525.Az

Azər Badamov: "Belə davam etsə, meyvə bağlarının perspektivi olmayacaq"


 

MİLLƏT VƏKİLİ QAZLAŞDIRMANIN LƏNG APARILMASINDAN ŞİKAYƏTLƏNDİ

Azər Badamov: "Belə davam etsə, meyvə bağlarının perspektivi olmayacaq"<b style="color:red"></b> "Qusar rayonda qazlaşma çox yavaş aparılır və rayon sakinləri də qazlaşmadan kənarda qaldıqlarına görə həm qəbullar, həm də görüşlər zamanı mütəmadi öz narahatlıqlarını hökumət üzvlərinə  çatdırmalarını xahiş edirlər".
 
Bunu mətbuata açıqlamasında  həmin rayondan olan millət vəkili Azər Badamov dilə gətirib. Onun qeyd etdiyinə görə, bu məsələni parlamentdə ötən həftə 3 gün davam edən büdcə müzakirələrində də vurğulayıb: 

"Rayonun 90 yaşayış məntəqəsindən cəmi  27-si təbii yanacaqla təmin olunub ki, bu da  rayon əhalisinin 28,8 faizini təşkil edir.  Şahdağ turizm kompleksinə qaz xətti  çəkilən zaman  magistral boru vasitəsilə  yaxın-ətraf kəndlərin qazlaşdırılması nəzərdə tutulmuşdu və hətta yaşayış məntəqələrə  xətlərin çəkilməsi üçün  çıxışlar da saxlanılmışdı. Yəni,  Avaran, Xurel kəndləri  başda olmaqla, az maliyyə xərclənməklə magistral xəttin ətrafındakı 9 kəndin qisa zamanda  qazlaşdırılması mümkündür.  Eyni zamanda, büdcə müzakirələrində də qeyd etdiyim kimi, rayonumuzla bağlı ikinci problem  Qusar şəhərinin mərkəzində yerləşən və qəzalı vəziyyətdə olan 2 saylı uşaq bağçasının yenidən tikilməsi ilə əlaqədardır.

Keçən ilin büdcə layihəsinin müzakirləri zamanı da məsələ ilə əlaqədar fikrimi səsləndirmişdim. Həm də əlaqədar təşkilatlara da müraciət etmişəm. İqtisadiyyat və Sənaye  Nazirliyi tərəfindən bildirilib ki, gələn ilin investisiya planı çərçivəsində məsələ öz həllini tapacaq. Amma yenə də təkrarən iqtisadiyyat və sənaye həmçinin, maliyyə nazirlərimizdən qeyd etdiyim bu iki məsələni 2015-ci il dövlət investisiya proqramına salınaraq həll olunması üçün tapşırıq vermələrini bir daha xahiş edirəm".

A.Badamov həmçinin qeyd edib ki, aqrar sahənin stimullaşdırılması məsələsinə yenidən baxılmalıdır:

"Xüsusilə emal müəssisələrin regionlarda  inkişaf etdirilməsi və emal müəssisələri tərəfindən satın alınan kənd təsərrüfatı məhsullarının alış qiymətlərini bazara uyğun şəkildə, fermerlerin rentabelliyini gözləməklə hökumət tərəfindən müəyyən edilməlidir. Regionlarda emal sənayesi müəssisələrin sayı artırılmalıdır ki, emal müəssisələrinin alış qiymətlərində rəqabət yaransın. Mövcud emal müəssisələri tərəfindən kənd təsərrüfatı məhsullarının maya dəyərindən aşağı qiymətlərlə alışı davam edərsə, aqrar sahəyə qoyulan maliyyə vəsaitlərinin əhəmiyyəti və nəticədə də minbir zəhmətlə becərilərək meydana gəlmiş meyvə bağlarının perspektivi olmayacaq".

K.HƏMİDOV
 





25.11.2014    çap et  çap et