525.Az

Sağ ol, Azərbaycan əsgəri!


 

Sağ ol, Azərbaycan əsgəri!<b style="color:red"></b>

Dostluq kəlməsinin yozumu çoxdu. Bu kəlmənin qarşılıqlı ehtiram, təmənnasızlıq, qəlb, könül yaxınlığı (bəlkə də eyniliyi!) çalarları da var. "Dostunu göstər, kim olduğunu deyim", - ifadəsi bu qəbil yozumları nə qədər məntiqli ümumiləşdirir!..

Atam Böyük Vətən Müharibəsi iştirakçısıydı. Alman-faşist işğalçılarına qarşı Krım partizanları sırasında da döyüşmüşdü. Neçə təltifi vardı.

1980-ci ildə bir məktub almışdıq. Göyçayın Bığır kəndindən. Krımda atamın komandiri olmuş Sahib Hacıyevdən. 34 ildən sonra ilk təmas! Hələlik məktub vasitəsilə! Atam necə sevinmişdi, İlahi!

O gecə atam eşitdiyim, eşitmədiyim xatirələrini bir də çözələdi. Kövrələ-kövrələ. Ağrılı günlər öz yeyində, ötənlərin unudulmazlığı məni varımdan yox eləmişdi. Atamın od-alov içində keçən gəncliyinə ağrısam da onun döyüş yolundan, eyni səngərdə keçən ayların, illərin unudulmazlığından, ağrı-acıların, sıxılcımların məngənəsindən sıyrılıb çıxanların dostluğundan qürurlanmışdım...

Atamla Sahib əminin görüşünü təsvir eləməyə gücüm çatmır; qoşa qolları bir-birinin kürəyində çarpazlaşmışdı...

Hərbi xidmət illərində (müharibə də hərbi xidmətdir!) yaranan dostluq yaşarı dostluqdu. Bu dostluq mənəviyyatın bir parçasına çevrildiyindən son nəfəsdən sonra da unudulmayan, yaşadılan dostluqdu. Zaman-zaman belə olub. Belədir. Belə də olacaq. Silahlı Qüvvələrimizin hərbi qulluqçularının, bu sıradan əsgərlərinin dünya duyumu belə münasibəti nə qədər gözəl yaşadır!..

Əlahiddə Ümumqoşun Ordusunda (Naxçıvan) dostluq münasibətlərin yaranması, dərinləşməsi, milli mentalitetin tərkib hissəsinə çevrilməsi adamın ürəyini dağa döndərir: əslən Naxçıvandan olan əsgər qısamüddətli məzuniyyətə gedəndə başqa rayonlardan olan bir əsgəri də özü ilə evlərinə aparır. Qonaq kimi. Bu, qardaşlaşma, dostlaşma üçün ehtiramla əhatələnmənin təcəssümüdü.

Beyləqanda eşitdiyim bir hadisə düşür yadıma:

Samir döyüş növbəsindən təzəcə qayıdıbmış. İlqarın duruşundan, bu duruşdan gümanladıqlarından ürəyinə daman damır; sən demə, İlqar döyüş növbəsinə getmə ərəfəsində xəstələnibmiş. Qürurlu əsgər olduğundan bu haqda heç kimə heş nə demirmiş. Samir komandirə müraciət edir:

- İlqarın əvəzinə döyüş növbəsinə getməyimə icazə verin...

Namiq Pənahov hərbi xidmətdən təzəlikcə tərxis olunmuşdu. Dövlət müəssisəsində işləyirdi. İşdə də, evdə də narahat anlar yaşadığı heç kimin diqqətindən yayınmırdı. Ancaq heç kim bunun nədən yana olduğunu çözməyi özünə də, Namiqə də rəva görmürdü. Və... eşidirlər ki, Namiq xidmət elədiyi hərbi hissəyə gedib. Xidmət illərində dostlaşdığı əsgərlərin görüşünə. Tərxis olunduqdan sonra keçən bir ay il qədər uzun gəlirmiş Namiqə. Komandirləri bu görüşdən qədərindən də çox duyğulanıb...

Tovuzda ezamiyyətdə olanda kövrək bir hadisə eşitdim;

Səmədin qədərsiz narahatlığı Vasifin diqqətindən yayınmır. Nə olduğunu soruşur. Düz-əməlli cavab ala bilmir. Təkid edir. Əl çəkmir. Məlum olur ki, Səmədin atası Bakıda əməliyyat olunub, klinikadadır. Vasif atasının yanına getmək istəyir, hərbi xidmətdə olması buna imkan vermir...

Səhərisi Səmədi telefona çağırırlar. Komandirin əmriylə. Səməd atası ilə danışır. Sonra biliblər ki, Vasifin atası xəstəni yoluxmağa gedib. Bu danışığı da o təşkil eləyib. Oğlunun dostuna, dostluğa münasibətinə ehtiram kimi...

Oğluna şəhid olmuş dostunun adını qoyanlar da çoxdu, şəhid olmuş dostunun balasının nişanının, toyunun cəfasını çəkənlər də.

Silahlı Qüvvələrimizdə aparılan islahatlar öz təsirini göstərməkdədi. Həqiqətən, Ordumuz Cənubi Qafqazda ən güclü ordudu. Onun döyüş qabiliyyəti avqust hadisələrində də öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təmas xətti boyunca əsgər və zabitlərimizlə görüşməsi, söhbət eləməsi, onlara dəyərli məsləhətlər verməsi ordumuzda mənəvi-psixoloji hazırlığın da səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldib. Əsgərlərimiz Vətəni sevdikləri səviyyədə, dostluq münasibətlərini də dəyərləndirir, dostluğu bu hazırlığın vacib tərkib hissəsi bilir.

Azərbaycan əsgəri torpaqlarımızı da qoruyur, milli-mentalitetimizin də cəfakeşidi; dostuna, dostluğa sədaqətli əsgərin Vətəni həqiqətən göz bəbəyi kimi qoruyacağına inanmamaq insafsızlıqdı.

Azərbaycan əsgəri dostluğu ömrünün yaşantılarının göyqurşağı bilir. Qələbəyə aparacaq yolumuzun göylərində aydınlığıyla görünən bu göyqurşağı hər birimizə könül xoşluğudu. Torpağı qoruduğuna, bu könül xoşluğuna görə çox sağ ol, Azərbaycan əsgəri! Çox sağ ol!..

 





11.12.2014    çap et  çap et