525.Az

Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir


 

Bakıda II Regional İnternet İdarəçilik Forumu keçirilir<b style="color:red"></b> Bakıda İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma mövzusunda II Regional İnternet İdarəçilik Forumu başlayıb.
 
“APA-Economics”in məlumatına görə, forumun keçirilməsində əsas məqsəd daha da səmərəli və effektli regional iqtisadi və mədəni inkişafa nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçılarının beynəlxalq müəssisələrlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı, bu sahədə olan problemlərin müzakirəsi, maraqlı layihələri nümayiş etdirməkdir.
 
Forumda internetlə bağlı aktual problemlər - “Rəqəmli erada hökumətin transformasiyası: Açıq Hökumət Məlumatının Azərbaycanda yeni inkişafı və istiqamətləri”, “Post-Sovet məkanında E-iştirakın innovativ imkanları”, “Avrasiya və Azərbaycan regionunda E-Təhsil imkanlarının yaradılması, “İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması” və digər mövzular müzakirə olunacaq.
 
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib ki, tədbirdə Açıq Hökumət Təşəbbüsü ilə bağlı dünya ölkələrinin təcrübəsi nəzərdən keçiriləcək.
 
Beynəlxalq ekspert Eduard Roşe (Eduard Roche) isə bildirib ki, vahid standart olmasa da, Açıq Hökumət Məlumatı (AHM) sadə vətəndaşlar üçün çətinlik yaratmayan formada təqdim olunmalıdır. Onun sözlərinə görə, məlumatın hazırlanması üçün müəyyən xərc tələb olunur. E. Roşe qeyd edib ki, AHM-in yaradılmasını dövlət öz üzərinə götürə bilər və ya bu işə özəl sektoru cəlb edə bilər.
 
Domen adlar və İP-adreslərin idarəedilməsi üzrə Korporasiyanın (İCANN) tərəfdaşlarla əlaqələr üzrə baş direktoru Patrik Cons AHM-lə bağlı dünya ölkələrinin təcrübələrindən danışıb. O bildirb ki, AHM dövlətlərə iqtisadi və mədəni üstünlük verir.
 
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iki gün davam edəcək tədbirdə Azərbaycan və digər ölkələrin hökumət, biznes, elm və vətəndaş cəmiyyəti sahələrindən 200-ə yaxın mütəxəssis iştirak edir.
 





02.12.2014    çap et  çap et