525.Az

Professorun Açıq dərsi...


 

Professorun Açıq dərsi...<b style="color:red"></b>

Ötən il dekabr ayının əvvəllərində, hələ tələbəlik illərindən qrupumuzda (612-ci qrup) "ağsaqqal" adlandırdığımız Əlipənah Bayramov mənə zəng vurub dedi ki, dekabrın 14-də saat 12:00-da 40 illik münasibətilə toplaşacağıq. Və sonra da əlavə etdi ki, bu görüş fərqli bir görüş olacaq. Doğrusu, nə qədər fikirləşsəm də, "fərqli" sözünün mənasını aydınlaşdıra bilmədim. Gözləməkdən başqa çarəm qalmırdı.

Nəhayət, görüşə bir gün qalmış "fərqli" sözünün "sirri" açıldı. Məlum oldu ki, bu tədbirə hörmətli MÜƏLLİMİMİZ professor Şirməmməd Hüseynov və onun həyat yoldaşı, uzun illər - 50 ilə yaxın bir dövrdə "Elm və həyat" jurnalının siması kimi tanınmış Ülkər xanım Hüseynovanı da dəvət ediblər. Havaların belə soyuq vaxtında onların gələcəklərinə inanmadım. Amma deyilən saatda onların hər ikisinin gəlişi sözün həqiqi mənasında hamını heyrətləndirdi...

Fəxri Xiyabanın qarşısında baş tutan görüşümüz həmişəki kimi milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qəbrini ziyarətlə başladı və onun abidəsi önünə gül dəstəsi qoyub, xatirə şəkli çəkdirdik.

Fəxri Xiyabanda hansı qəbrin yanından keçirdiksə, Şirməmməd müəllim həmin insan haqqında bəlkə də heç yerdə eşitmədiyimiz əhvalatlar barəsində elə dəqiqliklə və konkret faktlarla söhbət açırdı ki, sanki bu hadisələr dünən baş vermişdi... Fəxri Xiyabandan çıxandan sonra söhbətimizi davam etdirmək məqsədilə, əvvəlcədən müəyyənləşdirilmiş ünvana (yoldaşlarımızdan 2-3 nəfəri orada bizi gözləyirdi) yollandıq.

Adətən, bütün məclislərdə yaşca böyük və hörmətli insanların məclisin yuxarı başında oturmağına gözümüz alışdığına görə, bu dəfə gördüyümüz fərqli mənzərə - hər yerdə orijinal hərəkətlərilə seçilən Şirməmməd müəllimin keçib yan tərəfdə əyləşməsi - hamını təəccübləndirsə də, onun özünəməxsus yumorla "oturmaq üçün yer seçməyi pişikdən öyrənmək lazımdır, bilirsiz də, pişik haranı çox sevir, əlbəttə, isti yeri", - deməyilə yaranmış gərginliyi aradan götürdü. Maraqlı xatirələr və aktual mövzulu söhbətlər bir-birinə calandıqca, vaxtın necə keçdiyi hiss olunmurdu. Hər kəs sözə Şirməmməd müəllimlə əlaqədar əhvalatlarla başlasa da, təbiidir ki, həmin çıxış mütləq Müəllimimizin əlavələrilə bitirdi. Əslində elə hamının gözlədiyi də bu söhbətlər idi. Başqa vaxtlarda bir-birinə söz ataraq, məclisi qızışdırmaq istəyən "saqqallı uşaqlar" bu gün yalnız qulaq asmağa üstünlük vermişdilər. Hamının diqqəti yalnız bir səmtə yönəlmişdi. 40 il əvvəl "Xarici ölkələrin mətbuat tarixi"ndən dərs deyən və həmin "dərs"ləri dolayı yollarla Azərbaycanla əlaqələndirən, boş hay-küydən, sözçülükdən qaçan, qarşısındakı insanın milli qeyrət hissini gücləndirməyə çalışan canlı əfsanə, ensiklopedik bilik sahibi ilə üzbəüz əyləşməkdən hər kəs qürur duyurdu.

