525.Az

Qərbi Azərbaycan əyalətində gördüklərimiz - Maku-Poldəşt


 

Qərbi Azərbaycan əyalətində gördüklərimiz - Maku-Poldəşt<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Xoy Qərbi Azərbaycan əyalətinin ən böyük şəhərlərindən biridir. Şəhərin  və şəhərətrafının birlikdə 450 mindən artıq əhalisi var. Xoy şəhərinin  özünün əhalisi isə 230 min nəfərdər. Xoy Qərbi Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Şəhərin tarixi hətta urartuluların dövrünə gedib çıxır. Şəhərdə bu tarixi özündə əks etdirən abidələr tapılıb. Tarixən bu şəhərin əlverişli hərbi-strateji mövqeyi olub. Hətta Səsanilərin, Səfəvilərin dövründə də Xoy məşhur olub. Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda Xoyun tarixi ilə bağlı məlumatlar var. Xoy üç ölkə  ilə həmsərhəddir. Türkiyə ilə məsafə cəmi 70 kilometrdir. Azərbaycanın Naxçıvan bölgəsi ilə məsafə 80 kilometrdir. Şəhərin İraqla da sərhəddi var.

Xoyda tikinti materiallarından gəj istehsal olunur və burada üzlük daşlar hazırlanan  mədənlər var, sement
də istehsal olunur və bu məhsullar əsasən İraqa satılır. Xoy İranda bal istehsalına görə üçüncü şəhərdir. Burada günəbaxan və balqabaq tumlarının məskənidir. Əllə xalça toxuculuğu, Xoy xalçasının naxışları dünyada da məşhurdur.

Ötən əsrin əvvəllərində Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Xoy mahalı da ermənilərin hücumlarına məruz qalıb. Amma ermənilər Xoy şəhərini ələ keçirə bilməyiblər. Xoyda yerləşən tarixi Daş Darvazasında indi də həmin hücumların izləri qalmaqdadır. Belə ki, darvazanın üzərində güllə yerləri aydın şəkildə görünür.

Şəms Təbrizi müəmması

Xoy şəhərinə gələnlərin baş çəkdikləri yerlərdən biri də Şəms Təbrizinin məzarıdır. Öz dövrünün ən nüfuzlu sufilərindən biri sayılan Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi Təbrizdə doğulub. Onun həyatı barədə məlumat olduqca azdır. Məlum olanlar isə müəmmalıdır. Bəzi salnaməçilər hətta onun şahzadə olduğuna da israr ediblər.

Yüksək erudisiyasına, hazırcavablığına və müəllimlik bacarığına görə Şəms hələ gənc yaşlarından "mürşidi-kamil" adını alıb. Şəms çoxlu səyahətlərə çıxıb, əsasən, karvansaralarda yaşayıb. 1244-cü ildə Türkiyənin Konya şəhərində Düyüsatanların karvansarasında Şəms sonralar ən məşhur şairlərdən olan Cəlaləddin Rumi ilə görüşür və bu tanışlıq möhkəm dostluğa çevrilir. Ruminin doğmaları və xüsusilə də müridləri bu ruh qardaşlarını hər vəchlə ayırmaq istəyirlər. Şəms 1246-cı ildə Rumidən xəbərsiz Konyanı tərk etməli olur. O, Dəməşqə köçərək, özü barədə Rumiyə heç bir xəbər vermir. Rumi ayrılığı çox ağır keçirir,  o, cəmiyyətdən üz çevirib, özünə qapılır.

Bundan sonra Şəms yenidən Konyaya qayıdır və Rumi ilə  dostluq münasibətləri əvvəlki qaydasına düşür.

Şəms Təbrizi Ruminin bacısı Kimiya ilə ailə qurur. O, növbəti dəfə davam edən  təzyiqlər səbəbindən həmişəlik, Konyanı tərk edir. Onun birdən-birə yoxa çıxması indiyə qədər də müəmmalıdır. Şəmsi Ruminin müridlərinin aradan götürdükləri,  ya quyuya atmaları, ya da öldürüb, atasının yanında basdırmalarına dair versiyalar var.

