525.Az

Erməni nazirin çətin anları: Nalbandyan həqiqətdən yayındı


 

Erməni nazirin çətin anları: <b style="color:red">Nalbandyan həqiqətdən yayındı</b>

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan sülh problemlərinin tədqiqi ilə məşğul olan Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda təşkil edilən bir tədbirdə ölkəsinin xarici siyasəti mövzusunda məruzə edib.
 
O, çıxışının çox hissəsini İrəvanın xarici siyasətinin təhlilinə deyil, Azərbaycana böhtan atmağa sərf edib. Bakını bir sıra məsələlərdə, əsasən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyə görə, öz anlamında tənqid edib. Azərbaycanın sürətli inkişafını təhrif edən E.Nalbandyan onun hərbi qüdrətinin artmasından narahatlığını da dilə gətirib. Real vəziyyətin obyektiv təhlilindən uzaq olan bu mövqe faktiki olaraq rəsmi İrəvanın acizliyinin əlamətidir. Artıq Ermənistan rəhbərliyi münaqişənin həlli ilə əlaqədar heç bir tutarlı təklif verə bilmir. Bunun günahkarı isə rəsmi İrəvan və onun havadarlarıdır.

Siyasətdə yalan: erməni diplomatın biabırçı fiaskosu

Rəsmi İrəvanın xarici siyasətdə obyektiv mövqe tutmadığı məlum faktdır. Təcrübə göstərir ki, Ermənistan rəhbərliyi daim faktları təhrif edir, reallığı dünya ictimaiyyətindən gizlətməyə çalışır. Ermənilərin məzlum, zərərçəkən və yardıma ehtiyacı olan xalq kimi təqdim edilməsi onların ideoloji sisteminin ana xəttini təşkil edir. Bu günlərdə Stokholmda sülh və barışa həsr edilmiş tədbirdə çıxış edən Ermənistanın xarici işlər naziri E.Nalbandyan da bu ənənəyə sadiq qalıb (bax: Address of Foreign Minister of Armenia Edward Nalbandian at the Stockholm International Peace Research Institute (SIPRI) / www.mfa.am, 26 noyabr 2014).

Əslində, erməni nazirin çıxışında yeni heç bir fikir yoxdur. O, Azərbaycana qarşı əsassız iddialar irəli sürməklə yanaşı, Ermənistanın sülhsevər obrazını da yaratmağa çalışıb. E.Nalbandyan çıxışının bir yerində çəkinmədən deyir ki, "Bakı ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bütün təkliflərini rədd edib". Guya Azərbaycan prezidentlərin Sankt-Peterburq, Həştərxan, Soçi və Kazan görüşlərində qəbul edilən qərarları yerinə yetirməyib.

Belə iddialar bu siyasətçinin qeyri-ciddiliyindən xəbər verir. Çünki Ermənistan dəfələrlə münaqişə ilə bağlı qəbul edilən sənədləri qulaqardına vurub, BMT-nin 4 qətnaməsinə, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının verdikləri bəyanatlara əməl etməyib. Müxtəlif beynəlxalq təşkilatlar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxarılmasını tələb edən sənədlər hazırlayıblar. Ancaq onların heç birinə rəsmi İrəvan müsbət reaksiya verməyib. Əksinə, hazırda Azərbaycanın zəbt olunmuş ərazisində 50 minə yaxın hərbçi cəmləşdirib.

Bu kontekstdə son zamanlar Ermənistanda yenidən "Yevlax və Mingəçevirə qədər hücum etmək" şousu başlayıb. Döyüş helikopteri fiaskosundan sonra təcavüzkar ölkənin bəzi dairələri ermənilərdə ruh yüksəkliyi yaratmaq adı altında zorakılığı və qonşu torpaqları işğal etmək kimi yolverilməz ideyanı yaymağa başlayıblar. Bunun fonunda isə E.Nalbandyan Avropanın mərkəzində başqalarına "sülh haqqında moizə" oxuyur.

Onun gətirmək istədiyi üzdəniraq faktlar birtərəfli və qərəzli yanaşmanın nəticəsidir. Məsələn, erməni nazir Azərbaycanın hərbi xərclərinin sürətlə artdığından gileylənir və bunu rəsmi Bakının "davakar niyyətləri" ilə əlaqələndirir. Real vəziyyətlə tanış olmayanları bu kimi ittihamlar çaşdıra bilər. Həqiqət isə bundan ibarətdir ki, Azərbaycan yalnız özünümüdafiə üçün ordusunu gücləndirir, onu müasir silahlarla təmin edir. Bakı bunu etməyə məcburdur. Çünki 25 ilə yaxındır ki, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır.

Narahat İrəvan: özü yıxıldı, ancaq ağladı...

İndi Ermənistanı bu aspektdə iki məqam daha çox narahat edir. Birincisi – Azərbaycan ordusunun həddən artıq güclənməsidir. Rəsmi İrəvan başa düşür ki, savaş olsa, Azərbaycan əsgəri işğal olunmuş torpaqları azad edəcək, düşmənə layiqli cavab verməklə ölkənin ərazi bütövlüyünü bərpa edəcək.

