525.Az

Gülər Əhmədova: "Adam öldürmüşəm?"


 

Gülər Əhmədova: "Adam öldürmüşəm?"<b style="color:red"></b>

Keçmiş YAP-çı deputat Gülər Əhmədovanın səhhətinin pisləşməsi və ölkəni tərk etməsi ilə bağlı mediada son bir həftədə intensiv məlumatlar yayılmışdı.

Bir neçə gündür sabiq deputatla telefon əlaqəsi yaratmaq istəsək də, buna nail ola bilmirdik. Nəhayət, dünən onun telefonuna zəng vurub səhhəti, ölkəni tərk edib-etməməsi, istintaqın durumu ilə bağlı deyilənlərə aydınlıq gətirmək istədik.


Öncə dəstəyi qaldıran şəxs: ""Yeni Müsavat" çox səhv edib, Gülər Əhmədovaya zəng edib", - deyərək sabiq deputatın hazırda istirahət etdiyini vurğuladı. Kimliyini açıqlamayan şəxs qəzetimizi sabiq deputata qarşı şər-böhtan kampaniyası aparmaqda ittiham edib kobud tonda buna görə cavab verəcəyimizi dedi.

Aradan bir saat keçəndən sonra yenidən G.Əhmədovanın telefon nömrəsinə zəng vurub bu dəfə onun özü ilə danışmağa cəhd etdik. Dəstəyi qaldıran sabiq deputatla müxbirimiz arasında aşağıdakı dialoq oldu:

- Gülər xanım, neçə dəfədir, sizə zəng edirik, istirahət etdiyiniz deyilir. Səhhətiniz necədir?

- Səhhətim yaxşıdır, narahat olmayın.

- Ölkəni tərk etməyinizlə bağlı xəbərlər dolaşır mətbuatda...

- Ölkədən gedə bilmərəm mən.

- Niyə? İstintaq imkan vermir?

- Xeyr. Nə istintaq? Mən cinayətkaram ki, ölkədən çıxmağıma imkan verilməsin? Üstümdə qətl var? Adam öldürmüşəm?

- Mətbuatda yazılmışdı sizin ölkədən çıxmağınız...

- Mətbuat yazmır, özündən istehsal edir. Şər-böhtan uydurur.

- Biz də buna münasibətinizi öyrənmək istəyirik.

- İki aydır yayımlanıb o video (özünün Elşad Abdullayevlə bağlı videosunu nəzərdə tutur - red.) Amma ondan sonra 40 video çıxsa da, siz yenə məndən yazacaqsınız. Fasiləsiz şərh verirsiniz, rəy yazırsınız. O videodan sonra neçə video çıxdı, niyə yenə məni narahat edirsiniz?

- O çıxan videolardan da yazdıq hər gün...

- Xeyr, bir gün yazdınız. Sonra yenə başladınız Gülər Əhmədova elə oldu, xəstələndi, ölkədən çıxdı...

- Təkcə biz yazmırıq ki... Sizin ölkədən getməyinizlə bağlı xəbəri modern.az saytı da yazmışdı...

- Hər ikinizi məhkəməyə verəcəyəm - modern.az-ı da, sizin qəzeti də.

- Məlum rüşvət videosu ilə bağlı istintaqa ifadə vermisinizmi?

- Sizə nə var?

- Mən jurnalistəm, ona görə bilmək haqqımdır.

- Jurnalistsiz, gedin Respublika Prokurorluğundan soruşun ki, Gülər Əhmədova istintaqa çağırılıbmı, ifadə veribmi.
Əsas cinayətkar Fransada oturub. Amma mən bilirəm siz niyə belə edirsiniz. Xəbərim var, sizə kim sifariş verir. Sizə sifarişi verirlər, siz də həmin yazıları yazırsınız. Elə bilməyin ki, camaat çörəyi qulağına yeyir.

- Elşad Abdullayevin yaydığı son video ilə bağlı nə düşünürsünüz? Orada da hakim ifşa olunur...

- Mən sizin heç bir sualınıza cavab verməyəcəyəm. Gedin yazın ki, mən sizin sifariş əsasında işlədiyinizi bilirəm. Sizə sifariş verirlər, siz də yazırsınız. Bunu yazın, qoy camaat oxusun. Bilməyənlər də bilsinlər.
Söhbətin bundan sonrakı hissəsini davam etdirməyib sabiq deputatla sağollaşırıq. 

"Yeni Müsavat"

 





20.11.2012    çap et  çap et