Tədbirdə iştirak edən məzunlar - Əlipənah Bayramov ("Xalq" qəzeti), Əli Şamil (AMEA), Əzizə Şamil (AHİK), İsrafil Qurbanov (Azərbaycan Respublikası Prezidenti Administrasiyası), Elmira Qurbanova (müstəqil jurnalist), Hidayət Elvüsal (müstəqil jurnalist), Akif Cabbarlı (İctimai Televiziya), Əfruz Fərzəliyeva (Xəzər Universiteti), Maral Poladova ("Elm və həyat" jurnalı), Rəhim Hüseynli (Azərbaycan Mətbuat Şurası), Rasim Amanov ("Respublika" qəzeti), Miri Rəhimov ("Qəbələ" qəzeti), Asəf Məhərrəmov (müstəqil jurnalist) - 40 ildən sonra özlərini həqiqətən auditoriyada hiss edirmişlər kimi, çox ehtiyatla Müəllimi dinləməkdən zövq alırdılar. Sonda qonaqlar - Qənimət Səfərov, Nigar Məhərrəmova, Tahir Aydınoğlu da bu yaddaqalan görüşdən məmnun olduqlarını bildirdilər.

...Axşam saat 5-i ötsə də, heç kəs məclisin bitməsini istəmirdi. Şirməmməd müəllimin də bu tədbirdən razı qaldığı aydınca hiss olunurdu. Amma Ülkər xanımın narahatçılığını (axı, o, Şirməmməd müəllimi təkcə həyat yoldaşı kimi deyil, həm də xalqın, millətin milli sərvəti kimi qoruyur və körpə uşaq kimi qayğısını çəkir) görəndə, məclisi yekunlaşdırmaq qərarına gəldik. Saat 6-da burada başqa bir tədbirin olacağını bəhanə gətirərək, fəxri qonaqlarımızı yola salmaq üçün qalxmalı olduq.

Bu yazıda özümdən asılı olmayaraq Müəllimimiz sözünü böyük hərflə yazmağım professor Şirməmməd Hüseynovun 60 illik pedaqoji fəaliyyəti dövründə qazandığı ilk və mən deyərdim ki, layiq olduğu ən qiymətli Mükafatıdır. Çünki o, 1954-cü ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspiranturasını bitirib, "1917-1918-ci illərdə Azərbaycan mətbuatı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib alimlik dərəcəsi aldıqdan sonra, işləmək üçün Moskvada qalmaq təklifi alsa da, vətəni Azərbaycana qayıtdı və elm öyrətmək, milli kadrlar yetişdirmək üçün öz xalqının övladlarını seçdi.

Azərbaycanda jurnalistika təhsilinin formalaşması və inkişafı da məhz onun əvəzsiz xidmətlərinin nəticəsidir. 60 il əvvəl ilk elmlər namizədi yalnız özü olduğu Jurnalistika fakültəsində indi çalışan müəllimlərin - elmlər doktoru, professor və dosentlərin hər birisi onun tələbəsi olub.

1969-cu ilədək Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən jurnalistika şöbəsinin fakültəyə çevrilməsi də onun əməyinin bəhrəsidir. O vaxtdan 1976-cı ilədək həm də fakültəmizin dekanı olan və qəbul imtahanları zamanı qəbul komissiyasında məsul vəzifə daşıyan Şirməmməd müəllim fakültəyə yalnız istedadlıların qəbul olunması naminə, bir çox təzyiqləri dəf etməyi bacarmışdı. Bu mübarizədə ona xarakterindəki düzlük, obyektivlik, milli qeyrət, zəhmətkeşlik və digər müsbət keyfiyyətləri yardımçı olub.

Sağollaşarkən, Şirməmməd müəllimin - "Sizin aranızda özümü tələbə dostlarımla bir yerdə, öz çevrəmdə olduğu kimi hiss etdim", - deməsi hər birimizə sözün həqiqi mənasında ləzzət elədi. Bu ləzzəti isə yalnız o görüşdə iştirak edənlər hiss etdilər...

