525.Az

Masallıda müasir tipli xəstəxanalar istifadəyə verilib


 

MİLLƏT VƏKİLİ ELMİRA AXUNDOVA AÇILIŞ MƏRASİMLƏRİNDƏ İŞTİRAK EDİB

Masallıda müasir tipli xəstəxanalar istifadəyə verilib<b style="color:red"></b>

Əvvəllər gözün eksimer-lazer korreksiyası, qlaukoma kimi çətin əməliyyatların bölgə klinikalarında həyata keçirilməsini təsəvvür etmək çox çətin idi. Ancaq hal-hazırda bu proseslər dövrümüzün reallığına çevrilib.

Artıq göz əməliyyatları Zərifə Əliyeva adına klinik xəstəxananın Masallı filialında uğurla həyata keçirilir.

Rayonda aparılan abadlıq və yenidənqurma tədbirləri nəticəsində daha iki kənd xəstəxanası təmir olunaraq əhalinin istifadəsinə verilib. Müasir standartlara cavab verən Boradigah və Kalinovka xəstəxanaları xəstələrin profilaktikası və müalicəsi üçün lazımi avadanlıqlarla tam təchiz olunub. Xəstəxanaların açılışında Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov və 71 saylı seçki dairəsindən deputat seçilmiş millət vəkili Elmira Axundova iştirak edib.

Xəstəxanaların təmiri və təchizatı üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini deyən E.Axundova tibb müəssisələrin vəziyyətindən razı olduğunu bildirib. Onun sözlərinə görə, ən yeni avadanlıqlarla təchiz olunan müasir otaqlar, uzi və rentgen aparatları, analizlərin keçirilməsi üçün laboratoriya, doğuş şöbəsi üçün avadanlıqlar kənd əhalisinə yüksək səviyyədə xidmət göstərilməsinə imkan verəcək: "Bundan sonra nə rayon mərkəzinə, nə də Bakıya getməyə ehtiyac var. İndi ən vacib məsələ kənd həkimlərinin ixtisas səviyyəsinin artırılması, onların təcrübəsini yeni bilik və bacarıqlarla zənginləşdirməkdir. Digər sahələrdə olduğu kimi səhiyyədə də müşahidə olunan bütün müsbət dəyişikliklər ölkə rəhbərliyinin sosial yönümlü siyasətinin nəticəsidir. Bu da heç şübhəsiz əhalinin həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb".

Səhiyyə Nazirliyinin ixtisasartırma kursları təşkil edərək region həkimlərini Bakıya və xaricə oxumağa göndərdiyini deyən Tibbi yardımın təşkili şöbəsinin müdiri G.Poladov yerli tibb işçilərini kəndlilərin bu xəstəxanalarda müalicə olunması üçün onların etibarını qazanmalı olduqlarını bildirib. O, qeyd edib ki, bunun üçün Bakıdan mütəxəssislər də dəvət edə bilərlər.

Hal-hazırda Masallı şəhərindəki Mərkəzi Klinik Xəstəxananın da təmir və təchizat məsələləri yekunlaşmaq üzrədir. Onun açılışından sonra masallılar üçün göstərilən xidmətin dairəsi əhəmiyyəli dərəcədə genişlənəcək. Onu demək kifayətdir ki, xəstəxanada böyrək çatışmazlığından əziyyət çəkənlər üçün Dializ mərkəzi açılacaq ki, bundan sonra xəstələr Lənkəran və Cəlilabada getməli olmayacaqlar. Hal-hazırda Masallıdan bir neçə həkim Türkiyəyə təlim keçməyə göndərilib.

E.Axundova rayonda olduğu müddətdə seçiciləri ilə 2014-cü ilin yekunlarına dair hesabat xarakterli görüş də keçirib. Boradigah qəsəbəsinin bələdiyyə binasında baş tutan görüşdə 130-dan çox vətəndaş iştirak edib. Hər il olduğu kimi bu il də millət vəkili cari il ərzində fəaliyyəti barədə geniş hesabatla əhali qarşısında çıxış edib. O, bildirib ki, millət vəkilinin gördüyü işlərlə tanış olmaq hər bir seçicinin hüququdur. Milli Məclisin 2013-2014-cü illər ərzindəki fəaliyyətindən, orada qaldırılan məsələlərdən, qəbul olunan qanunlardan, qərar və bəyanatlardan söz açan E.Axundova yaz sessiyasında Ailə Məcəlləsinə tibbi arayışla bağlı əlavənin edilməsini seçicilərin nəzərinə çatdıraraq qeyd edib ki, yeni ailə quran gənclər tibbi yoxlanışın nəticələrini bir-birindən gizlətməməlidirlər: "Ruhi xəstəlik, talassemiya, hemofiliya kimi ağır genetik xəstəliklərin sayı kifayət qədərdir. Yeni qanun əlavəsi bu xəstəliklərin qarşısını almaq üçün imkanlar yaradır".

Daha sonra Elmira Axundova 17-19 noyabr tarixində keçirilən büdcə dinləmələri və 2015-ci ilin büdcə proqnozu haqqında seçicilərə ətraflı məlumat verərək qeyd edib ki, Ukrayna və Yaxın Şərqdə xoşagəlməz hadisələrin baş verməsi, neftin qiymətinin aşağı düşməsi, dünyanın nəhəng dövlətlərinin iqtisadiyyatında böhranın yaşanması fonunda Azərbaycan manatının məzənnəsinin stabil qalması böyük nailiyyətdir: "Bir çox dünya dövlətlərində büdcə xərcləri azaldılır, pensiyalar dondurulur. Bizdə isə pensiya islahatları davam etməkdədir. Həmçinin bir çox sahələr üzrə həm gəlirlər, həm də xərclər artırılır. Müdafiə, elm, təhsil, səhiyyə, sosial və digər sahələr üzrə xərclərdə artım müşahidə olunur. Millət vəkili bildirib ki, bütün bunlar dövlət və onun rəhbəri İlham Əliyevin həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsidir.

Ceyhun ABASOV

 





09.12.2014    çap et  çap et