525.Az

Türkiyədəki 15 diaspor təşkilatı girovlarla bağlı bəyanat yaydı


 

Türkiyədəki 15 diaspor təşkilatı girovlarla bağlı bəyanat yaydı<b style="color:red"></b> Türkiyədəki azərbaycanlı diaspor təşkilatları Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəmə” prosesinə etiraz əlaməti olaraq bəyanat yayıblar.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev guya sərhədləri pozmaqda ittiham edilərək heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesində mühakimə olunurlar.
 
Türkiyədəki Azərbaycan təşkilatları bildirirlər ki, bu torpaqlarda doğulmuş, böyümüş Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənov Ermənistanın işğal siyasəti nəticəsində öz yurdundan zorla çıxarılmış Azərbaycan vətəndaşlarıdır: “Kəlbəcər ərazisində onların dədə-babaları uyuyur. Öz doğma torpaqlarına yaxınlarının məzarlarını ziyarət etmək, bir vaxtlar yaşadıqları kəndi görmək ümidi ilə gediblər. Onların heç bir gizli planı və təxribatçı niyyəti olmayıb. Onlar doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğalı altında saxladığı ərazilərə keçərkən girov götürülüblər”.
 
Bəyanatda eyni zamanda Ermənistan tərəfinin girovlarla qəddarcasına rəftarı vurğulanır. Qeyd olunur ki, azərbaycanlı Həsən Həsənov vəhşicəsinə qətlə yetirilib: “Digər girovlar da mənəvi, fiziki işgəncələrə məruz qalır”.
 
Diaspor təşkilatları bu bəyanatla dünya ictimaiyyətini baş verənlərə biganə qalmamağa çağırır: “Dünya Ermənistanın bu işğalçı siyasətinə “dur” deməli  və azərbaycanlı girovların tezliklə azad edilməsi üçün lazımlı addımları atmalıdır".
 
Bəyanat Türkiyədə fəaliyyət göstərən TADEF – Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Kocaeli Azərbaycan Evi Dərnəyi, Dərincə Azərbaycan Evi Dərnəyi, Gəbzə Azərbaycanlılar Dərnəyi, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi daxil olmaqla 15 təşkilatın adından yayılıb.
 





25.11.2014    çap et  çap et