Görüşdən bir gün sonra qəzetlərdə çıxan informasiya belə adlanırdı. "Professor Şirməmməd Hüseynov 40 il əvvəlki məzunlara "açıq dərs" keçdi".

O görüşdən bir il keçib. Şükürlər olsun ki, Şirməmməd müəllim indi sağ-salamatdır. Öz işlərini davam etdirməklə bərabər, hər həftənin 4-cü günü saat 19:00-da ANS televiziyasının hazırladığı "İstiqlal Ş.Hüseynovla" silsilə verilişilə tamaşaçıların görüşünə gəlir. (Azərbaycan dinləyici və tamaşaçıları onu elə 60-cı illərdən başlayaraq, beynəlxalq hadisələrin mahir şərhçisi kimi tanıyırlar).

Vaxtilə ondan öyrənə bilmədiklərimizi - tariximizin açılmamış səhifələrini indi çoxmilyonlu tamaşaçılar qarşısında açıqlamaqdan özü də zövq alır. Necə ki,  H.B.Zərdabi 1905-ci ildə "Həyat" qəzetində çap olunmuş "Rusiyadakı əvvəlinci türk qəzetəsi" məqaləsində yazırdı:

"...Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir.

Habelə söz də, ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib, onun beyninə əsər edər..."

Şirməmməd müəllimi 1968-ci ildən tanısam da, 1983-cü ildə "Elm və həyat" jurnalında işə başlayandan sonra, Ülkər xanımla tanış olmağım və bu tanışlığın dostluğa çevrilməsi məni onların ailəsinə yaxınlaşdırdığı kimi, onları da mənə doğmalaşdırdı. Demək olar ki, o ailədə baş verən ən yaxşı hadisələrin birinci iştirakçısı olmaq həmkarım Mehparə ilə mənə nəsib olub. Onların övladlarının hər bir uğurlarına biz də doğmaları qədər sevinmişik. Ən çətin anlarımızda Ülkər xanımın, bəzən isə Şirməmməd müəllimin məsləhətləri rastlaşdığımız problemləri həll etməkdə ilk yardımçımız və bələdçimiz olub.    

Amma etiraf edim ki, bütün bu isti münasibətlərə baxmayaraq, başqa həmkarlarım kimi mən də Şirməmməd müəllimi görəndə, qarşısında özümü şagird kimi hiss edirəm. Bu, Müəllimimizin öz hərəkətlərilə qazandığı hörmətin tərkib hissəsidir.

Bu sətirləri yazarkən, yadıma bir neçə il bundan əvvəl başımıza gələn kiçik bir əhvalat düşdü. "Elm və həyat"ın təzə nömrəsi çapdan çıxan kimi, Ülkər xanım jurnaldan bir nüsxə evə aparmışdı. Həmin gecə nə isə yuxuda Şirməmməd müəllimi çox acıqlı və qanıqara gördüm. Və səhər işdə öz narahatçılığımı Ülkər xanıma bildirəndə, onun hərəkətindən hiss etdim ki, nəsə baş verib. O isə özünəməxsus ehtiyatlılıqla qayıdıb dedi ki, kaş jurnalı evə aparmayaydım. Mənim qorxu və həyəcanımı duyan Ülkər xanım, tez ürək-dirək verməyə başladı:

- Yaxşı, qorxma, gəl bir forma tapıb səhvimizi düzəldək, - dedi. Nə baş verdiyini isə belə izah etdi:

- Bilirsən, evə gedən kimi jurnalı stolun üstünə qoymuşdum. Qəfildən Şirməmməd məni çağırıb əlini bu şəklin üstünə qoyub soruşdu:

- Ülkər, Salman Mümtaz Sosialist Əməyi Qəhrəmanı olub?

Şəklə baxanda, Salman Mümtazın şəklinin əvəzinə, məşhur neftçi Fərman Salmanovun şəklini görüb, pərt oldum...

Deməli, Ensiklopediyadan şəklin surətini çıxaran işçimiz şəkilləri səhv salıb və biz də diqqətsizlik etmişdik.

O hadisədən sonra Ülkər xanım jurnalın yeni sayı çıxanda, zarafatla həmin hadisəni yadımıza salırdı...

