525.Az

Ləyaqət dərsi - Ramiz Rövşən yazır


 

Ləyaqət dərsi - <b style="color:red">Ramiz Rövşən yazır</b>

Qulu Məhərrəmli mənim illərin sınağından çıxmış vəfalı dostumdu, bu gün Azərbaycanda tanıdığım ən bütöv şəxsiyyətlərdən biridi. Bir jurnalist kimi onun yüksək peşəkarlığı hamıya bəllidi. Əslində, peşəkarlıq əxlaqi keyfiyyət deyil. Amma Qulunun peşəkarlığının kökündə onun böyük istedadıyla yanaşı, həm də təmiz vicdanı və əxlaqı dayanır. Bu son onilliklərin çoxlarını cilddən-cildə salan dəyişkən ab-havasında Qulunun bütöv bir şəxsiyyət kimi qalmağının səbəbi də budu.

lll

Şəxsiyyət və ləyaqət. Bu iki anlayış həmişə bir-birini tamamlayıb. Əsl şəxsiyyət istənilən şəraitdə öz ləyaqətini qoruyub saxlamağı bacaran və bunu bacarmayanlara bəraət olmadığını göstərəndi. Qulu Məhərrəmli belə şəxsiyyətlərdəndi.

O, ekranda da, həyatda da eyni adamdı. Peşəsi ekranda danışmaq olsa da, həyatda daha çox özü susub başqalarını dinləməyi xoşlayır. Və danışan adama elə gəlir ki, Qulu onun nəinki dediklərini, hətta demədiklərini də anlayır. Yəqin elə buna görə də, Qulu özü ekranda danışanda onun təkcə dediklərini yox, demədiklərini də anlayırsan. Çünki ekrandan dediyi sözlərin təsir dərəcəsindən asılı olmayaraq, Qulu heç vaxt o sözlərin çərçivəsində qapanıb qalmır, özüylə sözü arasında müəyyən məsafə saxlamağı bacarır. Odur ki, ekranda hansı mövzudan danışırsa-danışsın, tamaşaçıya həmişə elə gəlir ki, Qulu danışdığından qat-qat çox bilir.

Qulunun bir parlaq keyfiyyyəti də var: prinsipialdı, şərə müqavimət göstərməyi bacarır, ictimai əxlaqı zədələyən məsələlərdə güzəştə getmir. O, axına qarşı üzməkdən, haqqı müdafiə etməkdən, kütlə şüuruna qarşı çıxmaqdan qorxmayan, aydın vətəndaş mövqeyi olan güclü şəxsiyyətdi. Küçədə, bayırda Qulu ilə rastlaşan adamların üzünə qonan təbəssümü mən çox görmüşəm. İnsanlar ona dürüst, vicdanlı, həqiqəti deməkdən çəkinməyən şəxsiyyət kimi baxırlar. Qulu hansı məqamdasa rəhmdillik edib “pis”ə “babat”, “babat”a “yaxşı” deyə bilər. Amma heç vaxt “yaxşı”ya “pis” deməz. Mənim buna şübhəm yoxdur.

Qulu Məhərrəmli itirəcəyi nələrsə olsa belə, haqq bildiyi doğru şeylər uğrunda döyüşə girməkdən qorxmur. Hətta bu döyüşdə uduzacağını bilə-bilə yenə geri çəkilmir. Mən bunu deyəndə bir neçə il əvvəl bir tədbirdə nizamnamədəki hansısa ciddi dəyişikliklə bağlı Qulunun davranışını xatırlayıram. O, azlıqda qalmış iki-üç məsləkdaşı ilə birlikdə bu dəyişikliyə qarşı çıxırdı. Məğlubiyyət qaçılmaz olsa da, çoxluq qarşısında haqq bildiyin dəyərin davasını aparmağı, mən qəhrəmanlara xas olan yüksək keyfiyyət sayıram. Və zaman keçdikcə insanlar vicdanların oyaq qalması üçün bu keyfiyyətin nə qədər gərəkli olduğunu anlayırlar...

lll

Şər deməsən xeyir gəlməz, deyiblər. Qulunun uzun illər çalışdığı televiziyadan getməsinə səbəb olanlar, yəqin ona nə boyda yaxşılıq etdiklərini hələ də bilmirlər. Nəticədə, son illərdə Qulunun elmi-pedaqoji və ictimai fəaliyyəti genişləndi, o, dilçilik və  jurnalistika sahəsində çox ciddi elmi-nəzəri araşdırmalar, qiymətli kitablar, o cümlədən dəyərli lüğətlər ortaya qoydu. Hətta, Cənubda yaşayan soydaşlarımızı belə unutmadı. Ordakı azərbaycandilli radio-televiziyaların əməkdaşları üçün ayrıca “Ekran və ədəbi dil” kitabını yazdı.

Amma Qulunun bir müəllif kimi bu günəcən yazdığı və bundan sonra da yazacağı bütün kitabların, bir müəllim kimi bu günəcən dediyi və bundan sonra da deyəcəyi bütün dərslərin başında bir mövzu dayanır; o mövzunun adı LƏYAQƏTDİ. 60 yaşı tamam olan əziz dostum Qulu Məhərrəmli bu yaşacan bütün yazdıqları və yazmadıqlarıyla, bütün dedikləri və demədikləriylə bir dərs verir: ləyaqət dərsi. Özü də, təkcə dərs dediyi tələbələrə yox...

 





08.12.2014    çap et  çap et