525.Az

"Qadağa və sanksiyalar Dağlıq Qarabağ separatçılarına da şamil olunmalıdır"


 

"Qadağa və sanksiyalar Dağlıq Qarabağ separatçılarına da şamil olunmalıdır"<b style="color:red"></b> "ATƏT PA tezliklə Ukrayna böhranının həlli ilə əlaqədar yaradılmış "Bakı Qrupunun" fəaliyyətini bərpa etməli və hadisələrin daha dramatik məcraya yönəlməməsi üçün prosesə ciddi müdaxilə etməlidir".

Milli Məclisin (MM) deputatı Azay Quliyev bunu İsveçrənin Bazel şəhərində ATƏT Parlament Assambleyasının (PA) növbəti Büro iclasında deyib.
 
O qeyd edib ki, Ukraynadakı hadisələrin get-gedə gerginləşməsi bölgə üçün xoş heç nə vəd etmir.  A. Quliyevin bildirdiyinə görə, Avropa İttifaqının Ukraynadakı separatçılara qarşı tətbiq etdiyi sanksiyaları alqışlayır və bundan sonra separatçı liderlərin Avropa İttifaqı ərazisinə girişlərinin qadağan edilməsini müsbət qiymətləndirir.

A.Quliyevin sözlərinə görə, bu addım separatçı rejimlərə bir siqnal olmalı və onları belə qanunsuz hərəkətlərdən çəkindirməlidir.

Bundan sonra azərbaycanlı millət vəkili avropalı parlamentarilərin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, bu qadağa və sanksiyaların Dağlıq Qarabağ separatçılarına da şamil olunmasının vacibliyini vurğulayıb. A. Quliyev təəssüflə qeyd edib ki, bəzi dövlətlər nəinki, Qarabağ separatçılarına qadağalar tətbiq edir, tam əksinə onları öz ölkələrinə dəvət etməklə bölgədə radikal separatizmi daha da alovlandırır.

"Gələn il Helsinki yekun aktının qəbulunun 40 illiyi Helsinkidə qeyd ediləcək. ATƏT PA bu tarixi günə ciddi hazirlaşmalı və Helsinki prinsiplərinin necə yerinə yetirilməsi vəziyyəti haqqında ətraflı hesabat hazırlanmalıdır".

A.Quliyev konkret təkliflə çıxış edib: "Yaxşı olar ki, bu hesabatı hazırlayan Joa Soaris Helsinki prinsiplərinin Azərbaycana, Moldovaya, Gürcüstana və Ukraynaya münasibətdə pozulması hallarına daha çox diqqət yetirsin və ATƏT PA öz mandatı çərçivəsində bu pozuntuların qarşısını almaq üçün həlledici qərarlar qəbul etsin".

Belə bir qətnamənin hazırlanmasının vacibliyini qeyd edən azərbaycanlı millət vəkilinin "ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joa Suaresi və PA rəhbərliyini bu sənədin hazırlanması və qəbulunda yaxından iştiraka dəvət edirəm" fikri avropalı həmkarları tərəfindən razılıqla qarşılanıb.

K.HƏMİDOV
 





05.12.2014    çap et  çap et