İkincisi, Azərbaycan rəhbərliyi heç bir kənar təzyiqə baş əyməyərək müstəqil xarici siyasət yeridir. Bu o deməkdir ki, rəsmi Bakı işğal altında olan torpaqların qaytarılması barədə orduya əmr verə bilər və bunun qarşısını heç kim ala bilməz. Bu səbəbdəndir ki, erməni siyasətçilər hər vəchlə danışıqlar prosesini uzadır və müxtəlif tədbirlərdə yalan danışır, real mənzərəni beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışırlar. Eyni zamanda, rəsmi İrəvan danışıqlar imitasiyası yaradır, öhdəlik götürür və sonra ondan qaçır və ümumiyyətlə, danışıqlara kriminal dairələrə məxsus "qumar oyunu" kimi baxır.

E.Nalbandyan Azərbaycanın hərbi qüdrətinin artması fonunda Ermənistanın düşdüyü miskin vəziyyəti ört-basdır etməyə çalışır. Burada əsas məqsədin mövcud status-kvonu saxlamaqdan ibarət olduğu şübhə doğurmur. Erməni siyasətçilər və hərbçilər özlərinə sərf edəndə Ermənistan ordusunu (bəzi hallarda onlar "DQR özünümüdafiə qüvvələri" kimi qondarma ifadələr də işlədirlər) Cənubi Qafqazda ən güclü ordu kimi təqdim edirlər.

Onların leksikonunda Azərbaycanın Mingəçevirə qədər ərazilərini işğal edə biləcəkləri həmişə yer alır. Sual olunur: Ermənistan ordusu bu qədər güclüdürsə, o silahları haradan və hansı vəsaitə alır? "Sülhsevər ölkə" ordusunu niyə bu dərəcədə inkişaf etdirməyə çalışır? Belə çıxır ki, rəsmi İrəvan yalan danışır – həm Azərbaycanla bağlı uydurma fikirlər söyləyir, onu qaralamaq istəyir, həm də özünün güclü hərbi qüvvələrə malik olduğuna başqalarını inandırmağa cəhd göstərir. Ancaq bu kimi primitiv məntiqə əsaslanan oyunların təsirsiz olduğunu anlamaq gərəkdir.

Buna görədir ki, hətta tələbələrin verdiyi suallara E.Nalbandyan doğru-dürüst cavab tapa bilməyib. Stokholm tədbirində bir neçə azərbaycanlı gənc erməni nazirin konkret məsələlər barədə fikrini bilmək istəyiblər. Məsələn, BMT-nin qəbul etdiyi 4 qətnaməyə İrəvanın əməl etməməsinin səbəblərini, Xocalı hadisələrinə onun münasibətini öyrənmək istəyən azərbaycanlı gənc fəallara nazirin cavabı yekunda belə olub: "Deyəsən, salonun 90 faizini azərbaycanlılar təşkil edir".

Bu, diplomat məntiqidirmi? Haqlı siyasətçi ciddi surətdə verilən sualları cavablayar və milliyyəti qabartmaz. E.Nalbandyan isə bu cür davrana bilməzdi, çünki o, ədalətli deyil, həqiqətdən qaçır!

Azərbaycan həmişə aydın və ədalətli mövqe tutub. Bakı beynəlxalq hüququn bütün müddəalarına hörmətlə yanaşır, onun çərçivəsindən kənara çıxmır. Bununla yanaşı, Azərbaycan torpaqlarını işğaldan azad etmək hüququnu da özündə saxlayır. Ordunun daim gücləndirilməsi də məhz buna xidmət edir.

Ermənistan diplomatiyası isə düşdüyü ağır vəziyyətdən xilas olmaq üçün səmərəsiz addımlar atmaqdadır. E.Nalbandyanın Stokholmda sülhpərvərlikdən danışması bunun əlamətidir. Rəsmi İrəvanın özünə haqq qazandırmaq üçün heç bir real arqumenti qalmayıb. Bu kontekstdə məsələnin başqa tərəfi də maraq doğurur.

Hiss olunur ki, İrəvan yaxın perspektivdə regionda dağıdıcı rol oynamağa çalışacaq. Onun konstruktiv mövqeyə gəlmək istəyi gözə çarpmır. İndi qlobal miqyasda geosiyasi vəziyyət o dərəcədə mürəkkəbdir ki, Cənub Qafqaz barıt çəlləyinə bənzəyir. Yaxın regionlarda müşahidə edilən proseslər bu cür proqnoz verməyə əsas yaradır.

Burada Ermənistana havadarlıq edənlərin də rolunu vurğulamaq məcburiyyətindəyik. Hələ də ermənilərə Qərbin müxtəlif təşkilatları milyonlarla yardım verir, onu yeri gəldi-gəlmədi müdafiə etməyə çalışırlar. Görünür, bunlar erməni siyasətçilərini çəkinmədən bütün tədbirlərdə ağ yalanlar danışmağa cəsarətləndirir. Lakin kimsə unutmamalıdır ki, uduzan bütövlükdə dünya olur. Yalan və böhtana dəstək verməyin özü böyük ədalətsizlik və haqsızlıqdır.

Azərbaycana gəldikdə isə, onu müstəqillik yolundan heç bir qərəzli münasibət döndərə bilməz. Ordu ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam hazırdır. Onun inkişafı üçün dövlət başçısı çox səmərəli addımlar atır. Erməni təcavüzkarlarına verilən layiqli cavablar da bunu təsdiq edir. Bəli, düşmən narahatdır. Müxtəlif bəhanələr uydurmaqdadır. Ancaq yaranmış vəziyyətdən yeganə düzgün çıxış yolu var – Ermənistanın hərbi qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır.

Newtimes.az

 





08.12.2014    çap et  çap et