525.Az

Meraklısı için öylə bir hekayə


 

Meraklısı için öylə bir hekayə<b style="color:red"></b>

Türkiyə Mədəniyyət həftəsinin son günündə qonaqlarımız azəri tamaşaçılarına “Meraklısı için öylə bir hekayə” tamaşasını təqdim etdilər. Doğrusu, bukletə baxanda da ilk öncə diqqətimi tamaşalar çəkmişdi. Son on ildə türk kinosundakı inkişaf, dəyişiklik hər kəsin gözü önündədir. Türk teatrı haqqında isə bilgilərimiz azdı. Düzdü, teatrlarımız türk dramaturqlarının əsərlərinə aradabir müraciət edirlər, amma yenə də türk teatrı haqda məlumatımız çox azdı. Bu mənada Türkiyə Mədəniyyət günlərində həm də tamaşaların nümayişi bizlərdən ötrü xeyli maraqlı oldu.

“Meraklısı için öylə bir hekayə” tamaşası türk yazıçısı, şairi, tərcüməçisi Səid Faiq Abasıyanıqın hekayələri əsasında hazırlanıb. Monotamaşadır, rejissoru Murad Çidamlıdır. Tək rolun ifaçısı Savaş Dinçəldir.

Son illərdə dünyada monotamaşalar xüsusi aktuallıq qazanıb. Hər il bir neçə şəhərdə monodram festivallar keçirilir. Azərbaycanda da kiçik səhnə estetikası, bir yaxud iki nəfərlik tamaşalar axır zamanlarda xüsusi maraqla qarşılanır. Ancaq onu da qeyd etmək lazımdı ki, monotamaşa rejissordan və aktyordan yüksək peşəkarlıq, xüsusi istedad tələb edir. Hərəkətin və dialoqların, mübahisələrin və intriqanın az işləndiyi bu tip tamaşalarda əsas yük aktyor oyununun üzərinə düşür, daha doğrusu aktyorun müxtəlif psixoloji hallar ifadə etmək, tamaşaçını öz aurasına salmaq məharətindən asılı olur. Ona görə bir çox monotamaşalarda əsas priyom tamaşaçını prosesə cəlb etmək olur.
 
Tamaşaçı aktyorun onunla dialoqa girməsini, oyununun onun reaksiyaları üzərində qurmasını hiss edir və gedişatı daha da maraqla izləyir. İkinci bir priyom isə aktyorun öz-özüylə mübahisəsi, davasıdı. Bu dəfə də “Meraklısı için öylə bir hekayə”nin qəhrəmanı özüylə mübahisələri və eyni zamanda tamaşaçı ilə aktiv dialoqları ilə maraqlı idi. Qəhrəman deyəndə əlbəttə  Səid Faiq Abasıyanıqı nəzərdə tutulur. Əsər Səid Faiqin hekayələrindən ibarətdi, amma burada həm də onun həyatına aid bir çox detallar, fərqli məqamlar tamaşada istifadə olunub. Ümumiyyətlə, Səid Faiq özü bir az qəribə, həm də başqa adam olub. Türk hekayəçiliyində yeni üslubun, tərzin banisi hesab edilir. Rejissor qəhrəmanına aid bir çox avtobioqrafik məsələləri iri və xırda detallarla göstərir.

Səid Faiqin dənizə bağlılığı, balıqçılarla dostluğu, onlara aid əsərlər yazması tamaşanın lap əvvəlindən nəzərə çarpan, daha doğrusu qabardılan məqamdı. Sınıq-salxaq qayıq, balıqçı torları, ağ-ağ yelkənlər, fonda quşların səsi bunlar hamısı səhnədə Səid Faiq ovqatı yaradır. Və yazıçı özündən danışa-danışa hekayələrinin qəhrəmanları ilə görüşür, söhbət edir, əsərlərinin yaranma tarixçələrini yadına salır. Savaş Dinçəlin enerjili oyunu və rejissorun düşündüyü ayrı-ayrı priyomlar, gedişlər bitib-tükənməyən monoloqun darıxdırıcı olmasına imkan vermir. Səhnədə texniki effektlərdən də istifadə olunur. Ekran qurulub, bəzən bu ekranda kölgə effektləri, bəzən sakit-sakit yırğalanan dəniz, bəzən də Səid Faiqin şəkillərini görürük. Amma çox vaxt qəhrəmanın danışdığı hadisələrə uyğun görüntülər gəlir ekrana. Doğrusu, XXI əsr teatrının bəzi bu tipli ayaqlaşmalarını qəbul eləmək teatrallardan ötrü çətindir. Çünki onsuz da bütün həyatımızı zəbt etmiş ekranı, texnikanı gedib teatrda da görmək, orda da müxtəlif səhnələrə ekranda baxmaq, montajın yaratdığı “möcüzələrə” tamaşa etmək adama maraqlı görünmür.
 
Bunu deməklə kinonun, teleekran estetikasının səviyyəsini, insan zövqünə təsirini qətiyyən azaltmaq istəmirəm. Amma hər halda teatra gələn tamaşaçı ilk növbədə CANLI sənəti, necə deyərlər aktyorun ağzından çıxan parı, gözündəki işığı görmək istəyir. Hansısa rəng və işıq effektləriylə “bəzədilmiş” ekranı yox. Ancaq yenə də hər şey öz həddində gözəldi, maraqlıdı və təəssüf ki, bu tamaşada ekranın rolu həddindən bir az artıq göründü mənə...