Onun qəbrinin Pakistanın şimalında "Ziyarət" adlanan yerdə Şimşəl kəndi yaxınlığında, başqa bir mənbədə isə Konyada olması qeyd edilib. Araşdırmaçı Rza Bayramzadə isə azərbaycanlı jurnalistlərə bildirib ki, Dəməşqdən sonra Təbrizi Xoya gəlib və orada yaşayıb.  Onun sözlərinə görə, bütün tarixi sənədlər onun Xoyda yaşadığını, məzarının da məhz burada olduğunu sübut edir.

Şəms Təbrizinin məzarı olan ərazidə üç minarə də olub və hazırda onlardan biri qalıb. R.Bayramzadə bildirib ki, minarələrdən biri Osmanlının hücumu zamanı, digəri isə Birinci Dünya müharibəsində dağıdılıb. Məzarın yaxınlığında Təbrizinin büstü də qoyulub. Vaxtilə Sultan Süleyman Qanuni bu məzarı ziyarət edib.  

"Azərbaycanla əlaqələrin inkişafı üçün xeyli imkanlar var"

Azərbaycanlı jurnalistlərlə görüşən Xoy şəhərinin başçısı Hüseyn Sinavi deyib ki, iki ölkənin mətbuat nümayəndələrinin gediş-gəlişi ölkələrin əlaqələrinin genişlənməsi üçün önəmlidir. O bildirib ki, Azərbaycan və İran iki qonşu ölkədir və müştərək tarix, dini bağlılıqları var, eyni sivilizasiyanın sahibidirlər. Hər iki ölkənin kökü, tarixi eynidir və onların bir-birindən ayrılması çətindir: "Bu müştərək bağlara görə, bizim gözləntimiz odur ki, iki ölkənin əlaqələri daha da inkişaf etmiş olsun. İki ölkə arasındakı əlaqələr iqtisadi və mədəni baxımdan arzuolunan səviyyədə deyil. Bu əlaqələrin inkişaf etməsi xalqlarımızın inkişafı üçün əhəmiyyətlidir.
İki ölkənin əlaqələrinin zəif olması, dostluğunun pozulması bu ölkələri istəməyənlərin arzusudur".

Şəhər rəhbəri əlaqələrinin inkişafı üçün xeyli imkanların olduğunu vurğulayıb: "Bu imkanlardan ən başlıcası ölkəmizin qonşu olması və yaxınlığıdır. Daha bir imkan isə iki ölkənin mədəniyyəti arasında oxşarlıqların olmasıdır. Bir çox hallarda bu mədəniyyət eynidir. Mən Bakıda doğulmuşam və bu şəhəri özümə doğma hiss edirəm. Mədəniyyətdən başqa ölkələrimiz arasında din və məzhəbin də yeni olması əlavə imkanlar yaradır.

Xalqlarımız arasında baxışların bir-birinə yaxın olması da əlavə bir imkandır. Daha bir imkan iki ölkənin vasitəsi ilə yük maşınlarının və yüklərin tranzitidir".

Mahabad şəhərində

Jurnalist qrupunun səfər etdiyi növbəti şəhər isə Mahabad şəhəri oldu. Pəhləvi dövrünə qədər bu şəhərin adı Soyuq bulaq olub. Mahabad şəhərinin əhalisi 160 min nəfərə yaxındır. Ətraf kəndlərin əhalisi isə 60 mindir. Bu inzibati rayonun Xəlifə və Mahabad adlı 2 şəhəri və 196 kəndi var. Ümumilikdə ərazisi 27 min kvadrat metrdən artıqdır. Mahabad həm də Qərbi Azərbaycan əyalətində sünni məzhəbinə qulluq edən əhalinin daha çox yaşadığı bölgədir. Buranın əhalisi kürdlər (98 faiz) və azərbaycanlı şiələrdən ibarətdir.

İnsanlar uzun illərdir birgə yaşayır, onların arasında heç bir problem və gərginlik baş verməyib.

Mahabad Qərbi Azərbaycan əyalətinin turizm, sənaye sahəsində geniş potensiala malik şəhərlərindən biridir. Kənd təsərrüfatı, xüsusilə quşçuluq və bağçılıq üzrə əyalətin qabaqcıl şəhərlərindən sayılır. Əyalətin ən böyük sənaye komplekslərindən biri bu şəhərdə yerləşir. Mahabadın neft-kimya zavodunun yaxın 2 ay ərzində açılşı olacaq. Orada istehsal olunan məhsullar təkcə Mahabadı deyil, digər qonşu 4 vilayəti də əhatə edəcək.

