525.Az

İlyas Əfəndiyevin 100 illiyi Heydər Əliyev Sarayında qeyd edilib


 

İlyas Əfəndiyevin 100 illiyi Heydər Əliyev Sarayında qeyd edilib<b style="color:red"></b>

Heydər Əliyev Sarayında Xalq yazıçısı, Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubiley gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə sarayın foyesində ədibin həyat və yaradıcılığını əhatə edən foto və kitab sərgisi ilə tanış olublar.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş yazıçının mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açıb: "İlyas Əfəndiyevin bu yubiley mərasimi xüsusi məna daşıyır. Çünki o, XX əsrdə klassik Azərbaycan ədəbiyyatını müasir ədəbi düşüncəyə qovuşduran ən etibarlı körpülərdəndir. Bütün şüurlu həyatını davamlı olaraq yaradıcılığa həsr edən İlyas Əfəndiyevin adı çəkilərkən, ilk növbədə, gözlərimizin önündə böyük nəsr ustadının parlaq siması canlanır. Çəkinmədən demək lazımdır ki, İlyas Əfəndiyevin yaradıcılığı nəinki Azərbaycan, eyni zamanda, dünya ədəbiyyatında mühüm hadisədir. Hələ ulu öndər Heydər Əliyev ötən əsrdə ona Dövlət mükafatını təqdim edərkən sənətkarın yaradıcılığını yüksək qiymətləndirib.

İlyas Əfəndiyevin "Söyüdlü arx", "Körpüsalanlar", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və digər roman və povestləri ədəbi incilər səviyyəsində bu gün də bədii üslub və məzmun baxımından aktualdır və yeni nəsil oxucu kütlələrinin dərin marağına səbəb olur. Ədibin ilk pyesinin səhnəyə qoyulduğu 1944-cü ildən bizi 70 il ayırır. Onun qələmindən çıxan 22 pyes isə hər zaman insanları mənəvi kamilliyə, müasirliyə, sevgiyə, mərdliyə, nikbinliyə səsləyir. Azərbaycanda elə bir teatr səhnəsi yoxdur ki, orada görkəmli dramaturqun "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Bizim qəribə taleyimiz", "Büllur sarayda", "Bağlardan gələn səs", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Qəribə oğlan" və digər pyesləri tamaşaya qoyulmasın. Bu gün də Azərbaycan teatrı İlyas Əfəndiyevin pyesləri ilə nəfəs alır. O, milli dramaturgiyamızda yeganə ədibdir ki, təsirli qələminin məhsulu olan, ilk tamaşası 1968-ci ildə göstərilən "Unuda bilmirəm" pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təqribən 500 dəfə səhnəyə qoyulub. Azərbaycanın teatr poetikası bədii-estetik dəyərini geniş mənada "İlyas Əfəndiyev teatrı"nda tapıb. Ədib özünün "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib. İlyas Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.

Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib".

Yubiley gecəsində qeyd olunub ki, hazırda rus, ingilis, alman, fransız, türk, qazax, türkmən, tacik, litva, eston, ukrayn, belarus, ispan, qırğız, gürcü və digər xalqların oxucuları ədibin əsərlərini öz dillərində mütaliə edirlər: "İlyas Əfəndiyev yüksək istedadı və yaradıcı zəhməti ilə yazıçı anlayışı hüdudlarını keçərək, sözün əsl mənasında, milli mədəniyyət xadimi səviyyəsinə yüksəlmiş şəxsiyyətlərdəndir. Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı XX əsrin 90-cı illərində də məhsuldar olub, görkəmli dramaturq yeni pyeslər ortaya qoyub. Sənətkarın yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur, o, əsərlərində Qarabağın qədim tarixini əks etdirib".

Vurğulanıb ki, İlyas Əfəndiyevin 100 illik yubileyinin bu il UNESCO-da təntənə ilə qeyd olunması ədibin yaradıcılığına dünya miqyasında göstərilən marağın bariz nümunəsidir. Həmçinin bir neçə gündən sonra Ankarada TÜRKSOY tərəfindən İlyas Əfəndiyevin yaradıcılığına həsr olunan beynəlxalq simpozium işə başlayacaq.

Görkəmli ədibin oğlu, Xalq yazıçısı Elçin Əfəndiyev jurnalistlərə müsahibəsində bildirib ki, bu il yanvarın 16-da Azərbaycan Respublikası Prezidenti tərəfindən "İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalanıb: "Ondan sonra Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada İlyas Əfəndiyevlə əlaqədar tədbir keçirilməsin. Mən bütün ailəmiz adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. İlyas Əfəndiyevin yubileyi təkcə respublikamızda deyil, onun sərhədlərindən kənarda da qeyd olunub. Həmçinin TÜRKSOY Ankarada İlyas Əfəndiyevin 100 illiyini qeyd edəcək. Məndə belə bir təəssürat var ki, onun ikinci bir həyatı başlayır. İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də vəfat edib. Ondan sonra onun ikinci bir yazıçı ömrü başladı ki, bu müddətdə haqqında nə qədər kitablar, eləcə də dəfələrlə özünün əsərləri çap olunub, pyesləri tamaşaya qoyulub. Yaradıcılığının böyük bir hissəsi Sovet dövrünə təsadüf etsə də, əsərlərinin aktuallığı onu göstərir ki, İlyas Əfəndiyev ideologiyaya yox, sənətə və ədəbiyyata xidmət edib. Bu isə xalqa xidmət deməkdir".

Mərasim İlyas Əfəndiyevin əsərləri əsasında hazırlanmış ədəbi-bədii proqramla davam etdirilib.

Qədim və müasir Azərbaycanın, eləcə də unudulmaz Qarabağımızın bənzərsiz koloritlərinin əks olunduğu səhnədə tanınmış sənət ustaları tərəfindən Xurşidbanu Natəvan, Şeyx Xiyabani və Ağabəyim xanımın milləti birliyə, ucalığa, saflığa səsləyən ölməz fikirləri səsləndirilib.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin və Dövlət xor kapellasının ifasında musiqilər səslənib.

Yubiley gecəsində İlyas Əfəndiyevin "Sarıköynək və Valehin nağılı", "Mənim günahım", "Sevgililərin cəhənnəmdə vüsalı" və digər tamaşalarından parçalar təqdim olunub. Həmçinin Azərbaycanın tanınmış yazıçı, şair və rejissorlarının vaxtı ilə böyük ədib haqqında söylədikləri ölməz fikirlər bir daha diqqətə çatdırılıb.

Gecədə gənc və tanınmış musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları da səslənib.

S.ABDULLAYEVA

 





25.11.2014    çap et  çap et