525.Az

Azərbaycan səfiri ermənipərəst jurnalistə nə cavab verib?


 

Azərbaycan səfiri ermənipərəst jurnalistə nə cavab verib?<b style="color:red"></b>

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə ölkənin ən böyük KİV-i olan “Clarin” qəzetinin beynəlxalq siyasət bölümünün redaktoru Marselo Kantelmiyə cavab verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Media forum” saytına bildiriblər ki, Marselo Kantelmi ermənipərəst mövqeyi ilə tanınır və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərinə görə Azərbaycan hökuməti onu arzuolunmaz şəxs elan edib.

“Clarin” qəzetinə cavab məktubu göndərən səfir yazır ki, noyabrın 23-də Marselo Kantelminin dərc etdirdiyi məqalə qeyri-obyektivdir və Ermənistanın mövqeyini əks etdirir:
 
“Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və yeddi ətraf rayonla birlikdə Ermənistan tərəfindən işğal olunub, bu da ümumilikdə ölkəmin ərazisinin 20%-ni təşkil edir. 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir və beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymur.

Bu il oktyabrın 27-də Fransa prezidentinin təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində təşkil olunmuş görüşün ardınca böyük sülh sazişinin layihəsi üzərində iş aparmağa başlamaqdansa Ermənistan işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb, noyabrın 12-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistanın Mi-24 tipli iki helikopteri Azərbaycan qoşunlarının mövqelərini atəşə tutub və cavab atəşi ilə helikopterlərdən biri vurulub.

Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana təcavüzünün və Azərbaycanın suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb.

Çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdir ki, hakimiyyəti qəsb etmiş və ölkəsini müflisləşmə səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi hazırda müxalifətin geniş etirazlarını yatırmaq üçün diqqəti münaqişə zonasına yönəltməyə çalışır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. Ermənistan Azərbaycanla sülhə tələsməli və ilk addım kimi öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

 





08.12.2014    çap et  çap et