Qərbi Azərbaycan əyaləti rəhbərinin müavini, Mahabad şəhərinin meri Cəfər Kətaninin sözlərinə görə, bölgədəki sabitlik məsul şəxslərin düşünülmüş düzgün siyasətdir, bu da islam sisteminin gücünü göstərir:

"Təhükəsizlik və güc Mahabad da daxil olmaqla ölkənin bütün bölgəsini inkişafa doğru aparır. Bölgədə müxtəlif dinlərin və etniklərin nümayəndələri yaşayır. Bu uzun illərdir belə davam edir və onlar arasında heç bir gərginlik yoxdur. Bu iranlıların yüksək mədəniyyətə sahib olduğunu göstərir. Qərbi Azərbaycan vilayəti 3 ölkə ilə qonşudur. Ölkənin İraqla bağlı ixrac potensialı bizim bölgə vasitəsi ilə həyata keçirilir. Yaxın vaxtlarda biz Mahabad Xüsusi İqtisadi zonasını yaradacağıq. Bu zonadan qonşu ölkələrə ixracat mallarının daşınması daha rahat və əlverişli şəkildə həyata keçiriləcək".

Sehulan mağarası-tanrının möcüzəsi
 

Sehulan mağarası  Su mağarası da adlandırılır. Buranı tanrının möcüzəsi də adlandırmaq olar. Mahabadın turistlər tərəfindən ən çox ziyarət olunan bu ərazisi Qərbi Azərbaycan əyalətində Mehabad şəhərindən 42 kilometr cənub-şərqdə yerləşir. Bu mağara Qərbi Azərbaycan əyalətində təbiətin gözəl təzahürlərindən hesab olunur. Mağaranın içərisində su axır. 10-12 il bundan əvvələdək Qərbi Azərbaycan əyalətinin kasıb kəndlərindən biri olan Sehulan kəndinə bu gün xeyli turist cəlb olunub.

İl ərzində bura 170 minə yaxın turist gəlir. Onlar əsasən yaxın ölkələr, o cümlədən bir sıra Avropa ölkələrindən olan turistlərdir. Mağaraya giriş bir AZN təşkil edir ki, bu da ətrafı abadlaşdırmağa, mağaranın içərisində bəzi işlər görməyə sərf olunur.

Sehul sözü kürd dilində buz deməkdir. Mağara qışda donduğu, yayda isə çox sərin olduğu üçün ona bu ad verilib. Mağaranı yerli əhali "göyərçin yuvası" adlandırır. Bu ad isə orada göyərçin yuvalarının olduğuna görə verilib. Mağaranın girişindən 45 metr aşağıda göl var. Gölə enmək üçün 106 pilləkən tikilib. Mağaranın içərisindəki göldən onun damına kimi hündürlük 50 metrdir. Suyun dərinliyi bəzi yerlərdə 30, bəzi yerlərdə isə 60 metrə çatır. Mağarının içərisində temperatur havanın temperaturu ilə müqayisədə 10-15 dərəcə soyuqdur. Mağaranın içərisində turistlər qayıqlarla gəzir. Orada yüzlərlə projektor quraşdırılıb və turistlərin gəzməsi üçün bələdçilər var. Mağaranın içərisindəki gölün suyu şəffafdır. Mağaranın ümumi ərazisinin iki hektar olduğu güman edilir, lakin indiyədək onun içərisində 300 metrlik məsafə kəşf olunub.  Mağaranın içindən qab-qaşıq hissələri tapıldığından, onun yaşayış məskəni kimi də istifadə edilməsinə dair fikirlər yaradıb. Hazırda isə mağaranın nə məqsədlə istifadə edildiyinə dair araşdırmalar davam etdirilir. Mağara İranın milli təbii irsi kimi qeydə alınıb.

Nəhayət Urmiya şəhərinə doğru hərəkət edirik, bura jurnalist qrupunun tanış olacağı sonuncu şəhərdir...

(Ardı növbəti sayımızda)

Pərvanə Sultanova
Bakı-Xoy-Mahabad

 





04.12.2014    çap et  çap et