525.Az

G20: razılaşmalar arxasında duran ziddiyyətlər


 

G20: <b style="color:red">razılaşmalar arxasında duran ziddiyyətlər</b>

Avstraliyanın Brisben şəhərində dünyanın 20 ən böyük iqtisadiyyatına sahib olan ölkələrin sammiti keçirilib.

Tədbirdə maraq doğuran məsələlər çox olub. Onların sırasında geosiyasi, iqtisadi və ekoloji xarakterli problemlər ayrıca yer tutub. İştirakçılar müəyyən problemlər üzrə razılığa gəliblər. Eyni zamanda, onlar arasında gərginliyin qaldığı da vurğulanır. Bu aspektdə daha çox Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər qeyd olunur. Ukrayna böhranı onları bir-birindən çox uzaqlaşdırıb. Lakin "iyirmiliyin" iqlim dəyişikliyi və dünya iqtisadiyyatının 2018-ci ilə qədər inkişafı ilə bağlı ortaq nəticəyə gəlib. Mütəxəssislər bunun nə dərəcədə real olması ilə bağlı müxtəlif fikirlər irəli sürürlər.

Geosiyasi və iqlim dəyişikliyi: Brisbendə nəyə nail olundu?

"Böyük iyirmilik" ölkələrinin Brisben sammiti bir neçə aspektdə maraq doğururdu. Burada Rusiya-Ukrayna münasibətləri, təşkilatın iqtisadi strategiyası, iqlim dəyişikliyi ilə bağlı qərar, terrorla mübarizə və digər məsələlər müzakirə edilməli idi. KİV-də yayılan məlumatlara görə, tədbirdə həm ziddiyyətli, həm də maraqlı məqamlar özünü göstərib.

Gözlənildiyi kimi, G20-yə daxil olan bir sıra ölkə başçılarının V.Putinlə görüşü "soyuq keçib" (bax: Дарья Цилюрик. Холодные встречи в рамках приличия / "Независимая газета", 17 noyabr 2014). Hətta ekspert hesab edir ki, "Rusiyanın Ukrayna böhranında tutduğu mövqeyə görə tənqidi G20-nin ikigünlük sammitinin leytmotivi olub" (bax: əvvəlki mənbəyə). Şübhəsiz, bu, kifayət qədər ciddi qeyddir. Çünki həmin forum Ukrayna məsələsinin geosiyasi aspektinə böyük önəm verirsə, deməli, söhbət daha aktual sayılan problemdən gedir.

Diqqəti çəkən məqamlardan biri də budur ki, Qərb analitikləri və ekspertləri tədbirdə Ukrayna məsələsinin müzakirəsini daha çox qabardırlar. P.Qobl belə bir fikir irəli sürür ki, "Rusiya Ukraynada SSRİ-nin Əfqanıstanda itirdiyindən daha çox zərər görə bilər" (bax: Paul Goble. Window on Eurasia: A New Russian Offensive in Ukraine Would Cost Moscow More Casualties than USSR Suffered in Afghanistan / The Interpreter, 7 noyabr 2014).

P.R.Qreqori isə "Forbes"də məsələni daha kəskin şəkildə qoyur. O yazır ki, "yeni sanksiyalarmı, yoxsa Rusiyanın dayandırılması imkanının itirilməsimi baş verəcəkdir?" (bax: Paul Roderick Gregory. At G20, Will Sanctions Or Casualties Deter Russia? / "Forbes", 14 noyabr 2014). Sammit ərəfəsi qaldırılan bu sual öz təsdiqini tapdı. Doğrudan da forumda iştirak edən bir neçə ölkə Moskvaya sərt münasibət göstərdi. Hətta bəzi informasiyalara görə, Kanadanın baş naziri Stiven Harper V.Putinə "Sizin əlinizi sıxacam, ancaq Ukraynadan çıxmalısınız" deyib (bax: Сергей Строкань. Свет Украиной сошелся / "Коммерсантъ", 17 iyul 2014).

