525.Az

Azərbaycanlı Qələndər Bayramlı Ermənistana yürüş edəcək


 

Azərbaycanlı Qələndər Bayramlı Ermənistana yürüş edəcək<b style="color:red"></b>

Bu ilin may ayında Xocalı soyqırımına diqqət çəkmək məqsədi ilə Ankaradan Azərbaycana piyada yürüş edən azərbaycanlı Qələndər Bayramlı bu dəfə Ermənistana gedəcək. 
 
APA-nın “İhlas” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, ermənilərdən qorxmadığını deyən Q. Bayramlı torpaqlar geri qaytarılana kimi yürüşlərini davam edəcəyini deyib.
 
Xocalı soyqırımının törədildiyi 25 fevraldan 26 fevrala keçən gecə İrəvanda olmaq üçün bu gün yola çıxan Q. Bayramlı gündə 15-20 km yol qət etməyi planlaşdırdığını deyib.
 
O, həmçinin Ermənistanda problemlə qarşılaşacağını da istisna etməyib: “Ölüm hər kəsə yaxındır. Mənə də yaxın olsun, problem deyil. Məqsədimə çatdıqdan sonra ölüb-ölməməyin mənim üçün fərqi yoxdur. 59 yaşındayam, ölənə qədər bu yolları yürüyəcəyəm”.
 
Q. Bayramlı ölümünün böyük rezonans yaradacağını da qeyd edib: “Başıma bir iş gələrsə, məni Azərbaycan torpaqlarında dəfn etsinlər. Mən həmişə deyirəm, ermənilər hər zaman silahsız insanları öldürürlər. Məni də öldürsələr, bunu sübut etmiş olacaqlar”.
 
Ermənistandakı qondarma “soyqırımı” abidəsinin qarşısında soyqırımının azərbaycanlılara qarşı törədildiyini bəyan edəcəyini deyən Qələndər Bayramlı Ermənistanda heç bir dövlət rəsmisi ilə görüşməyəcəyini də vurğulayıb.
 
Qələndər Bayramlının 2 övladı, 3 nəvəsi var. O, Azərbaycanı çox sevdiyi üçün övladlarına Azər və Baycan, nəvəsinə isə Gəncə adını verib.

 





21.11.2012    çap et  çap et