525.Az

Məmmədağa Dadaşovun 100 illiyi qeyd olunub


 

Məmmədağa Dadaşovun 100 illiyi qeyd olunub<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Əməkdar Artist Məmmədağa Dadaşovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş gecə keçirilib.

525.az-ın məlumatına görə, tədbirdə ADGTT-nin direktoru, Əməkdar Artist Mübariz Həmidov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov, Xalq Artisti Yasin Qarayev, Əməkdar Artist Cəfər Namiq Kamal və başqaları çıxış edərək aktyorla bağlı xatirələrini danışıblar. Sonra aktyorun çəkildiyi filmlərdən kadrlar nümayiş olunub. 

Xatirə gecəsində diqqətə çatdırılıb ki, M.Dadaşov çox təvazökar insan olmuş, özü haqqında heç vaxt yazmamışdır. Onun bütün yazıları Azərbaycan teatrının tarixindən bəhs edir. Eyni zamanda, təəssüflə bildirilib ki, indiyədək sənətkarın əlyazmaları heç yerdə dərc olunmamışdır.

Tədbirdə, həmçinin aktyorun heç vaxt efirdə getməmiş müsahibəsinin lent yazısından kiçik bir hissə nümayiş etdirilib. 

Tanınmış müğənni Təranə Mahmudovanın, Əməkdar Artist Gülyaz Məmmədovanın, ADGTT-nin aktrisası Almaz Mustafayevanın, xanəndə Firuz Səxavətin, “Cəngi” rəqs ansamblının, “Təbəssüm” uşaq rəqs qrupunun, Dadaşovlar nəslinin nümayəndələri Həcər Ağayeva və Tahir Eynullayevin və başqalarının ifaları tədbir iştirakçılarına xoş anlar bəxş edib.

Sonda aktyorun qızı, Əməkdar Artist Kübra Dadaşova atası ilə bağlı xatirələrini danışaraq, yubiley gecəsinin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. 

GÜNEL

 





21.11.2012    çap et  çap et