525.Az

"Ölkəmizi tanıyaq"


 

BÖLGƏLƏRƏ EKSKURSİYA PAYTAXT MƏKTƏBLİLƏRİNİN DÜNYAGÖRÜŞÜNƏ MÜSBƏT TƏSİR GÖSTƏRDİ

"Ölkəmizi tanıyaq"<b style="color:red"></b> Ölkə prezidentinin təşəbbüsü və tapşırığına əsasən, Bakı məktəblərinin IX-XI siniflərində təhsil alan əlaçı şagirdlərin payız tətili müddətində bölgələrə səfəri müvəffəqiyyətlə yekunlaşdı. Xətai məktəbliləri kimi bizim də bəxtimizə Gəncəbasar bölgəsinə səyahət düşmüşdü.
 
İlk öncə rayondakı təhsil ocaqlarının hamısını əhatə etməklə 44 nəfər seçildi. Bu zaman şagirdlərin təhsildə uğurları və nümunəvi davranışları əsas götürülmüşdü. İcra Hakimiyyətinin akt zalında humanitar məsələlər üzrə müavin Jalə Abdiyeva, şöbə müdiri Pənah İmanov və Kamran müəllimin iştirakı ilə tədbir barədə məlumatlandırma və təlimatlandırma prosesi həyata keçirildi. Ukrayna meydanındakı Heydər Əliyev parkında reallaşan yolasalma mərasimi isə öz təntənəsi ilə seçilirdi. Ekskursiyaçılara xüsusi geyimlər paylandı və ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyuldu.

Dörd gün davam edən səfər əsnasında biz Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında olduq, həmin ərazilərin görməli yerlərinə baş çəkdik. Tarix və mədəniyyət abidələri ilə yaxından tanışlıq yaddaşımızda yeni səhifələr açdı, vətənimizin necə zəngin keçmişə, mentallıqla müasirliyin çuğlaşdığı bu günə malik olduğu barədə bilgilərimizi artırdı. Regionların durmadan yüksələn sosial-iqtisadi vəziyyətini, xalqın yaxşılaşan rifahını, insanlarımızın səmimiyyətini və qonaqpərvərliyini bir daha müşahidə elədik. Sözügedən tədbir təhsildə böyük uğurlar üçün stimul rolunu oynadı, dünyagörüşümüzü xeyli genişləndirdi, bizlərə yeni dostlar qazandırdı.              

Qrupumuzla birgə olan Xətai İH-nin şöbə müdiri Pənah müəllimin, Heydər Əliyev adına litseyin direktor müavini Nuranə Şıxəliyevanın, həkim Gülnaz xanımın diqqət və qayğısı ilə əhatələnmişdik. Bələdçilər Abbas Abbasov və Arif Qarayevin biliyindən çox bəhrələndik, Gəncədəki "De Luxe" otelindəki rahat şərait, yolboyu dadlı qidalanma xoşumuza gəldi, avtobusumuzu daim yol polisi əməkdaşlarının müşayiət etməsi isə əvvəldən müəyyənləşmiş təhlükəsizlik tədbirlərindən xəbər verirdi.

Ölkəmizi doğrudan da yaxından tanımağımız üçün yaratdığı şəraitə görə möhtərəm prezidentimiz İlham Əliyev cənablarına dərin təşəkkürümü bildirirəm.  

O cümlədən, məktəbimizin direktoru Almaz Əzizovaya və sinif rəhbərim Fəxriyyə Bayramovaya da minnətdaram. Arzu edirəm ki, gələcəkdə belə səfərlər həm də bölgə məktəblilərinin doğma Bakımızla tanışlığı zəminində də tez-tez təşkil olunsun.

Nuriyyə MƏMMƏDOVA,
Xətai rayonu, Mübariz Nəcəfov adına 86 saylı orta məktəbin IX sinif şagirdi
 





26.11.2014    çap et  çap et