525.Az

Gənc ailələrin mənzil şəraiti yaxşılaşacaq


 

Gənc ailələrin mənzil şəraiti yaxşılaşacaq<b style="color:red"></b> Ailə institutunun möhkəmləndirilməsi məqsədilə ailələrin (xüsusən, gənc ailələrin) mənzil, məişət və əmək şəraitinin, maddi rifahının yaxşılaşdırılması, ailələrdə uşaqların doğulması və tərbiyə edilməsi üçün sağlam mühit yaradılacaq.

Lent.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda nəzərdə tutulub.

Bu sahələrlə bağlı iqtisadi, sosial, təşkilati, inzibati-hüquq və təbliğat məsələləri üzrə kompleks tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqların həyat keyfiyyətinin yaxşılaşdırması və onların sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlər müəyyən edilib.

Dövlət Proqramında o da qeyd olunur ki, demoqrafik inkişafın digər vacib aspektlərindən biri ölüm dinamikasıdır. Bu sahədə ölüm göstəricilərinin yaxşılaşdırılması və gözlənilən ömür müddətinin uzadılması real hesab olunur. Müsbət meyllərin gözlənilməsi ilk növbədə bu gün ölkədə qarşıya qoyulan strateji vəzifələrdən birinin – əhalinin sağlamlığının möhkəmləndirilməsi və bu sahədə müvafiq işlərin aparılmasından irəli gəlir.

Əhalinin sağlamlığına və həyatının təhlükəsizliyinə bir çox amillər, o cümlədən ölkədə olan ekoloji vəziyyət, qida məhsullarının keyfiyyəti, məişət şəraiti bilavasitə təsir edir. Qeyd olunanları nəzərə alaraq, Dövlət Proqramı çərçivəsində ekoloji tarazlığın və ətraf mühitin qorunması, ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, saxlanması, ölkəyə gətirilməsi və satışına nəzarətin gücləndirilməsi, havanın çirklənməsinin azaldılması, içməli suyun keyfiyyətinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
 





02.12.2014    çap et  çap et