525.Az

Mənim doğma universitetim


 

Mənim doğma universitetim<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin 95 yaşı tamam olur. Şərqdə ilk demokratik dövlət kimi meydana gələn Azərbaycan Xalq Cümhuriyyətinin şah əsərlərindən biri məhz Bakı Dövlət Universiteti idi.
 
Doğma universitetimiz  fəaliyyət göstərdiyi bu 95 ildə bir çox mübarizələrdən keçib; 1920-ci illərin müəllim-alim çatışmazlığı, 1930-cu illərin Sovet-kommunist repressiyası və bu represiyanın qurbanlarından olan neçə-neçə universitet müəllimi, 1940-cı illərin rus-alman müharibəsi və bu müharibənin universitetimizə vurduğu ağır zərbələr, 1950-1960-cı illərin azacıq da olsa Sovet ideoloji sisteminin bəzi güzəştləri və universitetimizin dirçəliş illəri, 1970-1980-ci illər ümummilli  liderimiz  Heydər Əliyevin rəhbərliyi  dövründə  yeni  yüksəliş  dövrünə  qədəm qoymuş universitetimiz və nəhayət, bugünkü müstəqillik dövründə Azərbaycan dövlətinin qayğısı ilə indi dünya təhsil sistemində öz yeri olan Bakı  Dövlət Universiteti. 

Göründüyü kimi, universitetimiz  enişli-yoxuşlu yol keçsə də, öz elmi-tədris potensialını gücləndirib və müasir günlərimizə  möhtəşəm bir maarif ocağı kimi  daxil olub.

Mən bu doğma universitetin  2-ci kurs tələbəsiyəm. Cəmi  bir il yarımlıq təhsil müddətində universitetimizin möhtəşəmliyini duymuşam. Ona dövlət qayğısının şahidi olmuşam. Universitetin  yeni  tədris korpusunun açılışında möhtərəm prezidentimiz İlham Əliyevin qürurla söylədiyi nitqini qəzetdən oxumuşam. Universitetdə aparılan quruculuq işləri, tədrisin keyfiyyəti, elmin inkişafı, yeni təcrübə avadanlıqlarının alınması və s. məsələləri bu müəssisəyə rəhbərlik edən akademik  Abel Məhərrəmovun çıxışlarından bilmişəm. Lakin bir məsələ məni universitetimizin  tələbəsi kimi çox düşündürür. Bu da bu möhtəşəm elm-tədris müəssisəsinin yataqxanasının olmamasıdır. Biz internetdən  aldığımız informasiyalardan bilirik ki, dünya  universitetlərinin reytinqi həm də onlarda təhsil alan xarici tələbələrin miqdarı ilə ölçülür.

Bakı Dövlət Universitetinin köhnə,  yararsız yataqxanaları xeyli vaxtdır ki, sökülməkdədir. Ancaq təəssüf ki, bir il bundan əvvəl sürətlə gedən bu proses birdən-birə dayandırıldı. Uzun müddət qaçqın və köçkünlərin məskunlaşdığı bu yataqxanalardan həmin ailələr köçürüldü. Prezidentin göstərişi ilə onlar rahat mənzillərlə təmin olundular. Lakin yataqxanaların sökülməsi və onların yerində vəd olunan müasir tipli yataqxana kompleksinin tikintisi xəyal olaraq qaldı. Bir tələbə-jurnalist kimi mən onu da öyrənmişəm ki, yataqxana kompleksinin çox gözəl və yaraşıqlı bir maket-layihəsi də hazırdır. Amma onun tikintisi niyə ləngiyir, bunu öyrənə bilmədim. "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir".

Ümummilli  liderimiz Heydər Əliyev  universitetimizi  belə qiymətləndirib və bir də onu deyib ki, "Mən fəxr edirəm ki,  Bakı Dövlət Universitetinin məzunuyam". Mən də bu gün bir  tələbəsi kimi fəxr edirəm ki, Heydər Əliyevin məzunu olduğu bir universitetdə oxuyuram. İki il yarım da keçəcək və mən bu möhtəşəm universitetin məzunu olacağam.  Çox arzu edərdim ki mən universiteti bitirəndə onun çoxdan layihəsinin hazırlandığı  tələbə şəhərciyinin yataqxana kompleksinin, ən azı, qızğın tikintisinin şahidi olum. Belə bir şəhərcik xarici tələbələrin universitetimizə axınına səbəb olacaq. Ümummilli liderimizin xalqın milli sərvəti adlandırdığı universitetimizin reytinqi hamını heyran qoyacaq.

95 yaşın mübarək, mənim doğma universitetim!

Nəzrin İSKƏNDƏRLİ
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin II kurs tələbəsi 

 





03.12.2014    çap et  çap et