525.Az

İkili standartlar və müasir Azərbaycan


 

İkili standartlar və müasir Azərbaycan <b style="color:red"></b>

Azərbaycan müstəqillik əldə etdiyi 23 il ərzində daim ikili standartlarla üz-üzə dayanıb. Bu acı gerçəklik Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, daha sonra haqq səsinin nəzərəçarpacaq dərəcədə ciddiyə alınmamasına gətirib çıxarıb. Təəssüfləndirici hal odur ki, ermənipərəst, islamafob və anti-Azərbaycan mövqeli xarici dairələrin Azərbaycana münasibətində terrorçu da, separatçı da, cinayətkar da haqq qazana bilir. Bunu son olaraq qondarma rejimin parlament sədrini qəbul edən Birləşmiş Ştatların timsalında müşahidə etdik. Lakin ədalətsiz dünyada öz standartlarını önə çəkməyi bacaran, iqtisadi potensialını artıran, siyasi uğurlar qazanan Azərbaycanın məqsədləri ermənilər tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi məsələsində bütünləşir. Bu baxımdan, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "AzərTAc"da yayımlanan "İkili standartların dünya nizamı və müasir Azərbaycan"  adlı məqaləsini mövqeyimizin bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir: "Biz hamımız son 25 ildə dünyanın geosiyasi xəritəsinin necə dəyişməsinin şahidiyik. Şərqi Avropa ölkələrində "məxməri inqilablar" "sosializm düşərgəsi"nin dağılmasının və dünya arenasında qüvvələrin yenidən yerləşməsinin başlanğıc nöqtəsi oldu. Dünyanın yalnız bir mərkəzdən idarə edilməsinin təməli qoyuldu. SSRİ dağılandan sonra ikiqütblü dünya faktiki olaraq bir qütblü dünya ilə əvəz edildi və belə dünyada mövcud olmağın bütün xüsusiyyətlərini biz artıq öz gündəlik həyatımızda hiss etməyə başlayırıq. İstər-istəməz bir faktı xatırlayıram. 20-ci əsrin 80-ci illərinin axırlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında müxtəlif, o cümlədən xarici ölkələrdən olan politoloqlarla söhbətlərdə dəfələrlə eşitmişdim ki, SSRİ-nin dağılması praktiki olaraq həll edilib və bunun ardınca Yaxın Şərqin "yenidən formatlanması" dövrü başlanacaq. İllər keçdi. "Ərəb baharı" hadisələrini müşahidə edərkən bu qənaətə gəldim ki, kütlələrin şüuruna "üsyan etmək hüququ vətəndaşların hakimiyyətin qəsb edilməsinə müqavimət göstərməsi kimi təbii hüququdur" tezisinin yeridilməsi ilə yanaşı, burada, əlbəttə, mükəmməl hazırlanmış texnologiyalar işləyir. Həmin texnologiyaların müəllifləri və bu cür aksiyaların hazırlanma mexanizmləri yaxşı məlumdur. Bu halda, nə qədər qəribə də olsa, demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı müqavimət göstərilir".
R.Mehdiyev məqalədə qeyd edib ki, ABŞ-ın demokratiyanın yayılması kimi humanist niyyətlərinin arxasında tamamilə real siyasi məqsədlər dayanır.

Onun sözlərinə görə, Barak Obamanın QHT-lərin fəaliyyətinə dəstək xarakterli bəyanatı əyani şəkildə göstərir ki, ABŞ-ın QHT-lərə, vətəndaş cəmiyyəti təşkilatlarına, insan hüquq və azadlıqlarına diqqəti yalnız və yalnız Amerikanın geosiyasi maraqlarından irəli gəlir: "Onların arasında sözəbaxan və ABŞ-ın göstərişlərini yerinə yetirən qrupların hakimiyyətə gəlməsinin dəstəklənməsini, Amerika kapitalının yeni bazarlara nüfuz etməsini və başqa ölkələrin təbii sərvətlərinin istismarının yeni formalarının tətbiq olunmasını, onları özündən daha çox asılı etmək məqsədilə müxtəlif millətlərin milli və mədəni xüsusiyyətlərinin nivelirlənməsini, "istehlakçı demokratiya və mədəniyyət" formalaşmasını qeyd etmək olar. Bəziləri bunu müstəmləkəçiliyin müasir forması adlandırır, bəziləri dünya iqtisadiyyatının yeni bazarlar axtarmağa məhkum olması barədə danışır və s. Lakin məsələnin mahiyyəti bununla dəyişmir. Digər tərəfdən, Barak Obama bəyan edir ki, demokratiyaya doğru irəliləyən və insan hüquqlarının müdafiəsi təsisatlarını inkişaf etdirən hər bir ölkə bizim dostumuzdur və biz onları həmişə dəstəkləyirik. Bu bəyanatlar da həqiqətdən son dərəcə uzaqdır və yuxarıda göstərilən siyasətin davamıdır.

