525.Az

"Beynəlxalq təşkilatlar ermənilərin törətdikləri vandal aktlarını görməzliyə vururlar"


 

Müsahibimiz Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Fatma Əliyevadır.

"Beynəlxalq təşkilatlar ermənilərin törətdikləri vandal aktlarını görməzliyə vururlar"<b style="color:red"></b>

- Fatma xanım, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçən Ermənistan silahlı qüvvələrinə məxsus helikopter  Azərbaycan Silahlı Qüvvələrinin müdafiənin ön xəttindəki mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulub. Bu hadisə böyük rezonansa səbəb olub. Sizin də partiya sədri olaraq mövqeyinizi bilmək istərdik.

- İşğalçı Ermənistan dövləti çox yaxşı bilirdi ki, Azərbaycanın işğal olunmuş əraziləri üzərindəki hava məkanı üçün  uçuşlar bağlı elan edilib. Ona görə də  Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulmasında günahkar elə onların özləridir. Ermənistan tərfi özünə haqq qazandırmaq üçün iddia edir ki, guya vurulan helikopter  qondarma "Dağlıq Qarabağ Respublikası"na məxsusdur. Ancaq aparılan araşdırmalardan sonra məlum oldu ki, Azərbaycan mövqelərinə hücuma keçməyə cəhd edərkən məhv edilənlər erməni hərbçiləridir. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqelərini davam etdirir, işğalçılıq siyasətindən əl çəkmək istəmirlər.

Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə, çoxsaylı hərbi qüvvə və müxtəlif növ texnika ilə işğal olunmuş ərazilərdə, o cümlədən, qoşunların təmas xəttində hərbi təlimlər  keçirirlər. Hazırda Ermənistan və erməni lobbisi həm də informasiya təxribatına keçərək baş vermiş hadisənin məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa çalışırlar.
Ancaq hazırkı gərginlik Ermənistanın işğalçı siyasətinin, danışıqlar prosesini yenidən pozmaq cəhdinin məntiqi nəticəsidir və mövcud vəziyyətə görə məhz Ermənistan rəhbərliyi birbaşa məsuliyyət daşıyır.

- Bəzi beynəlxalq təşkilatlar erməni helikopterinin vurulmasından narahat olduqlarını bildiriblər. Sizcə bu, narazılığa  əsas varmı?

-Hazırda dünya birliyində ikili standartların, siyasi riyakarlığın və ayrı-seçkiliyin mövcud olması hamıya bəllidir. Bunu Ermənistan dövlətinin beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik etməsinə heç bir reaksiya verilməməsi də təsdiqləyir. Xatırlatmaq istərdim ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 21 il bundan əvvəl qəbul olunmuş 4 qətnaməsi var. Bu qətnamələr bu günə qədər hələ də icra olunmamış qalır.

Bundan başqa, İslam Konfransı Təşkilatı, Avropa Şurası  və digər beynəlxalq qurumlar da Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul ediblər. Lakin bunların hamısı bu vaxta qədər kağız üzərində qalıb. Necə olur ki, BMT Təhlükəsizlik Şurası İraq, Liviya, Ukrayna və digər ölkələr haqqında qətnamə qəbul edərkən həmin qətnamələrin mürəkkəbi qurumamış icra olunur, ancaq Ermənistan haqqında qəbul olunmuş qətnamələr 21 ildir ki, icra olunmur? Yaxşı olardı ki, erməni helikopterinin vurulmasından narahat olan beynəlxalq təşkilatlar bu qətnamələri xatırlasınlar və 21 ildir icra olunmamasına narahatıqlarını bildirsinlər.

Biz bu məsələləri pariyamızın Siyasi Şurasında da müzakirə etmişik, beynəlxalq aləmdə baş verən ikili standartlara, riyakar siyasətə və ayrı-seçkiliyə ciddi narazılığımızı bildirmişik və  bununla bağlı bəyanat qəbul etmişik.

-Konkret olaraq hansı beynəlxalq təşkilatların narahatlığını nəzərdə tutursunuz.

-Fikir verin, Avropa İttifaqının xarici siyasət fəaliyyəti xidməti münaqişə zonasında Ermənistan hərbi helikopterinin vurulmasından sonra münaqişə tərəflərini təmkinli olmağa çağırıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri də insidentlə bağlı narahatlığını bildiriblər. Həmsədrlər münaqişə tərəflərini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gətirib çıxara bilən addımlardan qaçmağa çağırıblar. Hətta, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki helkopterdə həlak olanların ailə üzvlərinə başsağlığı verərək rəsmi Vaşinqtonun insan itkisindən təəssüfləndiyini bildirib.

Görəsən, Dövlət Departamentinin sözçüsü Ermənistan silahlı qüvvələri tərfindən qətlə yetirilmiş 20 mindən çox azərbaycanlının ailəsinə niyə başsağlığı verməyib? Ermənilərin törətdikləri dəhşətli vandal aktları nəticəsində 2 mindən çox azərbaycanlı ömürlük şikəst olub. Dünyanı lərzəyə salan Xocalı soyqırımı haqqında bir kəlmə də olsun danışmırlar. İndi isə işğal etdikləri ərazilərdə hərbi təlimlər keçən, üstəlik Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutan helikopterin cavab atəşi ilə susdurulması niyə onlarda belə təlaş və narahatçılıq yaradıb? Təəssüf doğuran budur ki, nə həmsədrlər, nə beynəlxalq təşkilatlar helikopterin Azərbaycanın işğal altındakı ərazilərində məhv edildiyinə toxunmurlar, bu faktın üstündən keçərək guya "narahat" olduqlarını bildirirlər. Halbuki, Azərbaycan tərəfi işğal olunmuş ərazilər üzərində hava məkanını 1993-cü ildən mülki uçuşlar da daxil olmaqla, bağlı elan edib və beynəlxalq təşkilatları da bu barədə məlumatlandırıb.

-Fatma xanım, dəfələrlə Ermənistanın tərəfinin məqsədyönlü təxribatlarının şahidi olmuşuq. İşğalçı dövlətin mütəmadi olaraq  təxribat əməlləri törətməsinin əsas səbəbini nədə görürsünüz?

- Son illər Ermənistan silahlı qüvvələri təxribat əməllərinin sayını daha da artırıblar. Onlar ermənipərəst himayədarları olan bəzi beynəlxalq təşkilatlar vasitəsilə guya Azərbaycanın atəşkəsi pozması barədə rəy formalaşdırmaq istəyirlər. Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanılması məqsədi daşıyır. Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır.

Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Düşmənin bütün cəhdlərinə baxmayaraq, onlar gündən- günə mətinləşən Azərbaycanın Milli Ordusu qarşısında davam gətirə bilməyəcəklər. İşğalçı Ermənistanın beynəlxalq hüququn  norma və prinsiplərinə hörmətsizliyinə göz yuman bəzi beynəlxalq təşkilatların bütün yalanlarına, qərəzlərinə və siyasi riyakarlıqlarına baxmayaraq Azərbaycanın dünya birliyindəki mövqeləri getdikcə möhkəmlənir.

Vəfa MƏMMƏDLİ

 





26.11.2014    çap et  çap et