"Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsi bəzi məkrli dairələr tərəfindən vaxtaşırı gündəliyə salınmağa cəhd edilir və bunun da ilk növbədə guya Türkiyəyə sərf edəcəyi barəsində fikir formalaşdırılmağa çalışılır".
Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadə dilə gətirib. A.Mirzəzadə qeyd edib ki, Ermənistan nə bir dövlət , nə bir iqtisadi vahid kimi nə dünya, nə də region üçün maraq, əhəmiyyət kəsb etmir. Onun bildirdiyinə görə, Ermənistanın mövcudluğu, fəaliyyəti də hər hansı bir formada diqqəti cəlb etmir.
"Sadəcə, dünyada müəyyən dairələr var ki, onlar erməni faktorundan stabilliyi pozmağa, vəziyyəti maksimum Ermənistanın xeyrinə dəyişməyə çalışırlar. Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı möqeyini müdafiə etməsi, bu baxımdan, Ermənistanla sərhədləri bağlaması onların həmin dairələrin maraqlarına cavab vermir.
Odur ki, həmin dairələr vaxtaşırı xaricdə, hətta, Türkiyənin özündə bununla bağlı müəyyən tədbirlər keçirməyə çalışır və həmin tədbirlərdə də əsasən türk soyadları götürmüş erməni əsilli insanlar daha çox iştirak və fəallıq edirlər. Türkiyə tərəfdən də bu məsələyə hər hansı bir maraq göstərilmir. Yaxud verilən cavablar, göstərilən reaksiyalar da kifayət qədər kəsərli olmur. Ancaq arzu edərdik ki, bu cür məsələlərə vaxtında ciddi reaksiya veriləydi. Çünki vaxtilə ermənilərin uydurma soyqırım məsələsinə reaksiya verilməməsi 1965-ci ildə Uruqvay parlamenti, sonradan isə 20-yə qədər dövlətin parlamenti tərəfindən bu yalanın artıq dövlət, ali qanunverici orqan səviyyəsində qəbul edilməsinə gətirib çıxardı. Buna görə də mütəmadi edilən bu cəhdlərin qonşu və qardaş dövlət tərəfindən vaxtında qarşısı alınsa, əlbəttə ki, o zaman Ermənistanın və ermənipərəst qüvvələrin də bu məsələdə layiqli və lazımi cavabları verilmiş olar".
A.Mirzəzadə bir daha qeyd edib ki, hətta, Türkiyənin özündə Azərbaycanla münasibətlərin korlanmasını istəyən müəyyən qüvvələr var, amma bu qüvvələrin əsl türk əsilli qüvvələr olduğunu demək olmaz:
"İlk növbədə bu qüvvələr ya türkləşmiş ermənilərdir və yaxud da, milli şüuru, belə deyək də, təfəkkürü olmayan qruplardır. Ancaq bunlar azlıq təşkil edirlər. Bunların hardasa çıxışlarını ciddi qəbul etmək olmaz.
Bununla belə, vaxtilə Türkiyədə böyük qırğınlar törətmiş və sonradan da Türkiyə ilə bağlı beynəlxalq aləmdə ciddi anti-təbliğat aparan bir ölkə ilə - Ermənistanla bu gün dostluq münasibətləri ilk növbədə Türkiyənin özünün marağında deyil və olmamalıdır. Həmçinin, bütövlükdə Türkiyə cəmiyyəti də, orada fəaliyyət göstərən siyasi qüvvələr də bu məsələdə ayıq-sayıq olmalıdırlar, arxayınçılığa yol verməməlidirlər, öz sözlərini vaxtında və zamanında daha kəskin şəkildə deməlidirlər".
Kamil HƏMZƏOĞLU