “ Türkiyə Mədəniyyət Günlərini Azərbaycanda keçirilməsi mühüm mədəni hadisədir. Bildirmək istərdim ki, hər başarılı işin arxasında bir qəhrəman olur. Bu tədbirin qəhrəmanı bizim Mədəniyyət və Tanıtma müşavirimiz Seyit Ahmet Arslandır. Sözün əsl mənasında Türkiyə Mədəniyyət həftəsinin, Azərbaycanda təşkilində böyük əməyi olan müşavir Seyit Ahmet bəyə öz təşəkkürlərimi bildirirəm”.

Onu da deyək ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunla yanaşı, Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan və səfirliyin digər diplomatları, Azərbaycan Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov və digər ictimai xadimlər iştirak ediblər.

Daha sonra qonaqlar, Türkiyədən Azərbaycana gələn sənətçilərin "Əl sənətləri" və "Türkiyədən Rənglər" adlı foto-sərgilərinə baxış keçiriblər.

“Türkiyə rəngləri” adı altında keçirilən sərgi noyabrın 27-dək davam edəcək.

Sevinc MÜRVƏTQIZI

 





25.11.2014    çap et  çap et