525.Az

Qərbi Azərbaycan əyalətində gördüklərimiz - Maku-Poldəşt


 

Qərbi Azərbaycan əyalətində gördüklərimiz - Maku-Poldəşt<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Maku şəhəri həm də azad ticarət zonası kimi tanınır və investorlar üçün açıqdır. Artıq bu əraziyə xeyli investisiya yatırılıb. Jurnalistlərlə görüşən Maku Azad Ticarət Zonasının sədri Hüseyn Fruzan bildirib ki, bu zona iki  ildir təsis olunub.

Onun sözlərinə görə, bu,  İranda azad zona kimi fəaliyyətə başlayan sayca yeddincidir. Maku Azad Ticarət Zonasının ümumi sahəsi 5 min kvadrat metrdir. Azad Ticarət Zonası Maku, Poldəşt , Bazarqan və Şot şəhərlərini özündə birləşdirir. Azad zonanın təsis olunmasından məqsəd sərmayə yatırmaq  istəyən şəxslər üçün iş imkanının yaradılmasıdır.

"Maku Azad Ticarət zonasında sərmayə yatırmaq üçün əlverişli şərait var"

H.Fruzan deyir ki, Poldəşt sərhəd keçid məntəqəsi Naxçıvan MR ilə həmsərhəd olduğu üçün bizim üçün çox önəmlidir və elə buna görə, bu keçid məntəqəsinin sutkalıq fəaliyyət etməsi üçün danışıqlar aparırıq:

"Çalışırıq ki, Poldəşt sərhəd keçid məntəqəsini daha da aktiv keçid məntəqəsinə çevirək. Bu yaxınlarda Naxçıvan MR məsul şəxsləri ilə görüşümüz oldu və qərara gəldik ki, Poldəşt sərhəd keçid məntəqəsinin fəaliyyətini sutkalıq edək. Razılaşdıq ki, gediş-gəlişlərdə prosedurlar sadələşdirilsin. Son vaxtlar İran vətəndaşları üçün Naxçıvana MR -ə gediş 10 avroya qədər endirilib. Bu iki ölkənin əlaqələrinin inkişafına təkan verəcək".

Maku Azad Ticarət zonasının potensiallarından danışan H.Fruzan Azərbaycan və Türkiyə investorlarını bu zonada sərmayə yatırmağa dəvət edib: "Onların bu azad zonada investisiya yatırması İranın və Azərbaycan xalqlarının xeyrinədir. Maku Azad Ticarət zonasında sərmayə yatırmaq üçün əlverişli şərait var, enerji qiymətləri çox aşağıdı, işçi qüvvənin məvacib xərcləri azdır. Zonada istehsal olunan məhsullara ixrac olunarkən gömrük xərcləri tətbiq olunmur. Geyim, mebel və s. bu kimi məhsullar istehsal olunur. 20 il vergidən azad olunur".

H.Fruzan Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsində müştərək ticarət zonasının yaradılmasını da təklif edib:

"Əgər Azərbaycan tərəfi də razı olsa Poldəştdə müştərək ticarət zonasının yaradılmasına hazırıq.Yaxın iki ay ərzində Naxçıvan MR-in iqtisad naziri Maku Azad Ticarət Zonasına baxış keçirəcək. Bu səfərdən sonra ümid edirəm ki, iki ölkə vətəndaşları üçün birgə iş imkankarı daha da artacaq".

H.Fruzan deyib ki, Azərbaycan, Türkiyə, İran çox qədim dövrdən bir-birləri ilə müxtəlif sahələrdə münasibətləri olub:

"Ümid edirəm bu üç ölkənin əlaqələri hər gün inkişaf edəcək və onlar bir-birlərinin imkanlarından istifadə edərək xalqların inkişaf və rifahına yardım edəcəklər".

Qeyd edək ki, Azad Ticarət Zonası Maku, Poldəşt, Bazarqan və Şot şəhərlərini özündə birləşdirir. Azad zonanın inkişaf etdirilməsi üçün lazım olan infrastruktur hazırlanır. Zonada hava limanı tikilib və altı aydan sonra istifadəyə veriləcək. Yol infrastrukturu yaxşılaşdırılır, sənaye müəssisələrinin tikilməsi üçün ərazi ayrılıb.

Zonada hazırda 30 sənaye müəssisəsi faəliyyət göstərir. Onlar neft kimya məhsullarının istehsalı, diş protezləri və məhsulları istehsalı zavodu, Plastik qapı və pəncərə sistemləri və mebel istehsalı sahəsində çalışırlar. "Beta Dent"  diş məhsulları fabriki böyük uğur qazanıb. Fabrikin məhsulları bir sıra ölkələrə ixrac olunur. Bundan başqa bu ticarət zonasında Tükriyə iş adamları ilə birgə işlər aparılır. Plastik qapı və pəncərə , mebel sahəsində iş adamları artıq uğurlar əldə ediblər.
"Azərbaycan regionları ilə əlaqələri genişləndirmək istəyirik"

 Maku şəhərinin meri Şahin Əlizadə isə deyir ki, Qərbi Azərbaycan əyalətinin Maku şəhəri Azərbaycanın regionları ilə  əlaqələrin genişlənməsində maraqlıdır:

"Əsasən də Naxçıvan Muxtar Respublikası ilə yaxşı əlaqələrimiz var. Əməkdaşlığın genişlənməsi və inkişafı üçün böyük potensial var. Maku şəhərində Azad İqtisadi Zona yaradılıb. Biz Azərbaycandan olan investorların  bu zonaya cəlb olunmasında maraqlıyıq.  Tərəflər mövcud imkanlardan istifadə etməlidirlər.

