525.Az

Milli Məclis TANAP layihəsini ratifikasiya etdi


 

Milli Məclis TANAP layihəsini ratifikasiya etdi<b style="color:red"></b>

Milli Məclis (MM) Azərbaycan qazının Türkiyədən nəql edilməsi üçün boru kəmərinin inşası barədə sazişləri müzakirə edərək ratifikasiya edib.
 
525.az-ın məlumatına görə, parlamentin bu gün  keçirilən iclasında Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyənin ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair Sazişi, həmçinin “Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında TransAnadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişi də ratifikasiya edib. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov layihələr barədə məlumat verərək bildirib ki, bir vaxtlar xaricə çıxış imkanları olmayan Azərbaycan artıq yeddi kəmərlə öz qazını dünya bazarlarına çıxaracaq. “Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün yeni layihələrə ehtiyac varı idi. Artıq aparılan danışıqlar nəticəsində yeni qaz kəməri inşa olunacaq”, - V.Ələsgərov deyib. O bildirib ki, Azərbaycanın yeni qaz ehtiyatları kəşf olunduqca və hasilat artdıqca Azərbaycan qazını, o cümlədən Xəzər regionunda olan ölkələrin istehsal etdiyi qazı Avropa bazarlarına çıxara bilən kəmərə ehtiyac duyulur. “Qazı Avropa bazarına çıxaracaq bir çox layihələrdən danışılırdı. Ancaq heç kimdə cürət və qeyrət tapılmırdı ki, nə isə bir iş görsün. Amma Azərbaycan bunu etdi. Azərbaycan qaz kəmərlərini Avropanın qaz kəmərlərinə birləşdirən layihəyə imza atdı”, - o deyib.

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov kəmərlər keçən ərazilərin Azərbaycan tərəfindən alınması məsələsini təklif edib və qeyd edib ki, bunun üçün Azərbaycanın kifayət qədər imkanı var. Vitse-spiker V.Ələsgərov isə bildirib ki, istər BTC, istər qaz kəmərləri keçən ərazilər bu kəmərləri çəkən şirkətlərə məxsusdur və o ərazilərə heç kim müdaxilə edə bilməz.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də müzakirələr zamanı V.Ələsgərovun dediyi fikri təsdiqləyib və Bakıdan Ceyhana qədər olan boru kəmərlərinin həmin şirkətlərə məxsus olduğunu deyib. R. Abdullayev iki dəfə Gürcüstanın baş naziri Bidzina İvanişivili ilə görüşdüyünü xatırladaraq, onun iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib. “İvanişvili əməkdaşlığın inkişafının tərəfdarı olduğunu və bunun öz işi ilə sübut edəcəyini bəyan edib”, - o deyib. R.Abdullayev qeyd edib ki, Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlarda baş verən son kriminal hadisələri sakitləşdirmək üçün Gürcüstan hökumətinin 2 həftə vaxt istədiyini və həmin rayonlarda bir dənə də olsun kriminal hadisənin baş verməyəcəyini vurğulayıb.

Müzakirələrdən sonra, millət vəkilləri TANAP layihəsinin ratifikasiya olunmasına səs veriblər.

Qeyd edək ki, 2012-ci il iyunun 26-da İstanbulda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev TransAnadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə sənəd imzalayıblar.

TANAP layihəsi üzrə hökumətlərarası sazişi Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalayıb. Onu da qeyd edək ki, bu layihədə SOCAR-ın payı 80 faiz, BOTAŞ və SPAO şirkətlərinin payı isə 20 faizdir. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. TANAP-ın 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində işə düşəcəyi gözlənilir.

Kamil Həmzəoğlu

 





20.11.2012    çap et  çap et