525.Az

Xalq şairi Fikrət Qocanın İtaliyada daha bir yaradıcılıq gecəsi olacaq


 

Xalq şairi Fikrət Qocanın İtaliyada daha bir yaradıcılıq gecəsi olacaq<b style="color:red"></b>

Tanınmış italiyalı bəstəkar və şair, ölkəmizin dostu Davide Qualtierinin və "Azəri" Mədəniyyət Assosiasiyasının təşkilatçılığı, eləcə də İtaliya Milan icra hakimiyyətinin təşəbbüsü ilə noyabrın 30-da Palazzo Marinoda Azərbaycanın Xalq şairi Fikrət Qocanın və Azərbaycan əsilli şair Viktor Permyakovun yaradıcılıq gecəsi təşkil olunacaq.

Bu barədə qəzetimizə İtaliyada fəaliyyət göstərən "Azəri" Mədəniyyət Assosiasiyasının prezidenti  Mayis Nuriyev məlumat verib:
 
"Davide Qualtieri bu yaradıcılıq gecəsində şairlərin şeirləri əsasında poeziya, musiqi və rəqs improvizasiyasının sintezi ilə çıxış edəcək".

M. Nuriyevin verdiyi məlumata görə, yaradıcılıq gecəsi keçirilən digər bir şair - Viktor Permyakov Rusiyada - Volqoqrada yaşasa da, əslən azərbaycanlıdır:

"Anası azərbaycanlı, atası rus olan Viktor Permyakov Gəncə şəhərində doğulub və təhsil alıb. Rusiyada bir çox şeir kitabı nəşr olunub. İtalyan dilini yaxşı bilən V. Permyakov həm də Volqoqrad Konservatoriyasının professorudur". M.Nuriyev bu cür yaradıcılıq tədbirlərinin  davamlı olacağını vurğulayıb.

Xatırladaq ki, bu ilin fevral ayında da Milan şəhərində Xalq şairi Fikrət Qocanın yaradıcılıq gecəsi təşkil edilmiş və Azərbaycandan da nümayəndə heyəti mərasimə qatılmışdı.

S.MÜRVƏTQIZI

 





25.11.2014    çap et  çap et