Mən əminəm ki, gələcəkdə daha möhkəm  ticari- iqtisadi  əlaqələr yaradacayıq. Hazırda biz qarşıya qoyulan bu məqsədin reallaşdırılmasına çalışırıq. Bu məqsədlə ikinci sərhəd-keçid məntəqəsi olan Qarasu (İran)  Sədərək (Azərbaycan) sərhəd keçid məntəqəsini açmağı planlaşdırırlar. Bununla bağlı hazırlıq işləri gedir. Quru sərhəd olmadığı üçün Araz çayı üzərində körpünün inşası lazımdır.  Bu ərazidə körpünün açılması barədə konkret qərara hər iki tərəfin razılığı olmalıdır. Körpünün hər iki tərəfin iştirakı ilə tikilməsi də mümkündür".

Daha sonra jurnalist qrupu Poldəşt şəhərində bir sıra görüşlər keçirib. Poldəşt şəhərinin meri Əkbər Abdullahnejad sözlərinə görə, Azərbaycan İran üçün yaxşı bir qonşu ölkədir. İki  ölkə arasında əlaqələr bundan əvvəl də yaxşı səviyyədə olub. Bundan sonra da əlaqələrin inkişaf etməsində maraqlıdırlar:

"Xalqlarımızı bir-birlərinə mədəni, ictimai, tarixi, dini köklər  bağlayır. Bu köklər olduqca dərindir". Onun sözlərinə görə, Poldəşt sərhəd keçid məntəqəsinin Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olduğundan İran üçün də çox önəmlidir.
 
Ə.Abdullahnejad Poldəşt sərhəd-keçid məntəqəsində yeni terminal tikildiyini, yaxın altı ay ərzində onun istifadəyə veriləcəyini əlavə edib:

"Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsi vasitəsi ilə yük daşımalarının həcminin artırılmasına çalışırıq.

"Hazırda bu məqsədlə infrastrukturun qurulması işləri gedir və 6 ay ərzində terminal və inzibati bina tamamlanacaq və tranzit maşınları üçün sərhəddən gediş-gəliş üçün əlverişli şərait yaranacaq".
 
O deyib ki, Poldəşt sərhəd-keçid məntəqəsində yeni terminalın və inzibati binanın tikilməsi üçün 7 milyon dollar həcmində sərmayə yatırılıb və 14400 kvadrat metr ərazidə tikinti işləri aparılır.
 
O deyib ki, hazırda Naxçıvan MR-dan Poldəşt keşid məntəqəsi vasitəsi ilə 200-nəfərdən çox şəxs İrana keçir.

"Ötən il İrana gələn Naxçıvan MR vətəndaşları özləri ilə 1 milyon 200 min dollar həcmində yük aparıblar. Cari ildə isə indiyədək bu rəqəm 800 min dollar həcmindədir".

Poldəştdən Naxçıvana əsasən, meyvə, tərəvəz, tikinti materialları və ərzaq məhsulları ixrac olunur.  "Biz istərdik ki əlaqələrin daha da inkişaf etdirməsi üçün bizim vətəndaşlar üçün də viza ləğv olunsun və gediş-gəliş daha rahat olsun. Naxçıvan MR ilə Qərbi Azərbaycan əyaləti də kənd təəsərrüfatı, balıqçılıq, universitetlər mübadiləsi, elmi-təcrübi və səhiyyə sahəsində əməkdaşlığı artıra bilər. Düşünürük ki, bu iki ölkə vətəndaşlarının  inkişafına təkan verəcək" - bunları da Ə.Abdullahnejad deyir.

Mer deyib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri siyasi, iqtisadi, ticari və turizm sahəsində əlaqələrin inkişafına şərait yaradacaq: "Hazırda müəyyən qüvvələr var ki, bu iki ölkənin münasibətlərinin pozulmasına çalışırırlar. Amma onlar buna nail ola bilməyəcəklər. Mən bir faktın şahidi olmuşam ki, Sovet ittifaqının dağılması ərəfəsində  bu iki ölkənin vətəndaşları  öz qohumlarını görmək üçün özlərini Araz çayına atırdılar. Bu baxımdan üçüncü dövlətlərin fəaliyyəti iflasa uğrayacaq. Ona görə ki, bizim xalqlar heç vaxt bir-biriləri ilə düşmənçilik etməyəcək".

Bununla da Maku və Poldəştə səfərimiz başa çatır, növbəti səfər isə   Qərbi Azərbaycan əyalətinin qədim tarix və mədəniyyətə malik Xoy şəhərinədir...

(Ardı növbəti sayımızda)

Pərvanə SULTANOVA
(Bakı-Maku-Poldəşt)

 





03.12.2014    çap et  çap et