...1996-cı il noyabrın 27-də Şirməmməd müəllim ayağında problem olduğuna görə xəstəxanada yatırdı və təbii ki, Ülkər xanım da yanında qalırdı. Mehparə ilə şərtləşmişdik ki, xəstəxanada görüşək və onlara baş çəkək. Doğrusu, biz palataya keçməyə cürət etmədik. Elə dəhlizdə Ülkər xanımla görüşüb ayrılmaq istəyəndə, dedi ki, müəlliminiz sizi çağırır. Cəsarətlənib içəri keçdik. Salamlaşdıqdan sonra Şirməmməd müəllim xəstəliyindən yox, tamamilə başqa mövzulardan danışmağa başladı. Ülkər xanım ona deyəndə ki, xəbərin var, Maral bu gün nənə olub, o sakitcə gülümsəyib dedi:

- "Bilirsiz, bir gün qolu güclü, sağlam görünüşlü bir gənc, tamamilə əldən düşmüş bir qocaya yaxınlaşıb sual verir ki, ey qoca, bu qədər yaşayıb həyatın bütün üzünü görmüsən. De görüm, cavanlıq yaxşıdır, yoxsa qocalıq? Qoca heç fikirləşmədən cavab verir, deyir ki, əlbəttə, qocalıq!

Gözlədiyi cavabı eşitməyən gənc

hirslə deyir:

- Qocalıq necə yaxşı ola bilər, bax gör mən necə güclüyəm, sən isə...

Qoca deyir:

- Mən cavanlığı görmüşəm, sən isə hələ bilmirsən ki, onu görəcəksən, ya yox!"

Bu sətirləri yazarkən, yadıma qəribə bir əhvalat da düşdü. 3 il bundan əvvəl jurnalın 50 illik yubileyi ərəfəsində Mətbuat Şurasına gedib Əflatun müəllimlə görüşməliydik. Ülkər xanım redaksiyadan zəng vurub Əflatun müəllimlə danışanda dedi ki, bir məsələ var, ona görə bizim qızlar sizin yanınıza gələcəklər.

Biz Mətbuat Şurasının yerləşdiyi binaya daxil olub, 2-ci mərtəbəyə qalxıb, köməkçisindən Əflatun Amaşovu soruşduq və "yerindədir" cavabından sonra, kabinetində onunla görüşəndə, Əflatun müəllimin nədənsə nigarançılığını hiss etdik. O bizimlə söhbət etsə də, hiss olunurdu ki, fikri başqa yerdədir. Kimisə gözlədiyi aydınca hiss olunurdu. Nəhayət, özünü saxlaya bilməyib soruşdu ki, Ülkər xanım necədir? "Yaxşıdır, elə sizə işdən zəng vurmuşdu" sözlərini eşidəndə, sanki onun üzü işıqlandı və gülə-gülə dedi: - mən də bayaqdan fikirləşirəm ki, görəsən nə hadisə baş verib, deməli, Ülkər xanım "bizim qızlar" deyəndə, sizi nəzərdə tuturmuş, - deyib, sanki ağır bir yükdən xilas oldu...

O gündən sonra Əflatun müəllim harada bizimlə rastlaşırsa, zarafatla "qızlar" deyə müraciət edir və o əhvalatı xatırlayır...

Mən özümü Şirməmməd müəllimin bəxti gətirən tələbələrindən hesab edirəm. Ona görə ki, onun 80 və 85 illik yubiley tədbirlərində iştirak edə bilmişəm və onun 80 illik yubileyi münasibətilə yazdığım "Göz gördüyünə inanar" adlı məqaləmi onun 2007-ci ildə çapdan çıxan "Mətbu irsimizdən səhifələr" kitabında görəndə fikirləşdim ki, o, həm də çox diqqətli və qədirbilən insandır.

Sonda qrupumuzun (612-ci qrup) məzunları adından deyirəm: Var olun MÜƏLLİM, nə yaxşı ki, Siz varsınız!

90 YAŞINIZ MÜBARƏK!

 





12.12.2014    çap et  çap et