Bunlar göstərir ki, G20-nin Avstraliyadakı sammiti Rusiya üçün ağrılı keçib. V.Putin də tədbiri vaxtından əvvəl tərk edib. Lakin ekspertlərin rəyinə görə, bütövlükdə Moskva situasiyadan elə də pis çıxmayıb. Ən azından Qərb ölkələrinin başçıları ilə təmas qurulub, müəyyən fikir mübadiləsi aparılıb. Buna baxmayaraq, Brisben sammiti bir daha təsdiq etdi ki, müasir mərhələdə geosiyasi problemlər iqtisadi, mədəni, ekoloji və başqa faktorları kölgədə qoya bilir. İndi dünyanın təhlükəsizliyi məsələsi öz plana çıxıb. Maraqlıdır ki, G20-nin tədbirində Pekin Moskvanı elə də müdafiə etməyib.

Təbii ki, Rusiya-Ukrayna münasibətləri tədbirin yeganə aktual müzakirə mövzusu olmayıb. İkigünlük toplantıda başqa qlobal əhəmiyyətli problemlər də təhlil edilib və qərarlar qəbul olunub. Mütəxəssislərin diqqətini, əsasən, 2018-ci ilə qədər forumun iqtisadi proqramları və iqlim dəyişikliyi ilə əlaqədar əldə edilən razılıq cəlb edib (bax: məs., Doug Saunders. The world’s having a polyphonic moment / "The Globe and Mail", 15 noyabr 2014).

ABŞ-la Çinin ətraf mühitin çirklənməsinə qarşı birgə mübarizə ilə bağlı ortaq fikrə gəlməsi xüsusi vurğulanır. Bütövlükdə G20 bu məsələyə ciddi yer ayırıb. Bəşəriyyət üçün onun əhəmiyyəti xeyli dərəcədə artıb. "Yaşıl iqtisadiyyat" adlanan və təmiz ekoloji məhsulların hazırlanmasını nəzərdə tutan proqramın həyata keçirilməsi üçün bir neçə dövlət səy göstərir. Ancaq G20 çərçivəsində bu problemin sistemli şəkildə müzakirə edilməsi başqa məna daşıyır. Bu o deməkdir ki, təşkilat ekoloji problemlərə diqqətini daha da artırmaq qərarına gəlib.

Mütəxəssislər də B.Obama ilə S.Szinpinin bir-birinə mehribanlıq göstərməsini bununla əlaqədə qiymətləndirməyə meyl edirlər. Məsələn, D.Saunders yazır: "Barak Obama ilə Si Szinpinin üçüncü gün (Brisben sammitinin üçüncü günü nəzərdə tutulur – Newtimes.az) bir-birinin əlini sıxması ABŞ-la Çin arasındakı münasibətlərdə yeni heç bir şeyi ifadə etmir" (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, ekspertlər "iyirmilər qrupu"nun son sammitində Amerika ilə Çin arasında hər hansı siyasi yaxınlaşmanın baş vermədiyini bildirirlər. Lakin konkret məsələlər üzrə onlar forum çərçivəsində ortaq fəaliyyətə etiraz etmirlər. Xatırladaq ki, Barak Obama bir neçə dəfə iqlim dəyişikliyi problemini qabardıb və bununla bağlı daha fəal mövqe tutmağa çağırıb. İndi dünyanın böyük dövlətləri havanın karbohidratlarla çirklənməsi ilə bağlı razılıq əldə edirlərsə, bu, irəliyə atılmış addımdır. Ancaq burada bir incə məqam var.

Məsələ bundan ibarətdir ki, atmosferi daha çox məhz inkişaf etmiş ölkələr çirkləndirirlər. Bu sırada Çinin, ABŞ-ın, Yaponiyanın adını çəkmək olar. Brisben sammitinin yekun bəyannaməsində bu ölkələrin havanın çirklənməsinə qarşı daha çox vəsait ayırmasının vurğulanması təsadüfi deyil. Məsələn, Amerika 3 milyard, Yaponiya isə 1,5 milyard dollar maliyyə vəsaiti ayırmağı vəd edib (bax: Daniel Hurst. G20 Brisbane: final communique lists 800 measures for economic growth / "The Guardian", 16 noyabr 2014).