Məsələn, Vaşinqton demokratiyanın yayılması inamını deyil, özünün geosiyasi maraqlarını əsas götürərək İran-İraq müharibəsi dövründə Səddam Hüseynin qeyri-demokratik rejimini silahla təchiz etməklə onu dəstəkləyirdi. Əlbəttə, "düşmənimin düşməni mənim dostumdur" prinsipinə istinad etmək olar, lakin indiki halda bu tezis regionda sülh yaradılmasına kömək etmək istəyindən daha çox, ABŞ-ın siyasi və iqtisadi maraqlarını əks etdirir".

Akademik Ramiz Mehdiyevin "İkili standartların dünya nizamı və müasir Azərbaycan" sərlövhəli siyasi təhlil xarakterli məqaləsinin böyük əhəmiyyət kəsb etməklə bərabər, geostrateji maraqlar və ölkənin ictimai-siyasi durumunun dəyərləndirilməsi baxımından da önəmli olduğunu deyən millət vəkili, tarixçi alim, professor Fəzail İbrahimli "Teleqraf.com"a qeyd edib ki, məqalədə toxunulan hər bir problem öz-özlüyündə geniş araşdırma, təhlil tələb edir: "Düşünürəm ki, məqalə Azərbaycanda və kənarda hələ uzun müddət müzakirə olunacaq. Azərbaycan beynəlxalq təşkilatların, dövlətlərin ikili standartlarından əziyyət çəkən ölkədir. Biz 20 ildir ki, bunun şahidi oluruq. Əgər Ramiz Mehdiyev bu mövzuda yazı yazmaq məcburiyyətində qalıbsa, deməli, problem biz düşündüyümüzdən də ciddidir".
 
F.İbrahimli hesab edir ki, bu məqaləni yazmaqla akademik dünyada gedən proseslərlə bağlı Azərbaycan xalqına mesaj ötürür, məlumat verir. Onun sözlərinə görə, bu, bir növ maarifləndirmə, xalqı oyatmaq deməkdir: "Rəngli inqilabların, "ərəb baharı"nın baş verdiyi ölkələrin indiki durumuna nəzər salın. Gürcüstan, Ukrayna, Qırğızıstan, Misir, Liviya, Suriya, İraq və inqilab baş verən digər ölkələrə diqqət yetirin. Xarici ölkələrin dəstəyi ilə baş tutan inqilabların acı nəticələri hələ də aradan qalxmayıb. Suriya və İraqda baş qaldıran “İŞİD” terroru təsadüfən ortaya çıxmayıb. Vaxtilə “İŞİD” üzvləri Əsədə qarşı mübarizə aparırdı, onda Qərb onları dəstəkləyirdi, adlarını inqilabçılar, azadlıq mücahidləri qoymuşdular. Sonra terrorçu oldular, mülki əhalini qırmağa başladılar.

Suriyada mərkəzi hakimiyyət zəiflədiləndən sonra təbii ki, xoşagəlməz halların artması gözlənilən idi. Qonşu Gürcüstanda problemlər bitib-tükənmək bilmir". Hakimiyyətdə daxili qarşıdurma, qruplaşmalar və istefaların dövləti zəiflətdiyini deyən millət vəkili bunun nəticəsi olaraq hökumət dəyişikliyinin qurbanı olan ölkələrdə iqtisadi islahatlar aparıb büdcə gəlirlərini artırmaq, əhalinin sosial rifahını yüksəltmək əvəzinə, daxili sabitliyi təmin etmək uğrunda mübarizənin aparıldığını bildirib. Onun sözlərinə görə, Ukraynada da oxşar stiuasiyalar gedir: "Ukraynada prezident Viktor Yanukoviç devriləndən sonra, inqilabçılar hakimiyyətə gəldi. Əvəzində ölkə suverenliyini itirdi, Krım Rusiyaya birləşdi, ölkənin Şərq əyalətlərində silahlılar mərkəzi hökumətə qarşı çıxmağa başladı, müstəqil olmağa çalışırlar, ölkədə sosial durum pisləşib, xarici borclanma tempi yüksəlib.

Sual olunur, zərurət olmadan baş verən bu inqilablar kimə lazımdır? Xalq bundan nə qazanır? Akademik Ramiz Mehdiyev məqaləsində bu cür suallar qoyur və onlara cavab axtarmağa çalışır.

Düşünürəm ki, Azərbaycanda belə təhlillərin aparılması baş verə biləcək neqativ halları önləmək baxımından əhəmiyyətlidir".

F.İbrahimliyə görə, milli dövlətçilik təfəkkürü olan, xalqını sevən hər bir şəxs "İkili standartların dünya
nizamı və müasir Azərbaycan" sərlövhəli məqalədən bəhrələnəcək: "Dünyada baş verən prosesləri dərk etmək və düzgün qiymətləndirmək üçün akademikin məqaləsini oxumaq lazımdır. Məqalənin siyasi müzakirəsi peşəkarlar tərəfindən aparılmalıdır. Zəif siyasi təfəkkürə sahib olanlar onu oxuyub başa düşsələr də, düzgün təhlil edə bilməzlər".

