525.Az

"Bu cür yalan məlumatlar ötürməklə insanları qorxuya salmaq olmaz"


 

"Bu cür yalan məlumatlar ötürməklə insanları qorxuya salmaq olmaz"<b style="color:red"></b>

“Onsuz da boş və cəfəngiyat olan “21 dekabr məsələsi” insanları təşvişə salıb, üstəlik bu cür yalan məlumatlar ötürməklə insanları qorxuya salmaq olmaz”

 “Bu gecə Yer kürəsində guya ən güclü geomaqnit qasırğasının (fırtınasının) gözlənildiyi barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bizi ən çox təəccübləndirən isə informasiya agentliklərinin bir-birindən bu məlumatları götürərək şişirtməsidir”. Bu açıqlamanı APA-ya N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev verib.
 
Onun sözlərinə görə, hazırda Yerətrafı kosmik fəzada tamamilə sakitlikdir: “İş ondadır ki, informasiya agentlikləri www.mignews.com saytına, onlar isə www.likar.info saytına istinad edirlər. Həmin saytlar isə dünyada kosmosun tədqiqi ilə məşğul olan ən nüfuzlu təşkilat - NASA-ya istinad edirlər. Həqiqətən də, NASA-nın elmi cihazı olan Solar Dynamic Observatory (SDO) noyabrın 16-da iki güclü plazma atılması (eruptiv protuberanslar) qeyd edib. Onlar bir-birindən 4 saat fərqlə atılıb. Bunlar milyonlarla ton kütləli çox yüksək temperatura malik plazma buludlarıdır. Amma məsələ burasındadır ki, bu dəfə həmin plazma kütlələri Yerə doğru deyil, əsasən planetlərarası fəzaya atılıb. Çox cüzi ehtimal var ki, onun müəyyən hissəsi Yer istiqamətində gəlsin. Hətta gəlsə də belə, zəif və ya orta səviyyəli həyəcanlanma yarada bilərdi. Amma birmənalı olaraq deyə bilərik ki, həmin məlumatları oxuyanda adamı dəhşətə gətirə biləcək geomaqnit qasırğaları gözlənilmir”.
 
E. Babayev deyib ki, bu cür məlumatların şişirdilərək KİV-də verilməsi kimi məsələlərə ciddi yanaşmaq lazımdır: “Onsuz da boş və cəfəngiyat olan “21 dekabr məsələsi” insanları təşvişə salıb. Bu təşvişin üstünə bu cür yalan məlumatlar ötürməklə insanları qorxuya salmaq məsuliyyətini sadəcə dərk etmək lazımdır”.
 
E. Babayevin sözlərinə görə, son günlərin elmi araşdırmaları göstərir ki, hazırda 24-cü Günəş 11 illik sikli öz maksimumunu keçmək ərəfəsindədir: “Günəşdə fəallıq hazırda azalmağa doğru meyllidir. Amma bunu daha dəqiq olaraq bir və ya iki ildən sonra demək mümkün olacaq. Çünki 24-cü sikl həddən artıq uzandı. Hazırda Günəşin səthində 122 irili-xırdalı ləkə var. Bunlar isə 9 aktiv regionda birləşiblər. Bu ləkə regionlarından 2-nin çox böyük alışma potensialı var. Bu, 1618 və 1619 nömrəli ləkə regionlarıdır. Amma hazırda Günəşdə güclü və orta səviyyəli alışma baş verəcəyi ehtimalı müvafiq olaraq 5-30 faiz arasındadır”.

 





20.11.2012    çap et  çap et