Yekun bəyannamə və zamanın sınağı

Bütün bunlar reallaşacaqmı? Bu sualın dəqiq cavabını bilən yoxdur. Çünki sözdə razılıq əldə edilsə də, Vaşinqtonla Pekinin dünya liderliyi uğrunda mübarizəni davam etdirəcəkləri də ayrıca vurğulanır. Bu səbəbdən demək olar ki, G20 çərçivəsində də böyük dövlətlər arasında hansısa yaxınlaşma müşahidə olunmayıb. Bu aspektdə Rusiya-Qərb və ABŞ-Çin münasibətləri daha çox müzakirə edilir (bax: G20 Брисбен-2014: глобальный прагматизм или региональные капризы? / РСДМ, 14 noyabr 2014).

V.Putinin sammiti yarımçıq tərk etməsi faktiki olaraq Rusiya-Qərb ölkələri münasibətlərində gərginliyin davam etdiyini göstərir. ABŞ-Çin əlaqələrinin də qarşılıqlı anlaşmaya doğru getdiyini demək çətindir. Belə çıxır ki, dünyanın 20 iqtisadi gücü Avstraliya sammitindən geosiyasi aspektdə elə bir ciddi nəticə əldə etmədən ayrılıblar. Bu, tamamilə mümkündür. Lakin o da vurğulanmalıdır ki, məhz həmin tədbirin yekun bəyannaməsində qlobal miqyasda iqtisadi artımın 2018-ci ilə 2,1%-ə çatdırılması haqqında ortaq mövqenin olduğu ayrıca vurğulanıb (bax: Daniel Hurst. G20 Brisbane: final communique lists 800 measures for economic growth / "The Guardian", 16 noyabr 2014).

Hazırkı siyasi, iqtisadi və geosiyasi reallıqlar kontekstində buna necə nail olmaq mümkündür? Kim təminat verə bilər ki, yaxın perspektivdə ciddi geosiyasi və ya ekoloji kataklizmlər baş verməyəcək? Böyük dövlətlər arasında liderlik uğrunda mübarizə hazırda elə səviyyədədir ki, sabahı birmənalı proqnozlaşdırmaq böyük riskdir. Məsələn, Ukrayna böhranı necə nəticələnəcək? Rusiya və Qərb bir-birinə güzəştə gedəcəklərmi?

Bu suallara müsbət cavab vermək çətindir. Rusiya prezidenti Brisbendə heç kimə səhv etdiklərini və geri addım atmaq fikrində olduqlarını deməyib. Əksinə, "Rusiyanın Ukraynada əsgəri yoxdur" fikrini açıq şəkildə bildirib. Belə olan halda Qərb sanksiyalarını sərtləşdirə bilər ki, bu da bütövlükdə dünya iqtisadiyyatının inkişafını çox zəiflədər.

Başqa tərəfdən, ABŞ və Çinin Asiya-Sakit okean hövzəsi uğrunda kəskin mübarizədən əl çəkəcəklərini proqnozlaşdırmaq olduqca riskli işdir. Əksinə, onlar yeni səviyyədə qarşıdurmaya hazır görünürlər. Vaşinqton Pekinə region dövlətləri vasitəsi ilə maneələr yaratmaqda davam edir. Bir neçə ölkə ilə Çin arasında gərginlik artıq bir reallıqdır. Mütəxəssislərin fikrincə, bu hal Çin cəmiyyətində inkişaf paradiqmasını müharibə paradiqması ilə əvəz edə bilər. Həmin ssenaridə dünya iqtisadiyyatının 2018-ci ildə nə vəziyyətdə olacağını demək çətindir.

Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, "iyirmiliyin" Brisben sammitində kağız üzərində maraqlı qərarlar qəbul edilib. Onların reallaşması məsələsi isə bir qədər çətindir. Görünür, geosiyasətdə ikili yanaşmalar və ədalətsizlik hökm sürdükcə, belə hallar təkrarlanacaq. Hansı tədbirin harada keçirilməsindən asılı olmayaraq, həmin problem özünü büruzə verəcəkdir.

Newtimes.az

 





28.11.2014    çap et  çap et