525.Az

Müasir İncəsənət Muzeyində Səbinə Şıxlinskayanın “İllüziyalar”ı sərgilənir


 

Müasir İncəsənət Muzeyində Səbinə Şıxlinskayanın “İllüziyalar”ı sərgilənir<b style="color:red"></b>

Bakı Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Səbinə Şıxlinskayanın işıq və video installyasiyalarından ibarət “İllüziyalar” adlı fərdi sərgisinin açılışı olub.

Bakı Müasir İncəsənət Muzeyinin kuratorial direktoru, “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova tədbiri açaraq toplaşanlara minnətdarlığını bildirib və Səbinə Şıxlinskayanın yaradıcılığından söhbət açıb. A.Mahmudova qeyd edib ki, S.Şıxlinskaya Azərbaycanın ən istedadlı rəssamlarından biridir, uzun illərdir ki, müasir konseptual və multimedia sənəti sahəsində işləyir.

Muzeyin kuratorial direktoru bildirib ki, Səbinə Şıxlinskayanın işləri dünyanın bir çox ölkələrinin özəl və muzey kolleksiyalarında nümayiş etdirilir və saxlanılır.

Səbinə Şıxlinskaya çıxışında Aida Mahmudovaya, muzeyin əməkdaşlarına və “İllüziyalar” sərgisinin təşkilinə kömək göstərənlərə təşəkkür edib. Rəssam layihənin uğur qazanacağına əmin olduğunu bildirib.

“İllüziyalar” sərgi layihəsi müasir cəmiyyət nümayəndələrinin əksəriyyətinin ən geniş yayılmış arzu və istəklərini alleqorik formada əks etdirən yeddi işıq və video installyasiyasından ibarətdir: “Hakimiyyət”, “Şöhrət”, “Azadlıq”, “Seçim”, “Xoşbəxtlik”, “Üfüqlər”, “Təbiət”.

Sərginin konsepsiyasının əsasını insanın mənəvi dünyası məsələlərini və insanla cəmiyyət arasında qarşılıqlı münasibətlərin müxtəlif cəhətlərini araşdıran məşhur fəlsəfi dilemması üzərində rəssamın düşüncələri təşkil edir.

Psixoanalitik və filosof-freydomarksist Erix Fromm əsərində yazır ki, sənaye dövrü başlayanda bəşəriyyətin hədsiz xoşbəxtlik və azadlıq, maddi bolluq və təbiət üzərində hökmranlıq istəkləri maksimum həddinə çatıb. Güman edilirdi ki, qeyri-məhdud istehsal qeyri-məhdud istehlaka səbəb olacaq. Amma bütün bunlar yalnız müasir cəmiyyətin materialist cəmiyyət olmasına gətirib çıxardı. İndi cəmiyyət sadəcə “olmağı” deyil, “sahib olmağı” üstün tutur.

Neon rəssam tərəfindən müasir reklam sahəsində geniş tətbiq olunan, öz işıq və rəng effektləri ilə istehlakçını cəlb edən bir material kimi seçilib. “İllüziyalar” layihəsində müasir cəmiyyətdə maddiyyat səylərinin cazibədarlığına və populyarlığına tənqidi və bəzən ironik rakursdan bədii nəzər salmaq vəzifəsi qarşıya qoyulduğundan neon material kimi təqdim olunan kompozisiyaların vizual və məna “İllüziya”sına tam uyğun olduğunu təsdiqləyib.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, KİV-lərin nümayəndələri iştirak ediblər.

Sərgi 2015-ci il yanvarın 2-dək davam edəcək.

S.ABDULLAYEVA

 





13.12.2014    çap et  çap et