Tamaşanın əsas ideyasına, qayəsinə gəlincə məncə müəllif Səid Faiqin timsalında sadəcə sənətkar, yazıçı obrazı göstərməyə çalışıb. Bu yazıçının ana bətnindəki görünüşündən başlanır əsər. Fondakı qadın səsi hər birimizin dünyaya eyni cür gəldiyimizi, ağzımızın, burnumuzun, gözlərimizin, başqa əzalarımızın eyni olduğunu deyir. Amma bəs onda qələm adamının başqalarından fərqi nədir? Bax bunun cavabını tamaşa boyu Səid Faiqin müxtəlif qəhrəmanları ilə söhbətlərindən anlayırıq. Yazıçı bir martı quşunun ölümündə acı çəkir, bir balıqçının o martı quşuyla bağlılığını duyur yazıçı. O martı quşunun cəsədi önündə ağlayıb sızlayan yazıçıya ətrafındakılar gülür, onun halını məsxərəyə qoyurlar.

Məncə, həyatı boyu heç olmasa üç-beş normal əsər yazan, həyata başqalarından bir az fərqli baxan hər kəsin başına gələn hadisədir bu... Sənin az qala hönkürüb ağlamaq istədiyin hadisə başqalarından ötrü gülməlidi, sənin üçün mənası olanı  başqaları lağa qoyur. Sən təkliyə çəkilmək istəyirsən, özün, həyatın, qorxuların, sevgin, gələcəyin, ölümün haqda düşünmək istəyirsən... Amma olmaz... Sən də hər kəs kimi deyilsənsə, xəstəsən, dəlisən deməli! Elə Səid Faiqin də “dəlilikləri, xəstəlikləri” ayrı-ayrı epizodlarda görünür. Amma daha çox həyata sevgisi, insanlığa sevgisi hiss olunur. Şairin dostlarına bağlılığı əsasən, Orxan Vəliyə aid dediklərindən duyulur. Orxan Vəlidən dediyi şeir tamaşanın təsirli anlarından biri idi.

Tamaşada Səid Faiqin əsasən son hekayələrindən istifadə olunub. Bunlar – “Son quşlar”, “Hişt, hişt”, “Bir qaya parçası”, “Siviriada gecələri”, “Dondurmaçı çırağı” və başqa hekayələridir. Bir neçə hekayənin sintezi də maraqlıdır. Məsələn, “Son quşlar” ilə “Hişt, hişt” adlı hekayənin. Tamaşaya baxandan sonra bu əsərləri təkrar oxuyanda yazıçının həyata, insanlara bağlılığını daha çox duydum. Təklənmiş, tənha bir adamın qulağına səs gəlir hər yerdə: hişt, hişt... Elə bil kimsə sataşır ona, ya çağırır, ya çəməndə otlayan bir heyvandı, ya qanad çalan quşdu, bilmir... Bəlkə qulaqlarında səs qalıb?! Bunu da bilmir... Amma əsərin sonunda:

“Hardan gəlirsə, gəlsin, dağlardan, quşlardan, dənizdən, insandan, otdan, böcəkdən, çiçəkdən. Gəlsin də haradan gəlir gəlsin! Bir hişt səsi gəlmədisə,  çətindir. Gəldikdən sonra yaşasın çiçəklər, böcəklər, insan oğulları”. – deyir müəllif və qəfəslərdən qorxub “qaçan” quşların daha ona yaxın gəlməməsindən gileylənir.

Əslində, tamaşa boyu bu “hişt, hişt”in mənasını anlamağa çalışırdım. Amma sonda insanlığa, gələcəyə, təbiətə görə gözüyaşlı qəhrəmana baxıb düşündüm ki, bu “hişt” hənirdir, həyatın, sevdiklərimizin, təbiətin, gözəlliklərin həniri... Və həyatın, gözəlliklərin, sevdiklərimizin hənirini duymayınca, yaşamağın mənası qalmaz. O gəldikdən sonra böcəklərin, çiçəklərin, insan oğullarının yaşaması, sadəcə varlığı xoşbəxtlik üçün yetər...

Savaş Dinçəl bunları deyərək ağlayır, sınıq-salxaq qayığında gizlənmək istəyir sanki... Bu, təkliyin, gücsüzlüyün, bütün tamaşa boyu danışılan dərdlərdən çıxılmazlığın ifadəsidir...

Tamaşa bitdikdən sonra aktyor publikanın reaksiyalarından, münasibətindən məmnun qaldığını bildirir.

Azərbaycan teatrallarını yetişdirmiş sənətçilərə təşəkkürlərini çatdırır. Amma ən təsirlisi rejissorun dedikləri idi: “Sizlərə kiçik bir sirrimi açacam... İllər öncə hələ gəncliyimdə Vaqif İbrahimoğlunun “Heydər babaya salam” tamaşasına Türkiyədə baxdım... Bəzən deyirlər, filan əsəri oxudum, həyatım dəyişdi... Bax mən də Vaqif İbrahimoğlunun tamaşasına baxdım, həyatım, həyata baxışım dəyişdi...” Qürur hissinin gətirdiyi sevinc, xoşbəxtlik bənzərsizdi sadəcə... Ona görə Vaqif İbrahimoğlu adı çəkilən kimi alqış səsi də başqa cür gəlir elə bil!

... Dram teatrının pillələrini isladıb yağış... Yağışın səsi dəyişib sanki... Sakitcə pıçıldayır:

... Hişt, Hişt...

 





28.11.2014    çap et  çap et