525.Az

Musa Qasımlı erməni yalanlarını alt-üst etdi


 

Musa Qasımlı erməni yalanlarını alt-üst etdi<b style="color:red"></b>

Ermənistan və xarici ölkələrdəki erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma erməni soyqırımının 100 illiyinə hazırlaşır. Məqsədinə nail olmaq naminə dünya ölkələrinin rəsmi dairələrini və ictimai rəyini aldatmaq üçün müxtəlif üsullardan istifadə edir, ənənələrinə sadiq qalaraq yalanlar uydurub, gerçək tarixi saxtalaşdırırlar. Onların saxtakarlığına ən mötəbər arxiv mənbələri və digər təkzibedilməz sənədlər əsasında dərin əsaslandırılmış elmi cavab verilməsi tarixçilərimizin borcudur. Millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, tanınmış tarixçi alim, professor Musa Qasımlının bu yaxınlarda Ankarada İpək Universitetində nəşr edilən “Kafkaslarda ermeni sorunu. 1724-1920” adlı 480 səhifəlik  iri həsmli monoqrafiyası bu baxımdan ciddi bir addım kimi qiymətləndirilə bilər.

Modern.az-ın məlumatına görə, əsərin elmi redaktoru tanınmış Türkiyə tarixçisi,  professor Kamal Çiçəkdir. Monoqrafiya əsasən Rusiya və Gürcüstan, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa, Azərbaycan  arxivlərinin bir çoxu indiyədək istifadə edilməyən, elmi dövriyyəyə ilk dəfə gətirilən ən mötəbər materiallar və rəsmi sənədlər əsasında yazılıb.

Əsərdə Rusiya imperatoru I Pyotrun 1724-cü il fərmanından başlayaraq 1920-ci ildə Ermənistanın sovetləşdirilməsinədək olan dövrdə ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, uydurma erməni məsələsinin süni surətdə meydana çıxarılması, erməni terror təşkilatlarının və silahlı dəstələrinin qurulması, tarixdə heç bir zaman olmayan “Böyük Ermənistan” ideyasının ortaya atılması, onu yaratmaq üçün 1905-1906-cı illərdə dinc türk, müsəlman əhaliyə qarşı törədilən qırğınlar və ərazilərin yerli azərbaycanlı əhalidən təmizlənməsi öz əksini tapıb.

Monoqrafiya Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələrinin hazırlanması və törətdikləri soyqırımları, bu fəaliyyətlərdə çarizmin və digər dövlətlərin rolu, tarixi Azərbaycan torpaqlarında Ararat Respublikasının qurulması, İrəvanın paytaxt olaraq güzəştə gedilməsi, daşnak Ermənistanında digər xalqlara münasibəti başlıca olaraq beynəlxalq münasibətlərdə cərəyan edən proseslər fonunda araşdırmadır.

Təkzibedilməz tarixi fakt və sənədlərin danışdığı bu əsər erməni yalanlarını alt-üst edir. Erməni tarixçilərinin ona tutarlı cavab verməsi mümkün deyil. Əsərdən məlum olur ki, müəyyən dövrlərdə öz maraqları üçün ermənilərin əsassız iddialarını müdafiə edən bir çox ölkələrin rəsmi dairələri sonradan həqiqətləri bilərək onlardan üz döndərmiş, törədilən qırğınlarda düzgün olaraq bilavasitə erməni təşkilatlarını günahlandırmışlar. Monoqrafiyanın maraqlı məziyyətlərindən biri ermənilərin özlərinin çəkdikləri  daşnak silahlı dəstələrinə və daşnak  Ermənistanının dinc türk, müsəlman əhalinin yaşadığı yaşayış məntəqələrini dağıtmasına dair Rusiya və Gürcüstan arxivlərindən toplanan və indiyədək istifadə edilməyən fotoşəkillərin verilməsidir.

Qeyd etmək lazımdır ki, müəllifin xarici ölkələrdə nəşr edilən 11-ci  kitabı olan bu əsər əvvəlcə Bakıda  “Mütərcim” nəşriyyatında Azərbaycan dilində, sonra isə Moskvada Rusiya Mədəniyyət Fondunun “İNSAN” nəşriyyatında rus dilində fərqli adlarla çap edilib.

 





01.12.2014    çap et  çap et