525.Az

“Hakimiyyətin prezidentliyə vahid namizədi var”


 

 “Hakimiyyətin prezidentliyə vahid namizədi var”<b style="color:red"></b>

“Azərbaycan hakimiyyətinin qarşıdan gələn 2013-cü il prezident seçkiləri ilə bağlı vahid namizədi var. Bu, indiki ölkə prezidenti İlham Əliyevdir”.

Bunu “525”-ə açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov müxalifət düşərgəsində və müxalif mediada 2013-cü il seçkiləri ilə bağlı hakimiyyət daxilində təlatümlərin yaşanması, namizəd probleminin olması yönündə səslənən iddialara münasibətini bildirərkən dilə gətirib.

SAM direktorunun dediyinə görə, hakimiyyətin vahid namizəd məsələsini şərtləndirən başlıca amillərdən biri, cəmiyyətin, ölkə əhalisinin böyük əksəriyyətinin ölkə prezidenti İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməsidir: “Bu gün insanların tam, böyük əksəriyyəti indiki iqtidarın və ölkə prezidenti İlham Əliyevin siyasətini təqdir edir, ona dəstək verir. Qarşı tərəfə gəlincə isə burada dağınıq və səpələnmiş, bir-biri ilə qarşılıqlı zidiyyətlərdə olan müxalifət partiyaları və onların ambisiyalı, iddialı prezidentliyə namizədləri var.
Belə olan halda, müxalifətin hansı uğur qazanmasını ehtimal etmək olar? Ümumiyyətlə, müxalifət Azərbaycanın inkişafına yönəlik kreativ təkliflər verməkdənsə, tamam başqa yöndə fəaliyyət göstərir. Onlar iqtidarın siyasətini heç bir əsas olmadan sadəcə, tənqid etməklə, mətbuat səhifələrində həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə məşğul olurlar. Əgər müxalifətin və onun nəzarətində olan medianın istər bu məsələlərlə bağlı, istərsə də 2013-cü il seçkiləri ilə əlaqədar yazdıqlarına, səsləndirdiklərinə inansaydıq Azərbaycanda vəziyyət çoxdan böhran həddində olmalı idi. Ancaq özünüz də gördüyünüz kimi Azərbaycanda bunun əksi yaşanmaqdadır. Ölkədə güclü inkişaf prosesi getməkdədir. Bununla belə, bu cür fikirlərə 1993-cü ildən bu yana keçirilən bütün seçkilər ərəfəsində rast gəlmək olar. Müxalifətin və onun nəzarətində olan medianın başlıqları, bəyanatları dəyişmir. Sanki hər seçkidə eyni şəkildə ortaya atılır. Bu dəfə də məhz belədir. Ancaq qeyd etməliyəm ki, müxalifətin cəhdləri heç bir nəticə vermir. Onlar hər seçkidə məğlubiyyətə uğrayırlar və hər seçkidən-seçkiyə daha zəif duruma düşürlər. Növbəti seçkilərdə də belə olacaq, müxalifət yenə ciddi uğursuzluqdan yayına bilməyəcək”.

Kamil Həmzəoğlu

 





21.11.2012    çap et  çap et