Millət vəkili Sahib Alıyev isə hesab edir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "İkili standartların dünya nizamı və müasir Azərbaycan" adlı məqaləsi bizim hamımızın gördüyü və bildiyi bir reallıqlardan bəhs edir. Onun sözlərinə görə, sadəcə, Ramiz Mehdiyev akademik və təcrübəli dövlət xadimi olduğundan yazdıqları daha elmi, daha dərin və həm də daha dəqiqdir: "Hörmətli Ramiz müəllimin məqaləsində tez-tez Amerikada, eləcə də dünyada geniş tanınan, böyük dövlət idarəçiliyi təcrübələri olan Henri Kissincer və Zbiqnev Bjezinski kimi adamlardan da sitatlar gətirib. Məncə, idarəçilik təcrübəsi, bilik və bacarığı heç də sitat gətirdiyi amerikalı strateqlərdən az olmayan akademik Mehdiyevin yazısında ən çox diqqət yetrilməli məqam qərbdəkilərin apardıqları siyasətin necə pislənməsi yox, bu pis siyasətin qurbanlarının getdikcə artdığı bir dönəmdə Azərbaycanın atdığı və atmağı planlaşdırdığı addımlardır".

S.Alıyev "azvision.az"da çıxan şərh xarakterli yazısında qeyd edib ki, akademikin məqaləsini səmimi olmayanlar üçün səmimiyyət dərsi də adlandırmaq mümkündür. Onun sölzərinə görə, məqalədə yazılanları hazırda baş verənlərə sadəcə hakimiyyətin, yaxud da fərd olaraq akademik Ramiz Mehdiyevin yanaşması kimi qiymətləndirmək düzgün deyil: "Məqalədə bütövlükdə Azərbaycan dövlətinin və xalqının baxışları öz əksini tapıb. Əslində heç izaha ehtiyac da yoxdur, amma yenə də aydınlıq gətirməyə çalışacağam. Bu ölkədə içərisində az-çox Vətən sevgisi daşıyan və müəyyən dərəcədə də savadı olan elə bir adam tapmaq çətindir ki, qərbdəkilərin, özəlliklə də Amerika təmsilçilərinin bizim ən həssas yerimiz sayılan Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarından narazı qalmasın. Eyni zamanda, savadlılar içərisindən çox az adam tapa bilərsiniz ki, onların bütün dünyada, özəlliklə də Yaxın Şərqdə yeritdikləri siyasətin doğru olduğunu fikirləşsin".

Millət vəkili qeyd edib ki, qərbdəkilər bəzən özlərini elə aparırlar ki, guya burada nə baş verdiyindən zamanında xəbər tutmurlar: "Guya zamanında xəbər tutsaydılar, obyektiv olacaqdılar. Bu yaxınlarda Amerika Dövlət Departamentinin rəsmisi ermənilərin Ağdam yaxınlığında gecə apardıqları bir əməliyyatı izlədiklərini deyirdi. Özü də çox məmnun bir görkəm və tonla. Sual yaranır ki, necə olur onlar kiçik bir erməni dəstəsinin gecə nəyi necə etdiklərini izləyə bilirlər, bunun məhz bizim torpaqlarda reallaşdırıldığını görmürlər? Əgər görürlərsə, Minsk qrupuna həmsədrlik edən bir dövlət olaraq niyə bu hadisəni pisləmirlər?

Erməni hərbi dəstəsi başqasının torpağına niyə soxulub əməliyyat aparmalıdır? Və əgər belə bir əməliyyatı Ermənistanda azərbaycanlı hərbçilər aparsaydı, Dövlət Departamentinin təmsilçisi o cür məmnunluqla, yaxşı bir şey baş veribmiş kimi danışardımı. Ermənistanın ortasında vurulmuş Azərbaycan hərbi helikopterinin ekipaj üzvlərinin ölməsindən sarsıldığını dilə gətirərək, buna görə bizə başsağlığı verərdilərmi. Soruşmaq istəyirəm, niyə Abxaziyanın, Güney Osetiyanın, Dnestryanı bölgənin, Donbasın, Krımın rəhbərliyində təmsil olunan adamlar Amerikaya gedə bilmirlər? Amma erməni separatçılarının liderləri oranı su yoluna döndəriblər. Niyə həmin separatçı qurumlara heç bir dəstək verilmir, əksinə onlarla əməkdaşlıq edənlər sanksiyalarla üzləşdikləri halda, Dağlıq Qarabağa yanaşmada bunun əksini görürük?"

Millət vəkili Eldar İbrahimov "SİA"ya açıqlamasında PA-nın rəhbəri, akademik Ramiz Mehdiyevin sözügedən məqaləsində bir çox məsələlərin tam düzgün şərh edildiyini və bütün fikirləri dəstəklədiyini vurğulayıb:

"Akademik Ramiz Mehdiyevin bütün fikirlərini təqdir edirəm. Radikal müxalifət düşərgəsində real vəziyyətin bu qədər aydın göstərilməsi özlərini müxalifət adlandıran radikal qrupların əsl simasını açmış oldu".

Ceyhun ABASOV

 





05.12.2014    çap et  çap et